Qarabağ münaqişəsi Avropa üçün heç bir zaman prioritet olmayıb

Kreml isə dünya arenasında itirilmiş sülhpərvər imicini qaytarmağa çalışır



Böyük Britaniya Lordlar Palatasının və Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) nümayəndə heyətinin üzvü Lord Kilkluni də Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttindəki gərginlikdən narahatlıq ifadə edib.

Son döyüşlərdə 10-dan çox Azərbaycan əsgərinin həlak olmasından söz açan ingiltərəli diplomat bildirib ki, hazırda Dağlıq Qarabağda hərbi əməliyyatlar tam bərpa oluna bilər ki, bu da Qərbin maraqları üçün ağlasığmaz nəticələr verəcək. "Böyük Britaniya münaqişənin həlli və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin geri qaytarılması üçün səylərini artırmalıdır”.

Kilkluni ölkəsini Azərbaycana dəstəyini artırmağa çağırıb: "Bir daha şahidi olduq ki, Minsk Qrupu Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının aradan qaldırılmasında effektiv vasitə deyil”.

İngilis diplomatın bəyanatını şərh edən politoloq Natiq Miri "Şərq”ə açıqlamasında qeyd edib ki, Qərbi narahat edən Rusiyanın hegemonluğudur. Ekspertin sözlərinə görə, Dağlıq Qarabağ Avropa üçün heç bir zaman prioritet olmayıb: "Hazırda da Qərb ölkəmizin itirilmiş torpaqları ilə maraqlanmır. Onları qorxuya salan Moskvadır. Krımın ilhaqından sonra Qərb anladı ki, Rusiya onlar üçün ciddi təhlükə mənbəyidir. Rusiya Avropanın təhlükəsizliyini təhdid etdiyi üçün Qərb dünyası hərəkətə keçdi. İndiki halda Cənubi Qafqazda baş verənlər Avropanı təşvişə salır. Cəbhədə baş qaldıran proseslərin arxasında məhz Kreml dayanır. Son hərbi təxribatları Moskvanın geosiyasi maraqlarına bağlamaq lazımdır”.

Siyasi analitikin qənaətincə, Moskva cəbhədə hərbi təxribatlar törətməklə 3 məqsədə nail olmaq istəyir: "Birincisi, dünya arenasında itirilmiş sülhpərvər imicini qaytarmağa çalışır. Rusiyanın təşəbbüsü ilə Azərbaycanın və Ermənistanın ölkə başçıları ayın 8-9-da Soçidə görüşəcəklər. Bununla Moskva demək istəyir ki, istənilən an müharibəni başlada və dayandıra bilər. İkincisi, rəsmi Kreml Qərbin Cənubi Qafqazdakı geosiyasi maraqlarına zərbə vurmağı planlaşdırıb. Bildirirlər ki, Kremlə qarşı kəskin sanksiyalar dayandırılmasa, Qərbin regiondakı geosiyasi maraqları fiaskoya uğradılacaq. Əslində ingilis siyasətçi buna görə narahatdır. Qərbin ölkəmizdə geosiyasi maraqları var. Bu maraqların içərisində enerji məsələləri özünə yer alır. Bu baxımdan Qərb dərk etdi ki, Rusiyanın qarşısını kəsmək lazımdı. Üçüncüsü, Putin bu davranışla Ermənistana və Azərbaycana təzyiq edir. Rusiya istəyir ki, tərəflər müvəqqəti də olsa, ortaq status müəyyənləşdirsinlər. Bu da ölkəmizin yenidən Rusiya orbitinə çəkilməsi üçün cəlbedici ola bilər”.

N.Miri hesab edir ki, Qərbin addımları Azərbaycanı Rusiya orbitinə qayıtmaqdan çəkindirməyə hesablanıb: "Burda başqa incəlik axtarmağa dəyməz. Qərbi ciddi əndişəyə salan məhz bu faktordu”.

Ayyət Əhməd