Şagirdlər də güllə səsi eşitməli, kazarmanı görməlidir

Orta məktəblərdə hərbi hazırlıq dərslərinin bərpa olunması ilə bağlı təklif dəstək qazanır




Deputat Fazil Mustafa orta məktəblərdə yeddinci sinifdən başlayaraq şagirdlərə hərbi hazırlıq dərslərinin keçirilməsini təklif edib. Hətta bununla bağlı təhsil naziri Mikayıl Cabbarova da müraciət ünvanlayıb.

F.Mustafa şəxsi "facebook” səhifəsində orta məktəblərdə hərbi hazırlıq dərslərinin bərpasına ehtiyac yarandığını qeyd edib. Onun sözlərinə görə, ehtiyatda kifayət qədər zabit və gizirimiz

var: "Onlar bu işi minimum əməkhaqqı ilə həyata keçirə bilərlər. Hələ dərs ilinin başlanmasına bir ay vaxt var. Operativ surətdə orta məktəbin 7-ci sinfindən başlayaraq dövlət və özəl təhsil müəssisələrində şagirdlərin həftədə bir dəfə hərbi vərdiş və davranışlara yiyələnməsinə yönələn dərslərin keçirilməsi nəzərdə tutulmalıdır. Hərbi oyunlar üzrə müxtəlif yarışların keçirilməsi də məktəblərin iş planına salınmalıdır”.

Hərbi ekspert Azad İsazadə millət vəkilinin təklifini dəstəkləyib: "Hərbi dərslərin keyfiyyəti artırılsın. Həmçinin hərbi hazırlıq dərsləri çərçivəsində 11-ci sinif oğlan şagirdləri üçün hərbi hissələrə ekskursiyalar təşkil edilsin. Orada kazarmanın və yeməkxananın şəraiti ilə tanış olsunlar. Çünki gənc oğlanlardır, öz evlərində ən yaxşı halda axşam bir otaqda qardaşı ilə birlikdə yatır. Ancaq sonradan isə hərbi xidmətdə 100 nəfərlik kazarmaya düşür. Bu zaman ona çətin olur.

Digər tərəfdən poliqonda atıcılığı öyrənsə, müharibə vaxtı güllə səsləri altında necə döyüşməyi görər. Əvvəlcədən hərbi xidmət haqqında təsəvvürü olar. Yəni əsgərlikdən əvvəl oranı canlı görməsi hərbi hazırlıq baxımdan müsbət təsir göstərərdi. Onlar burada mühitin necə olmasını hiss edərək görsünlər. Bir sözlə, hərb ab-havasını yaşasınlar”.

Vüqar Şahinoğlu