«Ortada Uranın zənginləşdirilməsi məsələsi var»

Sabit Bağırov: «Ancaq İranın "Nabucco" layihəsində iştirakı texniki və ehtiyatlar baxımından realdır»



İran "Nabucco” vasitəsilə Avropaya qaz ixrac etməyə hazır olduğunu bəyan edib.
Bunu İran neft nazirinin beynəlxalq əlaqələr üzrə müavini Əli Məcidi bildirib. Onun sözlərinə görə, artıq iki Avropa ölkəsi bu məsələ ilə bağlı İrana müraciət edib: "Avropanın enerji resursları təchizatını diversifikasiya etmək niyyətində olduğu bir zamanda İran öz qazını Avropaya "Nabucco” xətti ilə ixrac edə bilər”. Nazir müavini əlavə edib ki, bu yaxınlarda İrana iki ölkənin nümayəndə heyəti səfər edib və onlar İran qazının Avropaya ixracatı ilə bağlı danışıqlar aparıblar. Hansı ölkələrdən müraciət olduğunu deməyən Məcidi qeyd edib ki, İran qazının ixracatı Türkiyə, İraq, Suriya, Qafqaz və Qara dəniz vasitəsilə reallaşacaq.

İqtisadi və Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Sabit Bağırov qeyd edib ki, İranın "Nabucco" layihəsində iştirakı texniki və ehtiyatlar baxımından realdır. Amma ortada Uranın zənginləşdirilməsi və başqa məsələlərə görə Qərblə dərin ziddiyyətlər, siyasi maneələr mövcuddur: "Bu maneəni aradan qaldırmaq ABŞ və İran münasibətlərinin inkişafından asılıdır. Proseslərin hansı istiqamətdə gedəcəyini görmək üçün müəyyən zaman tələb olunur”.

Ayyət Əhməd