İhsanoğlu Ərdoğana Azərbaycanda necə qalib gəldi?

Ekspertlərin fikirləri haçalanır, burda «nurçu» faktoru əsas rol oynamayıb



Türkiyədə seçkilər bitdi və xalq ilk dəfə öz prezidentini seçmə şansını dəyərləndirdi. 12-ci Cümhurbaşqanı seçilən Rəcəb Tayyib Ərdoğan 52 faiz səslə ikinci tura qalmadan 21 milyon insanın səsini alaraq, seçkilərdən zəfərlə çıxdı. Ən yaxın rəqibi Əkmələddin İhsanoğlu isə türk tarixinin böyük müxalifət ittifaqının namizədi olmasına baxmayaraq, sadəcə 38 faiz səs yığa bilib. Lakin Ərdoğan Türkiyədə qəti qələbə qazansa da, dünyanın müxtəlif ölkələrində yaşayan türklər arasında eyni zəfəri qazana bilməyib və əksər böyük dövlətlərdə İhsanoğluna uduzub. Məsələn, ABŞ-da, Rusiyada, Qazaxıstanda, Cənubi Afrikada İhsanoğlu yüksək səs toplayıb. O cümlədən, Azərbaycanda da Ərdoğan 39 faiz, rəqibi İhsanoğlu isə 53 faiz səs toplayıb. Məsələni şərh edən əksər ekspertlər deyirlər ki, xaricdəki türkləri təmsil edənlərin az bir qismi diplomatik xidmətdədir. Digərlərini əsasən iki kateqoriyaya bölmək olar: - iş adamları və tələbələr. Yay tətilini nəzərə alsaq, tələbələrin əksəriyyətinin öz vətənlərində olduğunu demək olar. Deməli, Türkiyə xaricində, o cümlədən Azərbaycanda seçkilərə möhürünü vuranlar əsasən iş adamları, yəni "nurçu” sahibkarlar olub. Siyasi təhlilçilərin fikrincə, Azərbaycanda nurçuların məktəblərinin bağlanmasına baxmayaraq, burada "Gülən təhlükəsi” iş adamları səviyyəsində davam etməkdədir. Əllərində kifayət qədər imkan olan bu iş adamları müxtəlif təşkilatlarda öz birliklərini davam etdirir və yeri gələndə öz mövqelərini ortaya qoyurlar. Yəni Ərdoğanın Azərbaycanda İhsanoğluna uduzması MHP-nin və ya CHP-nin burada güclü olması, ya da İhsanoğlunun daha çox tanınması ilə bağlı deyil.

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli də deyir ki, Azərbaycandakı türk vətəndaşların Əkmələddin İhsanoğluna daha çox səs verməsi "nur” icmasının ölkəmizdə güclü olması ilə bağlıdır. Onun sözlərinə görə, Azərbaycandakı türk iş adamlarının, bu yaxınlarda bağlanan türk liseylərində, "Araz” Kurslarında və "Qafqaz” Universitetində çalışan türkiyəli müəllimlərin çoxu sözügedən icmaya bağlı adamlardır. Amma Qafqaz Universitetinin professoru, politoloq Fərhad Mehdiyev bu fikirlərlə razılaşmır. F.Mehdiyevin qənaətincə, İhsanoğlunun Azərbaycanda daha çox səs toplaması başqa səbəblərlə bağlıdır: "Azərbaycan əhalisinin çoxu Türkiyəni dünyəvi, demokratik ölkə kimi görmək istəyir. Diqqət yetirsəniz görərsiniz ki, azərbaycanlılarla yanaşı, burdakı türklər də bundan yanadır. Azərbaycana gələn türklər Türkiyə vətəndaşlarına nisbətən dini-mövhumati dəyərlərdən bir qədər uzaqlaşıblar. Mən İhsanoğlunun Azərbaycanda daha çox səs toplamasını sırf bununla bağlayıram. Çünki İhsanoğlu dünyəvi və demokratik Türkiyəni müdafiə edirdi. Ancaq Ərdoğan tərəfindən bu belə deyil. Biz bilirik ki, Ərdoğanın özünün aid olduğu AKP qurucuları tərəfindən dini siyasi partiya kimi qəbul olunur. AKP-nin qurucu üzvləri bu partiyanı məhz dini partiya kimi təsis ediblər. Hətta vaxtilə Türkiyə Baş Prokurorluğu AKP-nin Türkiyənin dünyəvi düzəninə təhlükə yarada biləcəyi ehtimalını nəzərə alıb onun bağlanması üçün Konstitusiya Məhkəməsində iddia qaldırıb. Bu baxımdan düşünmürəm ki, Azərbaycanda yaşayan türklərin çoxu "nur” camaatına bağlıdır. Azərbaycanda çalışan türklər daha çox inşaat sektorunda, restoran biznesi şəbəkəsində çalışanlardır. Onların "nur” camaatı ilə nə qədər bağlı olduqları mübahisəli məsələdir”.

Politoloq Zərdüşt Əlizadə də F.Mehdiyevin fikirlərini dəstəkləyir. Onun düşüncəsinə görə, İhsanoğlu uzun müddət İslam Konfransı Təşkilatının baş katibi olub və kifayət qədər tanınıb: "Nə üçün İhsanoğlu çoxlu səs yığmasın? Türkiyə miqyasında 38 faiz səs yığan bir şəxsin Azərbaycanda qalib gəlməsi təəccüb doğurmamalıdır. Məsələ burasındadır ki, başqa ölkələrdə yaşayan türklər Türkiyənin daxilində yaşayan türklərdən fərqli düşünə və qərar qəbul edə bilirlər. Azərbaycanda yaşayan türklər də Ərdoğandan fərqli Türkiyəni düşünürlər”.

İsmayıl