“Qobustan”a yeni rəis gəldi, məhbuslar təzyiqlərə başladı

Məhkumlar bu yolla özlərinə xüsusi şəraitin yaradılmasına nail olmaq və ya mövcud olan xüsusi şəraitlərini qoruyub saxlamaq istəyirlər


Qobustan Qapalı Həbsxanasında kütləvi aclıq aksiyasının keçirildiyinə dair mətbuatda məlumatlar yer alıb. Eyyub Əhmədov adlı şəxsin yaydığı məlumata görə, avqustun 3-də, səhər saat 6:00-dan etibarən məhbuslar kütləvi aclıq aksiyasına başlayıblar. Buna səbəb həbsxanaya yeni təyin olunmuş rəis Fikrət Qafarovun qeyri-qanuni hərəkətləridir:

"Məhbuslar aclıq aksiyası ilə bağlı qanuni şəkildə ədliyyə generalı Mədət Quliyevə ərizə ünvanlayıblar. Buna baxmayaraq, həbsxana rəisi məsələyə öz qorxunc əməlləri ilə yanaşmaqdadır”. Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə isə "Qobustan”dakı aclıq aksiyası ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir: "Bununla əlaqədar xidmət rəhbərliyinə heç bir rəsmi müraciət daxil olmayıb. Ədliyyə polkovniki Fikrət Qafarovun həbsxanaya rəis təyin edilməsi ilə bağlı Penitensiar Xidmət tərəfindən artıq ictimaiyyətə məlumat verilib. KİV-ə ötürülən bu cür əsassız məlumatlar isə həbsxananın yeni təyin olunmuş rəisi tərəfindən Daxili İntizam Qaydalarının tələblərinə uyğun həyata keçirilən tədbirlərə rejim qaydalarını pozmağa meyilli və qanunda nəzərdə tutulmamış imtiyazlar əldə etməyə can atan məhkumlar, eləcə də onların yaxınları tərəfindən göstərilən reaksiyadır. Penitensiar Xidmət olaraq bildiririk ki, bütün qanunazidd hərəkətlərin qarşısı qətiyyətlə alınacaq”.

Konstitusiya Araşdırmalar Fondunun prezidenti, hüquq müdafiəçisi Əliməmməd Nuriyev Qobustan həbsxanasında bir qrup məhkumun aclıq keçirməsi məsələsinə toxunarkən bildirib ki, məhkumların aclıq aksiyasını keçirmələri yeni rəisə öz tələblərini qəbul etdirməklə bağlıdır: "Hər dəfə Qobustan Qapalı Həbsxanasına yeni rəis təyin olunan zaman oradakı narazılıqlar, aksiyalarla bağlı müxtəlif məlumatlar Kütləvi İnformasiya Vasitələrinə sızır. Bu da bir növ həmin müəssisədəki məhkumların yeni rəisə təzyiq variantıdır. Qobustandakı məhkumlar bu yolla özlərinə xüsusi şəraitin yaradılmasına nail olmaq və ya mövcud olan xüsusi şəraitlərini qoruyub saxlamaq istəyirlər. Bu bir növ məhkumlar üçün ilkin sığortalanma metodlarıdır. Hətta bəzi vaxtlar yeni rəisin "Qobustan”da yeni qaydalar yaratması, qeyri-qanuni hərəkətləri, məhkumlara əziyyət verməsi kimi məlumatlar bilərəkdən KİV-ə sızdırılır. Onlar hesab edir ki, yeni rəis haqqında mediada mənfi rəy formalaşacağı təqdirdə rəhbərlik həmin məhkumlarla danışıqlar aparacaq və yanlış məlumat yaymamaları üçün onlara xüsusi şərait yaradılacaq”.

Fikrət Qafarovun Qobustan Qapalı Həbsxanasında qeyri-qanuni hərəkətlərinə dair söyləntilərin əsassız olduğunu vurğulayan hüquq müdafiəçisinin sözlərinə görə, Qafarov bütün bunları edəcək biri deyil: "Fikrət Qafarovu çox yaxşı tanıyıram. Uzun müddət cəzaçəkmə müəssisələrində keçirilən monitorinqlərdə əməkdaşlıq etmişik. O, bir ədliyyə işçisi olaraq, kifayət qədər peşəkardır və qanunauyğunluqlara yetərincə bələddir”.

Qobustan Qapalı Həbsxanasının xüsusi rejimli bir cəzaçəkmə müəssisəsi olduğunu vurğulayan Ə.Nuriyevin sözlərinə görə, orada ömürlük və ya daha uzun müddətə azadlıqdan məhrum edilmiş, həmçinin digər cəzaçəkmə müəssisələrində qanunsuz hərəkətlərə yol verən və edilən xəbərdarlıqlardan nəticə çıxarmayan məhkumlar var: "Ən qatı cinayətkarlar orada saxlanıldığı üçün "Qobustan”da iş rejimi çox ağırdır. Ora elə bir yerdir ki, hər şey nizamnamə tələblərinə uyğunlaşdırılmalı və qanundankənar heç bir hərəkətə yol verilməməlidir. Hesab edirəm ki, Fikrət Qafarov da məhz bu istiqamətdə labüd olan addımlar atdığı üçün bir qrup məhkumların narazılığına səbəb olub. Hansı ki, onların narazılığının heç bir əsası yoxdu, hamısı xüsusi şərait tələb edənlərdir. Düşünürəm ki, Qafarov hər zaman olduğu kimi "Qobustan”da da ciddi iş rejimini bərpa edəcək və hər şey qayda-qanunlara uyğun olaraq, həyata keçiriləcək. Təsadüfi heç nə olmur. Ədliyyə Nazirliyi və Penitensiar Xidmət məhz Fikrət Qafarovun peşəkarlığını nəzərə alaraq onu "Qobustan”a rəis təyin edib. Fikrət Qafarovun əli hara dəysə, həmin yerdə normal qayda- qanun da təmin olunur, məhkumlar arasında normal davranış qaydaları bərpa edilir. Eyni zamanda məhkumların saxlanma şəraiti və onların hüquqlarının real təminatı istiqamətində mühüm addımlar atılır”.

Şəymən