Diqqət, 103 gəlir!

Təcili yardım maşınlarına hamı yol verməlidir




Paytaxtın tıxac problemi həllini tapmır. Bu qədər yeni körpülərin, yol qovşaqlarının salınması, yeraltı-yerüstü keçidlərin inşası, yolların genişləndirilməsinə rəğmən tıxacın "kökü kəsilmir”. Adi halda, gündəlik həyatda tıxaca düşüb səbr etmək hər halda mümkündü. Uzaqbaşı, vaxtın hədər gedəcək, hərçənd dünyada vaxtdan - zamandan dəyərli heç nə olmadığı bildirilir, biz Azərbaycan insanı üçün bu kriteriya "keçərsizdir”.

Biz vaxtımızı öldürməyi hətta sevirik də. Amma iş insan həyatı, yəni əsl ölüm-dirim savaşına gəlib çatanda, tıxac artıq əcəl zəngi rolunda çıxış edir. Bir neçə gün əvvəl tıxacda ilişib qalmış "Ambulans”ın içində hamilə qadın varmış. Qadının doğuş sancıları başlayıb və onu təcili yardım maşını ilə xəstəxanaya aparmalı olublar. Təcili yardım maşını isə "Koroğlu” metrostansiyasının yaxınlığında tıxaca düşüb və nə az, nə çox, tam da 40 dəqiqə yerindən tərpənə bilməyib. Hamilə qadın nəhayət yaxınlıqdakı 7 saylı Doğum evinə çatdırılanda, həkimlər "bir az da gec gəlsəydi, faciə ola bilərdi” deyiblər. Bu dəfə faciə yaşanmayıb. Amma nə qədər xəstə insan məhz təcili yardım maşınının gec yetişməsi səbəbindən ya həyatını itirir, ya da ağır duruma düşür, səhhətində sonradan düzəlməsi çətinləşən fəsadlar yaranır.

Təcili yardım maşınları, eləcə də digər xüsusi nəqliyyat vasitələrinin fövqəladə hallar zamanı hadisə yerinə qısa zamanda yetişməsi niyə təmin olunmur? Bunun səbəbi şəhər infrastrukturunun nöqsanlı qurulması, yoxsa başqa amillərdir?

Nəqliyyat üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov "Şərq”ə açıqlamasında bildirdi ki, burada şəhər infrastrukturunun quruluşu ən kiçik səbəbdir:

- İnfrastrukturda da problem var, amma bu, başlıca amil deyil. Başlıca amil sürücülərin məsuliyyətsizliyi, səhlənkarlığı, yol-hərəkət qaydalarını kobudcasına pozmalarıdır. Baxın, hamilə qadını xəstəxanaya çatdırmalı olan təcili yardım avtomobili "Koroğlu” metrostansiyasının yaxınlığında tıxaca düşüb. Həmin ərazidə Bakının mərkəzi prospekti - Heydər Əliyev adına prospekt var. Bilirsiniz ki, bu prospekt əla təmir edilib, genişləndirilib və prospektdə 4 hərəkət zolağı yaradılıb. Hər zolağın eni təqribən 3,5 metrdir. Ümumilikdə prospektin eni hardasa 14 metrdir. İndi biz necə iddia edə bilərik ki, yol pis olduğu üçün avtomobillər tıxaca düşür? Tıxacı yaradan sürücülərdir. Çünki sürücülər yol enləndikcə, avtomobillərini yanaşı, paralel idarə etməyə başlayırlar. Bu isə yol-hərəkəti qaydalarına ziddir. Yol nə qədər enli olsa da, zərurət olmadığı təqdirdə avtomobillər bir xətt üzrə hərəkət etməlidirlər. Ona görə ki, hansısa fövqəladə hadisə baş verə bilər və xüsusi təyinatlı avtomobillərin hərəkəti üçün boş zolaq saxlanmalıdır. Bizdə isə sürücülər buna əhəmiyyət vermir. Nəticədə təcili yardım maşınlarının da önü kəsilir. Avtomobillər yolda elə hərəkət etməli, elə məsafə gözləməlidirlər ki, xüsusi maşınlara yol vermək imkanları olsun. Xüsusi təyinatlı avtomobillər hərəkətdə olduqları zaman digər avtomobillər bir xəttin üzərinə sıxışmalı və o maşına yol açmalıdırlar. Bizim sürücülərin çoxu avtomobillərini savadsız idarə etdiklərinə görə, təcili yardım və ya yanğınsöndürən maşınlara bu imkanı yarada bilmirlər. Sürücülər elə bilir ki, yol nə qədər genişdirsə, onlar da bir o qədər "geniş” hərəkət etməlidirlər. 4 zolaqlı yolda bizim sürücülər 6-7 zolaq yaradırlar. Nəinki təcili yardım maşını, heç motosiklet də maşınların arasından keçə bilməz. Avtomobillər elə sıxlıq yaradırlar ki, hətta bəzən piyadalara da keçməyə yol qalmır. Bu, yanlışdır və bəzən faciələr də bu səbəbdən baş verir.

Dünyanın heç bir ölkəsində təcili yardım üçün xüsusi zolaq ayrılmır. Dünya praktikasında ictimai nəqliyyat - avtobuslar üçün xüsusi zolaqlar yaradılır və o zolaqlara avtomobillərin girişi qadağan edilir. Zərurət yarandıqda təcili yardım maşınları bu zolaqlardan istifadə edir. Hətta əks

hərəkət istiqamətinə də keçirlər. Sərnişin avtobuslarının yolu açıq olduğundan onlar istənilən halda xüsusi təyinatlı avtomobillərə yol verə bilirlər.

Ə.Hüseynov bu fikirdədir ki, sürücülərlə maarifləndirici işlər aparılmalıdır:

- Əsas problem bizim sürücülərlə bağlıdır. Sürücü fikirləşməlidir ki, yolun bir zolağı ilə, yaxud bir xətt üzrə sərbəst hərəkət etmək mümkün olduğu halda, digər zolağa keçmək və ya paralel hərəkət zolaqları yaratmaqla kiminsə önünü kəsir, bəlkə də kiminsə həyatına bais olur. Operativ nəqliyyat sistemi də olmalıdır, hansısa xüsusi hallarda avtomobillərin eyni hərəkət zolağına sıxlaşdırılması həyata keçirilməlidir.

Məlahət Rzayeva