Şəhid olan hərbçimizin sayı 9-a çatdı

Cəbhədə şiddətli döyüşlər olub

 



Ötən gün düşmənlə atışmada yaralanmış hərbçimiz dünyasını dəyişib.
APA-nın Qarabağ bürosunun məlumatına görə, həkimlərin səyinə baxmayaraq, Abdinov Hüseyn Etibar oğlunu xilas etmək mümkün olmayıb.
Sumqayıt şəhərindən hərbi xidmətə çağırılmış H. Abdinov hospitalda vəfat edib. Beləliklə son sutka ərzində cəbhədə şəhid olan hərbçilərimizin sayı 9-a çatıb.
***
09:57
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gecə boyu intensiv atışmalar olub.
APA-nın məlumatına görə, Ermənistan silahlı birləşmələri ötən gecə cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi pozaraq Azərbaycan Ordusunun nəzarətində olan ərazilərə soxulmağa cəhd göstəriblər.
Gedən şiddətli atışmalarda Azərbaycan Ordusunun 8 hərbçisi şəhid olub.
Hadisənin təfərrüatları dəqiqləşdirilir.
*****
09:51
Ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusu itki verib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iyulun 31-də saat 20:00 radələrində Ermənistan-Azərbaycan sərhəddinin Qazax rayonu ərazisində düşmənlə döyüşdə Silahlı Qüvvələrimizin 1977-ci il təvəllüdlü, Qazax rayonundan hərbi xidmətə çağırılmış gizir Almazov İsə Ziyad oğlu düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub.
Müdafiə Nazirliyinin məlumatında bildirilir kİ, düşmənin kəşfiyyat-təxribat qruplarının iki istiqamətdə təmas xəttini keçməsi cəhdinin qarşısı alınıb. Belə ki, iyulun 31-dən avqustun 1-ə keçən gecə erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib.
Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı nəticəsində düşmənin səngərlərimizə yaxınlaşması qabaqcadan aşkar edilərək təxribatın qarşısı alınıb.

Şiddətli atışmadan sonra erməni bölmələri xeyli itki verərək geri çəkilməyə məcbur edilib. Silahlı Qüvvələrimizin bölmələri də itki verib.