Ermənilər iki azərbaycanlı uşağı yaralayıb

Artıq 3-cü dəfədir ki, düşmən uşaqları hədəf alır




Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində Tovuz rayon sakini yaralanıb.
APA-nın qərb bürosunun xəbərinə görə, ermənilərin açdığı atəş rayonun Mülkülü kənd sakini, 2000-ci il təvəllüdlü İsmayılov Sərxan Əlağa oğlunun əlinə dəyib. Bundan başqa, uşaq sinəsində qəlpə yaraları da alıb.
S. İsmayılov Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
*****
12:24
Gecə saatlarında Ermənistan silahlı bölmələrinin Ağstafa rayonunu atəşə tutması nəticəsində bir azyaşlı uşaq yaralanıb. Ağstafa rayon polis bölməsindən APA TV-yə verilən məlumata görə, rayonun Köhnəqışlaq kənd sakini, 9 yaşlı Abbasov Qoşqar Teymur oğlu qəlpə yarası alıb. Boynundan yaralanan xəstə dərhal xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin stabil olduğu bildirilir.

Qeyd edək ki, Ermənistan silahlı bölmələri dünən gecə saatlarında rayonun Köhnəqışlaq kəndini aramsız atəşə tutub.
Onu da qeyd edək ki, 3 gün əvvəl Gədəbəydə 14 yaşlı qız erməni gülləsinə tuş gəlmişdi və ayağından yaralanmışdı.