Gürcüstanda hər şey əvvəlki dövrünə qayıdıb

Rüşvətin arealı sürətlə genişlənir, həbslər başlayıb




Gürcüstanın sabiq dövlət başçısı Mixail Saakaşvilini həbs gözləyir. Ölkə prokurorluğu eks-prezident barəsində cinayət işi qaldırıb. Saakaşvili 2007-ci il noyabrın 7-də dinc aksiyanın qeyri-qanuni dağıdılmasında, "İmedi” teleşirkətinin və biznesmen Badri Patarkatsişvilinin əmlakının mənimsənilməsində ittiham olunur.

Prokurorluq hesab edir ki, M.Saakaşvili hər üç ittiham üzrə sabiq daxili işlər naziri Vano Merabişvili, keçmiş müdafiə naziri David Kezeraşvili, Tbilisinin sabiq meri Qiqi Uqulava, Baço və Dato Axalaya qardaşları və həmin dövrdəki digər məmurlarla birgə cavab verməlidir. Prokurorluq M.Saakaşvilini bu üç cinayətin həyata keçməsi üçün bilavasitə əmr verməkdə qınayır. Qaldırılan ittihamlar üzrə günahı sübuta yetirilsə, sabiq dövlət başçısı 5 ildən 8 ilədək azadlıqdan məhrum ola bilər.

Keçmiş rəhbər isə haqqında açılan cinayət işinə narazılıq ifadə edib.

Prezidentlik fəaliyyəti dövründə heç bir cinayət işində iştirak etmədiyini deyən sabiq lider hər zaman gürcü xalqının yanında olacağını qeyd edib: "Rus oliqarxı İvanişvilinin prokurorluğu çağıranda çox uzaqda olacam, gürcü xalqı çağıranda isə çox yaxında”.

Qeyd edək ki, M.Saakaşvili istintaqa gəlməkdən bir neçə dəfə boyun qaçırıb.

Gürcüstan prokurorluğunun iddiasını cəfəng sayan politoloq Qabil Hüseynli "Şərq”ə açıqlamasında vurğulayıb ki, son dövrlər Saakşavilinin partiyasının reytinqi artmaqdadır: "Bir zamanlar onun əleyhdarı olan Nino Burcanadze indiki hakimiyyətə xəbərdarlıq edərək bildirib ki, idarəçiliyi bu cür davam etdirsələr, Saakaşvili siyasi sükanı yenidən ələ ala bilər. Ölkənin siyasi səhnəsində tanınmış fiqurlardan biri bu cür fikirlər səsləndirirsə, deməli, qaranlıq mətləblər hökm sürür. İctimaiyyətdə də Marqvelaşvili administrasiyasına ciddi etirazlar var”.

Ekspertin sözlərinə görə, indiki hakimiyyəti idarə edən sabiq baş nazir Bidzina İvanişvilidir: "Özü çəkilib uzaqda dayansa da, ölkəni kənardan idarə edir. Demək olar, bütün qərarları o verir. Ölkəni soyub, talamaqla məşğuldur. Gürcüstanda demokratiyanın ənənəsini qoymuş, korrupsiyanın kökünü kəsmiş, ölkəni dünyanın nümunəvi dövlətinə çevirmiş bir adama qarşı çirkin kampaniyanın aparılması yaramazlıqdı”.

Q.Hüseynli hesab edir ki, bu, çox qısqanclıqla irəli sürülmüş ittihamdı. Çünki Saakaşvilinin yenidən dövlətin başına gəlməsi xofu indiki hakimiyyətin canını bürüyüb: "Amma ittihamın məhkəmə perspektivini görmürəm. Ortadakı yanaşma subyektivdir. Dedikləri məsələləri isbata yetirmək üçün faktlar lazımdı. Belə dəlillər yoxdur. Ona görə də Saakaşvilinin həbsə alınması gözlənilmir”.

Təhlilçinin qənaətincə, hazırda Gürcüstanda rüşvətin arealı sürətlə genişlənir: "Baş verən hadisələr Saakaşvilinin partiyasının nüfuzunu daha da gücləndirəcək. Onun yenidən hakimiyyətə gəlişi yolunu təmizləyəcək”.

Ayyət Əhməd