Rəis Rəsulzadə özünü yaxşı hiss edir

O, növbəti həftə Bakıya qayıdacaq


"Şərq” qəzeti hazırda Almaniyada müalicə olunan Rəis Rəsulzadə ilə telefon əlaqəsi yaradıb. Telefon danışığı zamanı Rəis Rəsulzadə özünü artıq yaxşı hiss etdiyini və növbəti həftə Bakıya qayıdacağını deyib.

Qeyd edək ki, Azərbaycan Demokratik Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə bir müddət öncə Almaniyada əməliyyat olunub. R.Rəsulzadə birbaşa Prezident İlham Əliyevin xüsusi tapşırığına əsasən Almaniyaya müalicəyə göndərilib və müalicə xərcləri də Azərbaycan dövləti tərəfindən ödənilir.

Ötən həftə Almaniyaya səfər edən M.Ə.Rəsulzadə İrsini Araşdırma Fondunun sədri Nəsiman Yaqublu KİV-ə açıqlamasında R. Rəsulzadənin ağır əməliyyat keçirdiyini, lakin hazırda vəziyyətinin yaxşılaşmaq üzrə olduğunu demişdi:

"Almaniyadakı müalicə artıq başa çatır. Prezident Administrasiyasının əməkdaşlarına bu şəraiti yaratdıqlarına görə təşəkkür edirəm. Ancaq ildə iki dəfə yenidən Almaniyaya gedib həkimlərin müayinəsindən keçməlidir. İnanıram ki, ölkə rəhbərliyi onun müalicəsinin davam etdirilməsini də diqqətdə saxlayacaq”.

N.Yaqublu Rəis bəyin Berlinin mərkəzinə yaxın yerdə mehmanxana şəraitində yaşadığını da demişdi: "Azərbaycanın Almaniyadakı səfirliyinin əməkdaşları onunla maraqlanır, xəstəxanaya gedib-gəlməsini təmin edirlər. Bizim hamımızın arzusu Rəis bəyin müalicəsinin uğurla başa çatması və Azərbaycana qayıdıb bizimlə birgə olmasıdır”. Onu da xatırladaq ki, N.Yaqublu Rəis bəylə gəzintidə çəkdirdiyi şəkilləri də paylaşmışdı.

Qeyd edək ki, R.Rəsulzadə prezident İlham Əliyevin göstərişi ilə əməliyyat olunmaq üçün Almaniyaya göndərilib.

"Şərq”ə qəzeti M.Ə.Rəsulzadə yadigarının sağlığına qovuşub tezliklə Vətənə qayıtmasını arzulayır.