Ermənistan təcavüzkar siyasətini davam etdirir

Beynəlxalq birlik isə yalnız quru bəyanatlar verir




Ermənistan-Azərbaycan təmas xəttində atəşkəs rejiminin pozulması beynəlxalq təşkilatların da diqqətini cəlb edib. "Diqqətini cəlb edib” ona görə qeyd edirik ki, baş verən hadisələr, insan itkisi, mülki vətəndaşların, uşaq və qocaların yaralanması, insanların doğma yurdlarından didərgin düşməsi kimi dəhşətli olaylar həmin təşkilatların diqqətini cəlb etməkdən o tərəfə keçə bilməyib.

Yenə də ikili standartlar və sadəcə söz birləşmələrindən ibarət səthi bəyanatların şahidi oluruq. Artıq neçə illərdir ki, müharibə şəraitində yaşayan Azərbaycan vətəndaşları beynəlxalq təşkilatların mahiyyət etibarilə bir-birindən qətiyyən fərqlənməyən yazılı, yaxud şifahi formal bəyanatlarından, vasitəyə çevrilmiş beynəlxalq təşkilatların qərəzli mövqeyindən bezib. Təəssüflər olsun ki, bu dəfə də Ermənistan-Azərbaycan təmas xəttində atəşkəs rejiminin pozulması fonunda ənənəvi münasibətlə üz-üzə qalmalı olduq. Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş Ermənistan dövləti təcavüz siyasətinə son qoymaq əvəzinə yeni-yeni ərazilər işğal etmək niyyətinə düşüb. Dünyanın aparıcı dövlətlərinin və beynəlxalq təşkilatların ikili standartlarından həvəslənən erməni silahlı birləşmələri heç nədən çəkinmədən atəşkəs rejimini pozmaqda davam edir. Üzdə özlərini dünyada sülhün və əmin-amanlığın carçısı kimi təqdim edən beynəlxalq təşkilatlar isə seyirçi mövqelərini sərgiləməkdən o tərəfə keçmirlər. Beynəlxalq aləmin və təşkilatların Azərbaycana qarşı qərəzli mövqeyini analiz edən ictimaiyyət nümayəndələri və vətəndaş cəmiyyətləri Ermənistana və bu ölkənin prezidenti Serj Sarkisyana qarşı sərt sanksiyaların tətbiq edilməsini təklif edirlər.

Millət vəkili, tarixçi-professor Musa Qasımlı deyib ki, Ermənistanın təcavüzkar hərəkətlərinə dünya birliyinin lazımi cavab verməməsi mövcud olan ikili standartlar, erməni lobbisi və diasporunun fəaliyyəti ilə bağlıdır: "Necə olur, Ukrayna məsələsində Rusiyaya qarşı sanksiyalar irəli sürülür, İraq Küveytə müdaxilə edərkən bombardman edilir, Liviyaya bir gecə içərisində müdaxilə olunur, amma Ermənistanın təcavüzünün qarşısının alınması üçün dünya birliyi heç bir tədbir görmür? Hesab edirəm ki, bu gün Ermənistan beynəlxalq hüquq normalarından doğan prinsipləri ayaq altına atan, BMT Nizamnaməsini kobud şəkildə pozan, terroru dövlət səviyyəsinə qaldıran ölkə olduğundan ona qarşı sanksiyalar tətbiq edilməlidir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilməsi, Ermənistan rəhbərliyindən tələb olunmalıdır”.

Millət vəkili Fazil Mustafa Rusiyaya qarşı sanksiya tətbiq edən beynəlxalq dünyanın Ermənistan məsələsində susmasını kəskin qınayır. Deputatın sözlərinə görə, ikili standartlardan çıxış edən bir sıra Qərb dövlətləri və təşkilatları dolayısı ilə Ermənistanın işğalçılıq siyasətinə dəstək verirlər: "Sanki Ermənistanın işğalçı mövqeyinin davam etməsində maraqlıdırlar və hər hansı bir şəkildə onun uğursuz bir zolağa düşməsi səbəbindən işğalçı dövlət olaraq haqq qazandırırlar. Onlar Azərbaycanın ərazi bütövlüyündən danışırlar, ancaq ərazi bütövlüyünün qorunması və bərpası istiqamətində faktiki olaraq heç bir addım atmırlar. Bu, bizim üçün bilinən gerçəklikdir. Ona görə də, torpaqlarımızın qaytarılması üçün özümüz müəyyən addımlar atmalıyıq”. F.Mustafa son günlər cəbhədə baş verən olaylara da nəzər salaraq bildirib ki, burada Rusiya amilinin olması da öz sözünü deyir: "Digər tərəfdən, nəzərə almalıyıq ki, cəbhədə baş verən proseslər Rusiya ilə bağlı olan məsələdir. Ermənilərin bu qədər açıq şəkildə özlərinə problemlər yaratması gözlənilən deyildi. Çünki onlar istədikləri qədər əraziləri işğal ediblər. Əsgər itkilərinə yol vermək, hərbçilərini itirmək onların özlərinə yaramır. Yəni Rusiya da müəyyən proseslər çərçivəsində öz əhəmiyyətini artırmaq üçün tez-tez belə sürprizlər edə bilər”.

Millət vəkili Bəxtiyar Əliyev də qeyd edib ki, ABŞ, Rusiya və Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi Ermənistana ciddi təzyiq göstərməlidir: "Ermənistan destruktiv mövqe nümayiş etdirir. Cəbhə xəttində törətdiyi son təxribatlar, Azərbaycan əsgərlərinin, o cümlədən dinc sakinlərin öldürülməsi bir daha göstərir ki, Ermənistan heç bir sülh addımı atmaq istəmir, işğal etdiyi torpaqlardan çıxmaq istəmir. Azərbaycan tərəfi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda kifayət qədər güzəştlər edib. Azərbaycanın danışıqlar aparması, Dağlıq Qarabağ ərazisində yaşayan Azərbaycan vətəndaşları olan ermənilərə xüsusi statusun verilməsi, kifayət qədər güzəştlərdir ki, Azərbaycan tərəfi edir. İkinci bir tərəfdən, Azərbaycan işğal olunmuş torpaqlarını hərb yolu ilə də azad edə bilər. Ancaq hələ ki, Azərbaycan bunu etmir və bu da Ermənistana bir güzəştdir. Ona görə də, mən düşünürəm ki, işğalçıya münasibət kökündən dəyişdirilməlidir. Amma çox təəssüflər olsun ki, həmsədr ölkələr tərəfindən Ermənistana həm maliyyə və iqtisadi, həm də mənəvi dəstək göstərilir. Belə olduğu halda işğalçı heç cür konstruktiv mövqe nümayiş etdirə bilməz”. Millət vəkili bildirib ki, Ermənistanın cəbhə xəttində törətdiyi son təxribatlara beynəlxalq ictimaiyyət düzgün münasibət göstərmədi: "Ermənistan işğal etdiyi Azərbaycan ərazilərindən yenidən Azərbaycana hücum edir, Azərbaycan əsgərləri öz mövqelərində həlak olur, amma dünya buna heç bir qiymət vermir. Yenə də bəyanatlarla çıxış edirlər ki, tərəfləri atəşkəsi qorumağa səsləyirik. Çox təəssüf ki, nə BMT, nə Minsk Qrupunun həmsədr ölkələri Ermənistanın növbəti dəfə Azərbaycana qarşı qətliam həyata keçirdiyini görməzdən gəldi. Azərbaycan əsgərlərinin öldürülməsi o deməkdir ki, işğalçı öz siyasətini davam etdirir, amma işğalçıya qarşı bəyanat səsləndirilmir. Sadəcə deyilir ki, tərəfləri sülhə dəvət edirik. Ukrayna ilə bağlı davranış Azərbaycanla bağlı nümayiş etdirilmir. Baxmayaraq ki, Azərbaycan Avropanın və regionun nəinki enerji təhlükəsizliyinin, bütövlükdə sabitliyin əsas qarantıdır”. B.Əliyev əlavə edib ki, bu gün Azərbaycanın tutduğu mövqe tamamilə doğru mövqedir: "Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət düzgündür. Ermənistanın son təxribatlarına Azərbaycan Ordusunun layiqli cavab verməsi də onu göstərir ki, Azərbaycan bu haqq işində öz siyasətini gerçəkləşdirmək əzmindədir və bunu edəcək”.

Avropa Azərbaycanlıları Konqresi də Avropanın beynəlxalq təşkilatlarına müraciət edərək, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində vəziyyəti yenidən gərginləşdirməyə, müharibənin alovlanmasına yönələn cəhdlərindən dərin narahatlığını bildirib və dünya ictimaiyyətini baş verənlərə laqeyd qalmamağa çağırıb. Diasporla İş Üzrə Dövlət Komitəsindən verilən məlumata görə, müraciətdə, Ermənistan tərəfindən intensiv şəkildə atəşkəsin pozulduğu və ermənilərin təcavüzü nəticəsində Azərbaycanın 13 hərbçisinin, eyni zamanda sülhsevər sakinlərinin şəhid olduğu qeyd edilir. Bəyanatda, həmçinin Azərbaycanın 20 faiz torpağının 20 ildən çoxdur ki, işğal altında olduğu, işğal olunmuş torpaqların qeyd şərtsiz azad edilməsinə dair BMT-nin 822, 853, 874 və 884 saylı qətnamələrinin hələ də icra olunmamasına baxmayaraq, Azərbaycanın hər zaman regionda sülhsevər siyasətin tərəfdarı kimi çıxış etməsi vurğulanır. AAK Avropada fəaliyyət göstərən beynəlxalq təşkilatları Ermənistanın təcavüzkar siyasətinə qarşı zəruri addımlar atmağa, münaqişənin yenidən alovlanması təhlükəsinin regionda sülhə və sabitliyə ciddi təhlükə yaratdığını nəzərə almağa çağırır. Qeyd edək ki, Ermənistanın işğalçılıq siyasətini pisləyən bəyanat ATƏT-in Minsk Qrupunun üzvlərinə, Almaniya Federativ Respublikasının Parlamentinə (Bundestaq), Avropa Parlamentinin Xarici Əlaqələr və İnsan Hüquqları Komitələrinə, həmçinin "Human Rights Watch” beynəlxalq insan hüquqlarının müdafiəsi təşkilatının və "Amnesty İnternational” təşkilatının Almaniyadakı nümayəndəliklərinə göndərilib.

İsmayıl