Ərdoğanın sözünə baxan adam etibarlıdır

AKP rəhbərliyinə və baş nazir postuna Əhməd Davudoğlu gətiriləcək


Rəcəb Tayyib Ərdoğan prezident seçkilərinə namizədliyini irəli sürəndən Hakim Ədalət və İnkişaf Partiyasına (AKP) sədrlik məsələsi ətrafında genişmiqyaslı müzakirələr aparılırdı. Bu günlərdə isə ölkədə seçkilər başa çatdı. Öncədən proqnozlaşdırıldığı kimi namizədlərin favoriti sayılan Ərdoğan seçicilərin 52,8 faizinin etimadını qazanaraq marafondan qalib ayrıldı. Sabiq baş nazirin qalibiyyətindən sonra AKP-yə rəhbərlik daha aktual xarakter aldı. Bu posta gətiriləcək namizədlər sırasında bir çox tanınmışın adı çəkilir. İddialara görə, həmin vəzifəyə 3 nəfərdən biri - sabiq dövlət rəhbəri Abdulla Gül, baş nazirin müavini Bülent Arınç və xarici işlər naziri Əhməd Davudoğlu təyin olunacaq. Hələlik isə bu barədə heç bir rəsmi açıqlama və ya qərar yoxdur.

AKP-yə sədrlik məsələsini şərh edən politoloq Qabil Hüseynli «Şərq»ə açıqlamasında qeyd edib ki, təşkilatın başına gələn adam həm də ölkənin baş naziri olacaq: "Bu, dəqiqləşmiş işdir. Söhbət kimin baş nazir olmasından gedir. Ərdoğan üçün isə hökumət başçısının kim olmasının çox böyük önəmi var. Yeni prezident konstitusiya islahatları keçirməyi planlaşdırıb. Bu reforma görə, parlamentar idarəçilik sistemindən prezident üsul-idarəsinə keçmək istəyir. Yəni indiyə kimi icra strukturlarının başında baş nazir dayanırdısa, indi ölkə başçısı duracaq. Ona görə də Ərdoğan baş bakanlığa onun bir sözünü iki etməyən adamı gətirəcək”.

Ekspertin qənaətincə, Türkiyədə AKP rəhbərliyinə və baş nazir postuna indiki XİN başçısı Əhməd Davudoğlu təyin olunacaq: "Ə.Davudoğlu Ərdoğanın sözündən çıxmayan adamdı”.

A.Gülün sədrlik məsələsinə gəlincə, Q.Hüseynli söylədi ki, Türkiyədə Rusiya variantını işlətmək olmaz: "Düzdür, şimal qonşumuzda Vladimir Putinlə Dmitri Medvedyev bir-birini əvəzlədilər. Moskvada prezident üsul-idarəsi idi. Rəsmi Ankarada həmin idarəçilik sisteminə bu ildən keçiriləcək. Əslində isə sabiq dövlət rəhbəri A.Gül parlamentar sistemin əvəzlənməsinə narazılıq ifadə etmişdi. Bu baxımdan Ərdoğan onu yaxına buraxmayacaq. Hazırda A.Gül Ərdoğana əks mövqedə dayanır”.

Ayyət Əhməd