Çürüyür...

Bol soğan yetişib, ancaq sahələrdə qalıb




Bərdə fermerləri yetişdirdikləri məhsulu toplaya bilmir. Sosial şəbəkələrdə yer alan məlumatlara görə, bərdəlilər bu il bol soğan yetişdiriblər, amma onu toplamayıb, sahədə saxlamaq qərarına gəliblər. Buna səbəbsə becərdikləri məhsulu bazara çıxara bilməmələridir. Fermerlər belə hesab edir ki, məhsulu yığıb çürütməkdənsə, sahədə qalsa yaxşıdır. Bəlkə məhsul tam sıradan çıxmaz və heç olmasa müəyyən qədər gəlir gətirər.

Bu xəbərə yazılan şərhlər arasında məhsulun dövlət tərəfindən alınması təklifi də var. Bəzi ekspertlər oxşar situasiyalarda dövlətin kəndlinin məhsulunu satın almalı olduğunu bildirir.

İqtisadçı Samir Əliyev də bu fikirdədir ki, hökumət əsas diqqəti satış imkanlarına yönəltməlidir:

- Azərbaycanın kənd təsərrüfatı sektorunda əsas problemlərdən biri kəndlinin yetişdirdiyi məhsulu bazara çıxara bilməməsidir. Bunun nəticəsidir ki, bazarlarda qiymət artımı müşahidə olunur, xarici məhsulların çəkisi də getdikcə artır. Halbuki yerli məhsullar keyfiyyətcə idxal məhsullarını dəfələrlə üstələyir. Bilirik ki, xarici məhsulların çoxu geni dəyişdirilmiş qidalardır. Kənd təsərrüfatı bazarlarında rəqabət mühiti formalaşmayıb. Müəyyən emal müəssisələri var ki, kəndliyə məhsulu kənara çıxarmağa imkan vermir, yetişdirilmiş məhsulun əsas alıcısı kimi çıxış edir, amma çox ucuz qiymətə alır. Bu da təbii ki, fermerə nəinki sərf etmir, hətta ziyan vurur. Dövlət tədarükünün görülməsi çox yaxşıdır. Onsuz da dövlət tərəfindən fermerlərə güzəştlər tətbiq edilir. Subsidiyalar ayrılır və s. Dövlət tədarükünün görülməsi də subsidiyanın bir formasıdır. Yəni, dövlət kəndlidən yetişdirdiyi məhsulu almaqla ona kömək olur. Amma gərək burada da bazar qiymətləri nəzərə alınsın. Dövlət kəndlidən məhsulu ən aşağı bazar qiymətinə almasın, ədalətli qiymət qoysun. Dövlət fermerlə əvvəlcədən razılaşma da əldə edə bilər. Məsələn, dövlət deyir ki, bu məhsuldan filan qədər becərin, biz bunu sizdən alacağıq. Dövlət özü əsas alıcı qismində çıxış edir. Kəndli də işini buna görə qurur. Artıq kəndli nə qədər məhsul becərəcəyini bilir. Və bunu da bilir ki, dövlət onun məhsulunu alacaq. Məhsulu batmayacaq. Bir növ arxayın olur və işini ürəklə görür. Ancaq kənd təsərrüfatı sektorunda təkcə dövlət tədarükü ilə kifayətlənmək olmaz. Məhsulun fermerdən alınmasının 3 istiqaməti var: fərdi qaydada satış, xüsusi müəssisələr vasitəsilə və dövlət tədarükü. Bu 3 istiqamət də olmalıdır ki, fermer özü üçün daha sərfəli olanı seçsin. Belədə rəqabət mühiti də yaranır. Kəndli də çalışır ki, keyfiyyətli məhsul yetişdirsin ki, baha qiymətə sata bilsin. Belə olduqda fermerin məhsuluna alıcı da çoxalır. Emal müəssisəsi çalışır məhsulu o alsın, dövlət də tədarük məqsədilə çox məhsul əldə etməyə çalışır.


S.Əliyev yetişdirilmiş məhsulun alınması istiqamətində müəyyən işlərin görülməsinə başlandığına dair məlumatların olduğunu da dedi:

- Bildiyim qədər, fermerlərdən məhsulun alınması üçün işlərə başlanıb. Dövlət istəməz ki, bu qədər məhsul tələf olsun. Bizim kənd təsərrüfatının bir problemi də kəndlilərin fermer təsərrüfatlarında birləşməməsidir. Hamı fərdi qaydada çalışır. Bir neçə hektar əkin sahəsi var, əkir, becərir, amma ziyana uğrayır. Amma fermer təsərrüfatlarında bir neçə şəxs birlikdə çalışdığından onlar üçün daha asan olur. Traktorun pulunu biri ödəyir, gübrəni biri alır və s. Hər kəs də sərf etdiyi pulun müqabilində qazanc əldə edir. Fermer təsərrüfatlarının birləşdirilməsi üçün "İstehsal kooperasiyaları haqqında” qanunun qəbuluna ehtiyac var. Bu qanun layihəsi birinci oxunuşdan keçib. Qanun qəbul olunarsa, kəndlinin də vəziyyəti yüngülləşəcək, bazarlarda yerli məhsul qıtlığının qarşısı alınacaq və qiymətlər də aşağı düşəcək.

Məlahət Rzayeva