Soçidən sonra: Ortada yalnız bir nəticə var





Azərbaycan və Ermənistan prezidentləri 9 aylıq fasilədən sonra Putinin vasitəçiliyi ilə Soçidə bir araya gəldilər. Üçlü formatda baş tutan görüşdə hər hansı sənəd və birgə bəyanat qəbul edilmədi. Dünya tərəfindən diqqətlə izlənilən görüşün təfərrüatları tam açıqlanmasa da, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar və verilən mesajlar siyasi müstəvidə geniş müzakirələrə yol açdı. Görüşün nəticələri ilə bağlı müxtəlif ehtimallar səsləndirilsə də, Soçidən sonra Azərbaycan-Ermənistan münaqişəsinin hansı istiqamətdə dəyişəcəyini proqnozlaşdırmaq çətindir. Soçidən sonra hərbi qarşıdurmanın daha mürəkkəb fazaya keçəcəyini və müharibənin başlayacağını iddia edənlərlə yanaşı, qarşıdurmanın nisbətən səngiyəcəyini proqnozlaşdıranlar da var. Təbii ki, bunlar sadəcə ehtimallardır. Əslində Ermənistandakı siyasi atmosfer bizə tam bəlli olmasa da, Azərbaycandakı ovqatı seyr etmək və müəyyən nəticələr çıxarmaq o qədər də çətin deyil. Düzdür, avqustun 6-da döyüş bölgələrinə səfəri zamanı Prezident İlham Əliyev çox sərt, hətta bir qədər müharibə ruhlu bəyanatlar verdi. Amma Soçi görüşündən sonra aydın oldu ki, hərbi səhnədə birdəfəlik dönüş etməklə, yaxud da müharibənin ikinci fazasına başlamaqla bağlı hələ də müəyyən tərəddüdlər var. Düzdür, Azərbaycanda hərbi ritorika özünün pik həddinə çatıb. Ölkə hərbi vəziyyətə yaxın atmosfer içindədir. Ermənistanla istənilən təmas pislənir, hətta birgə regional layihələr həyata keçirən QHT-lər də tənqid, bəzən də təhdid obyektinə çevrilir. Amma tamamilə müharibəyə aludə olmadığımız da ortadadır. Ancaq məsələ burasındadır ki, heç bir hərbi qarşıdurma əbədi olaraq davam edə bilməz, bunun mütləq sonu olmalıdır. Zaman-zaman ölkə rəsmiləri özləri də etiraf edir ki, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağa özünüidarəetmə statusu verməyə və ermənilərin Azərbaycanda qalıb yaşamasına razıdırlar. Deməli, münaqişədən sonrakı dövr haqqında düşünmək lazımdır. Bu baxımdan Soçi görüşünün nə qədər əhəmiyyətli olacağanı zaman göstərəcək. Qarabağ zonasında günlərlə davam edən şiddətli döyüşlərdən sonra baş tutan Soçi görüşü region mətbuatı ilə yanaşı, Qərb mediasında da ciddi müzakirə olunur. Görüşü şərh edən əcnəbi təhlilçilər və diplomatlar bütün hallarda Azərbaycan-Ermənistan münaqişəsində dönüş dövrünün başlandığını və problemin donmuş münaqişə olmadığını iddia etsələr də, Soçi görüşünə o qədər də ümid bağlamırlar. Nüfuzlu "Bloomberg” agentliyinin analitikləri hesab edir ki, Putin bu görüşü təşkil etməklə Ukraynada dərinləşməkdə olan böhran fonunda sülhməramlı rol oynamağa çalışır. ABŞ-ın Karnegi Fondunun proqram direktoru Tomas de Vaal deyib ki, Qarabağda müharibə istənilən halda heç kimə gərək deyil: "Rusiyanın yeni münaqişənin başlamasını əngəlləmək üçün güclü stimulu var. Çünki bu münaqişə onun cənub sərhədlərində ciddi qeyri-sabitlik yarada bilər. Həmçinin, Rusiyanın Ermənistanı müdafiə etmək üçün hərbi öhdəlikləri də var. Bu isə o deməkdir ki, müharibə başlasa, Rusiya Azərbaycanla diqqətlə işlənilmiş münasibətlərini məhv edə bilər”. ABŞ-ın Bakıdakı keçmiş səfiri Metyu Brayza da düşünür ki, Rusiyanın Ukrayna böhranındakı rolu Putinin keçmiş Sovet İttifaqı ərazisində öz hakimiyyətini təsdiqlmək səylərini mürəkkəbləşdirir. Görüşün mahiyyəti də Putinin "özünü göstərməsidir”. Soçi görüşünün nəticələrini təhlil edən rusiyalı politoloqlar da bədbin proqnozlar verirlər. 

Rus icmalçı Qriqori Trofimçuk söyləyib ki, indiki üçlü görüş əvvəlkilərdən ciddi fərqlənmir: "Təəssüflər olsun ki, Soçi görüşü Qarabağ konfliktinin həllində inkşaf nöqtəsi olmayacaq. Nəzərə alınmalıydı ki, Qarabağın astanasında artıq yeni müharibə dayanır. Məhz bu görüşün ərəfəsində kifayət qədər çox insan öldürülüb. Azərbaycan və Ermənistan prezidentlərinin çıxışı da müəyyən qədər tanış idi. Prezident İ.Əliyev bir şeyə diqqət çəkdi ki, problemi sülh yolu ilə həll etmək istəyir. Serj Sərkisyan isə iddia etdi ki, konfliktdə eskalasiyanı azərbaycanlılar edib. Görüşün nəticələrinə uyğun olaraq bunu demək olar ki, hazırda Bakının əlləri sözün bütün mənalarına uyğun olaraq açılıb. Ona görə də, problemin sülh yolu ilə həllini birbaşa Soçidə danışıqlar zamanı edilən təklifləri məqsədyönlü şəkildə, praktiki detallarına qədər dəqiqləşdirmək lazım idi. Görünür bu, Rusiyanın Qarabağ probleminə təsir etmək üçün son şansıdır. Hətta Azərbaycan Prezidentinin özü də açıq şəkildə bu şansı ona verir. Putin Soçi görüşünün təşəbbüskarı olaraq ondan asılı olan hər bir şeyi etdi ki, Rusiyanın yaxınlığında yaranacaq ikinci müharibənin qarşısını alsın. Amma bu dəfə daha çox şey tələb olunurdu. Belə ssenarinin qarşısının alınması üçün tələb olunan zəmanətin verilməsi qeyri-mümkün idi”.

  Moskva Qafqaz Araşdırmaları Mərkəzinin eksperti Nikolay Silayev isə görüşün pozitiv siqanallar verdiyini deyib: "Danışıqlar prosesində hazırda ən əsas məqsəd atəşkəs rejiminin qorunmasıdır. Görüşün keçirilməsi müsbət hadisə olsa da, 20 ildir davam edən münaqişə ayrı-ayır vaxtlarda keçirilən görüşlərlə həll oluna bilməz”. 

Digər rusiyalı ekspert Aleksandr Xramçixin görüşün nəticələrinə skeptik yanaşır və irəliyə atılan addım hesab etmir: "Hesab edirəm ki, Azərbaycanla Ermənistan arasında müharibə qaçılmazdır. Hər iki dövlətin bir neçə yüz kilometr uzanan təmas xətti var və belə olan halda hər an hərbi əməliyyatlar başlaya bilər”. Xramçixin fikrincə, cəbhə xəttində insan itkilərini azaltmaq üçün nə Azərbaycan, nə də Ermənistan bölgəyə sülhməramlı qüvvlərin yeridilməsinə razı olar: "Onların razılığı olmadan isə bölgəyə heç bir kənar qüvvə yerləşdirilə bilməz”.


Prezedentlərin Soçi görüşünü və bundan sonrakı mənzərini dəyərləndirən azərbaycanlı politoloqların da fikirləri birmənalı deyil. Sabiq dövlət müşaviri, siyasi şərhçi Vəfa Quluzadə Soçi görüşünü nəticəsiz görüş adlandırıb: "Gözlənildiyi kimi Azərbaycan, Rusiya, Ermənistan prezidentlərinin Soçi görüşü nəticəsiz başa çatdı. Çünki görüş öncədən Ukrayna hadisələrinə görə, konfrantasiyaya daxil olmuş Rusiya və Qərbin qarşıdurması fonunda keçirilirdi. Bu qarşıdurmanın nəticəsi idi ki, cəbhə xəttində intensiv toqquşmalar baş verdi. Belə şəraitdə heç bir irəliləyişə nail olmaq mümkün deyil”. Münaqişənin həllində irəliləyiş görməyən ekspert tərəflərin görüş zamanı mülayim bəyanatlar verməsini diplomatik addım kimi dəyərləndirib. Amma V.Quluzadə istisna etməyib ki, Dağlıq Qarabağda baş verən son hadisələr Rusiyanın Ermənistan vasitəsilə Azərbaycana təzyiq göstərmək istəyindən yaranıb: "Rusiya müharibədə maraqlı deyil. Deməli, Ermənistan da buna getməyəcək. Bunların hamısı şou idi. Rusiya cəbhədə gərginlik yaradaraq, Azərbaycana təzyiq göstərmək və Soçi görüşünü təşkil etmək istəyirdi. Məqsəd Azərbaycanla müxtəlif məsələləri həll etməkdir. Çünki Rusiya sanksiyalara məruz qalıb və Azərbaycanla iqtisadi əməkdaşlıq ona lazımdır. Əslində orada Sərkisyanın iştirakına heç bir ehtiyac yox idi. Amma Putin yalnız İlham Əliyevi Soçiyə dəvət etsəydi, bu, Rusiyanın Ermənistanı satdığına dair əsassız iddialara səbəb olacaqdı. Halbuki bu, heç vaxt mümkün deyil. Yəni Soçi görüşü iqtisadi məsələlərin Azərbaycanla üzbəüz müzakirə olunması üçün təşkil olunub”.

"Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi analitik Ərəstun Oruclu deyir ki, Rusiya hamıyla şantaj dili ilə danışır və bu görüşdə də məqsədi Qafqazda maraqlarını təmin etmək idi: "Kremlin məqsədi ancaq Avrasiya İttifaqı ilə bağlıdır. Ona görə də, hesab edirəm ki, Soçi görüşü bizə əlavə problem yaradacaq, nəinki problemlərimizi həll edəcək. Çünki bu görüş heç bir halda Dağlıq Qarabağ münaqişəsinin həllinə xidmət etmir. Rusiyanın məqsədi münaqişənin həllində irəliləyişə nail olmaq deyil. Putinin heç zaman belə bir fikri olmayıb. Necə ola bilər ki, ilk 8 illik prezidentliyi zamanı münaqişənin həlli üçün heç bir addım atmayan Putin indi problemin çözülməsinə cəhd etsin? Bu, Putinin fəndidir. Dağlıq Qarabağ məsələsi ilə bağlı spekulyasiyadır. Bu, əsgərlərimizin qətlə yetirilməsindən sonra aparılan millətçi spekulyasiya ilə eyni şeydir”.
Ə.Oruclunun sözlərinə görə, Dağlıq Qarabağ məsələsi əvvəli kimi yalnız Rusiyadan asılı deyil: "Qarabağ məsələsi artıq Rusiyanın monopoliyasından çıxıb. Moskva bu məsələnin həllində artıq yeganə söz sahibi deyil. Bölgədə kifayət qədər güclü başqa geosiyasi oyunçular var. Ukraynada baş verənlər bunu açıq-aşkar göstərdi”.


İsmayıl