Dünya susur

Ermənistana ciddi sanksiya tətbiq olunmasına tam əsas var



İşğalçı Ermənistan ordusu son günlər ərzində Ermənistan-Azərbaycan dövlət sərhədinin və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozaraq, Azərbaycan ordusunun mövqelərinə bir neçə dəfə basqın ediblər. Düşmən ölkənin kəşfiyyat-təxribat qrupları cəbhə xətti boyunca qoşunların təmas xəttini bir neçə dəfə keçməyə cəhd göstəriblər. Ermənistan tərəfinin bu təxribatçı addımları cəbhə xətti boyunca gərginliyin xeyli artmasına, çox sayda insan tələfatına, sərhəddə yaşayan dinc əhalinin ciddi narahatlığına səbəb olub və təhlükəsizliyini şübhə altına alıb.

Bununla yanaşı, Ermənistan silahlı qüvvələri Azərbaycanın 20 faiz ərazisini işğal edib, Ermənistanda və işğal altında olan ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirilib, nəticədə 1 milyondan artıq insan qaçqın və məcburi köçkün düşüb.

Bu işğalçı dövlət Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlarda da hər zaman qeyri-konstruktiv mövqe nümayiş etdirib. Status-kvonun qorunub saxlanmasına çalışıb, hər fürsətdə danışıqları pozub.

Həmçinin Ermənistan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri başda olmaqla nüfuzlu beynəlxalq qurumların qərar və qətnamələrini icra etmir. Ermənistan ATƏT-in Minsk Qrupu həmsədrlərinin bəyanatında əks olunmuş status-kvonun saxlanmasının yolverilməzliyi, hərbi əməliyyatlardan çəkinilməsi və münaqişənin sülh yolu ilə həlli təkliflərini də saymır.

Bu günlərdə cəbhədə atəşkəsi pozması, diversiya qrupları ilə Azərbaycan ərazilərinə hücumlar təşkil etməsi bir daha göstərir ki, Ermənistan birmənalı olaraq beynəlxalq hüquq norma və prinsiplərini pozmaqda davam edir. Təbii ki, Ermənistanın son addımları ona qarşı ciddi sanksiyaların tətbiq olunmasına tam əsas yaradır.

Hələlik isə beynəlxalq ictimaiyyət Ermənistanın bu hərəkətlərinə susmaqda davam edir. Əslində isə Ukraynada baş verən hadisələrlə bağlı Rusiyaya ciddi sanksiyalar tətbiq edən beynəlxalq qurumlar, işğalçı Ermənistana ən sərt sanksiyaları tətbiq etməlidir. Bu beynəlxalq hüquq normalarını pozan, mütəmadi olaraq cəbhə xəttində təxribatlar törədən Ermənistan barədə ölçü götürmək olardı. Azərbaycan ictimaiyyəti də haqlı olaraq Ermənistanın cəzalandırılmasını və ədalətin bərqərar olunmasını tələb edir.

Analitiklər, ictimai xadimlər bildirirlər ki, Qarabağ danışıqlarını hər vəchlə pozan, cəbhə xəttində gərginlik yaradan Ermənistana təzyiqlər edilməlidir. BMT başda olmaqla bütün xarici qurumlar, xüsusən də münaqişənin hərbi yolla həllinin mümkün olmadığını bildirən ATƏT-in Minsk qrupu hərəkətə keçməlidir. Ermənistan tərəfinin cəbhədəki son atəşkəs pozmasına qarşı bu dövlətin sanksiyalara məruz qoyulması şərtdir.

Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə "Şərq”ə deyib ki, nə qədər ki, Ermənistana qarşı təzyiqlər, sanksiyalar tətbiq olmayıb, işğalçı ölkə heç bir halda danışıqlar istiqamətində addım atmayacaq: "Çünki beynəlxalq hüquq normaları bərqərar olunmalıdır. Beynəlxalq təşkilatlar, o cümlədən BMT öz Təhlükəsizlik Şurasının qətnamələrinin icrası üçün təcavüz etmiş ölkəyə qarşı sanksiyaları müəyyənləşdirməlidir. Təbii ki, biz bunu ATƏT-dən də gözləyirik. Çünki Ermənistan ATƏT-in bütün təməl sənədlərini kobud surətdə pozub. Biz 20 ildən artıqdır ki, ancaq beynəlxalq təşkilatların boş söhbətlərini eşidirik. Bu, beynəlxalq hüquq normalarına hörmətsizlikdir. Hazırda bir sıra keçmiş SSRİ ölkələrinin əraziləri işğal olunub. Məsələn, Krım hadisələrindən sonra Rusiyaya qarşı müvafiq sanksiyalar tətbiq olundu. Axı nə üçün bu gün həmin təzyiq mexanizmləri Ermənistana qarşı yoxdur? Nə üçün Ermənistan BMT Təhlükəsizlik Şurasının qərarlarını yerinə yetirmədiyinə görə, cəzasız qalıb? Biz həm ATƏT-i, həm BMT-ni, həm də digər təşkilatları müvafiq sənədlərə, beynəlxalq hüquq normalarının prinsiplərinə riayət etməyə çağırırıq. Əgər Ermənistana indi atəşkəsi pozub, cəbhədə gərginlik yaratdığına görə sanksiyalar olmasa, bu hərəkətlər işğalçılar tərəfindən yenə təkrarlanacaq. İrəvanın "qulağı burulmasa” bu cür azğınlıqları daha da şiddətləndirəcəklər”.

"Ermənistana qarşı nəinki sanksiyalar tətbiq olunmalıdır, hətta bir sıra böyük dövlətlərin Ermənistana etdiyi yardımlar dayandırılmalıdır”.

Bu sözləri isə millət vəkili Rasim Musabəyov deyib. Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlamasını, son günlər cəbhədə həyata keçirdiyi təxribat-diversiya aktlarını xatırladan deputat bildirib ki, bu ölkəyə qarşı sanksiyaların tezliklə tətbiq olunması vacib əhəmiyyətlidir. R.Musabəyov beynəlxalq ictimaiyyətin, xüsusilə də ATƏT-in Minsk Qrupu həmsədrlərinin hazırkı yanaşma tərzini də tənqid edib: "Bu yanaşma tərzi ilə sanksiyaların olacağı inandırıcı görünmür. İstər ABŞ, istər Fransa və ya Avropa Birliyi, istərsə də Rusiya Ermənistana hər il milyonlarla dollar dəyərində yardımlar edir. Ermənistan işğalçı dövlət olduğu halda, böyük dövlətlərin yardım və güzəştlərindən yetərincə yararlanır. Rusiyanın Ermənistana müxtəlif adlar altında güzəştləri, yardımları və pulsuz silahla təmin etməsi ildə 1 milyard dollara yaxın vəsait deməkdir. İlk növbədə bu yardımlar dayandırılmalıdır. Ondan sonra isə beynəlxalq ictimaiyyət yanaşma tərzini dəyişib, hansısa irəliləyişlərə ümid etməlidir”.

Millət vəkilinin fikrincə, Qarabağdakı son gərginliklər BMT Təhlükəsizlik Şurasının iclasında müzakirə olunmalı, daha qəti addımlar atılmalıdır: "Biz öz mövqeyimizi ortaya qoyuruq. Çağırışlarımıza müsbət cavab verilməsə belə, beynəlxalq müstəvidə məsələ qaldırmalıyıq. Amma maraqlısı odur ki, işğalçı tərəf Ermənistan ola-ola, Azərbaycan gərginlik yaradan tərəf kimi qələmə verilir. Prosesləri də dalana dirəyən əsas səbəblərdən biri, hətta birincisi budur”.

Azərbaycanda fəaliyyət göstərən bir sıra QHT-lər də beynəlxalq təşkilatlardan cəbhədəki son olaylara görə Ermənistana sanksiyalar tətbiq olunmasını tələb edirlər.

Azərbaycan-Amerika Gəncləri İctimai Birliyi cəbhə xəttində atəşkəsin Ermənistan tərəfindən ciddi şəkildə pozulmasına etiraz olaraq beynəlxalq təşkilatlara etiraz bəyanatı göndərib. Bəyanatda deyilir ki, Ermənistan tərəfinin atəşkəsi ciddi şəkildə pozaraq Azərbaycan tərəfinə qəfil hücuma keçməsi nəticəsində onlarla Azərbaycan əsgəri hərbi xidməti həyata keçirərkən həyatlarını itiriblər: "Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə daxil olan torpaqları işğalda saxlamaqla yanaşı, son günlər həyata keçirdiyi ardıcıl hərbi hücumları nəticəsində bölgədə mövcud olan vəziyyəti daha da gərginləşdirib və regional təhlükəsizliyə ciddi təhdid yaradıb. Azərbaycan-Amerika Gəncləri İctimai Birliyi beynəlxalq təşkilatlara, ABŞ və Avropanın aparıcı QHT və media qurumlarına, qərbdə fəaliyyət göstərən təsisatlara müraciət ünvanlayaraq yaranmış vəziyyətdə Ermənistanın işğalçı siyasətini və regionda sabitliyi ciddi pozduğuna görə beynəlxalq ictimaiyyət tərəfindən qınanmasını, Ermənistan dövlətinə qarşı ciddi sanksiyaların tətbiq olunmasına çağırır”. Sənəddə o da bildirilir ki, Ermənistan tərəfinin hərbi əməliyyatlara başlaması nəticəsində Azərbaycan tərəfi öz suverenliyini müdafiə etməyə və təhlükəsizliyini təmin etməyə məcburdur və yaranan hərbi qarşıdurma nəticəsində nəinki hərbi, eyni zamanda cəbhə xəttinə yaxın məskunlaşmış sivil əhali arasında, xüsusən uşaq və gənclər arasında itkilərin qeydə alınması istisna deyil: "Bu baxımdan Ermənistanın təcavüzünü və regionda sabitliyin pozulmasına səbəb olan hərbi əməliyyatları başlatmasını ciddi şəkildə pisləyirik. Tələb edirik ki, Ermənistana sərt təpki verilsin, işğalı dayandırmayana kimi bu ölkə beynəlxalq aləmdən təcrid olunsun, müvafiq beynəlxalq platformalarda və tədbirlərdə iştirakı dayandırılsın. Həmçinin rəsmi İrəvana qarşı iqtisadi sanksiyaların tətbiq edilməsini tələb kimi qoyuruq”.

Eyni bəyanatla "Borçalı”, "İrəli” İctimai Birlikləri, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi, Beynəlxalq Avrasiya Mətbuat Fondu, Jurnalist-QHT Koalisiyası kimi təşkilatlar da çıxış ediblər. Azərbaycan ictimaiyyəti Ermənistanın 20 ildən çoxdur Azərbaycan torpaqlarını işğalda saxlamasına, son günlər isə cəbhə xəttində atəşkəsi şiddətli şəkildə pozmasına görə, beynəlxalq qurumlardan əməli tədbir görülməsini gözləyir.

Anar Bayramoğlu