Bilik Fondu «Qardaşlaşmış məktəblər» layihəsinə başlayır







Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gənc nəslin hərtərəfli inkişafına və dünyagörüşünün zənginləşməsinə xüsusi diqqət ayırması bir çox layihələrin gerçəkləşdirilməsinə təkan verir. Bu layihələrdən biri də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun sentyabrın əvvəllərindən "İlboyu bilik" şüarı ilə start götürəcək "Qardaşlaşmış məktəblər" layihəsidir. Layihə ilk mərhələdə 15 sentyabr - "Bilik günü"nə qədər Azərbaycanın 20 rayonundakı orta ümumtəhsil məktəblərini əhatə edəcək. Məlumatı "Şərq"ə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun İnformasiya Təminatı sektoru verib. Qloballaşan, informasiyanın, biliyin getdikcə daha çox əhəmiyyət kəsb etdiyi dünyada gənc nəslin müasir standartlara uyğun biliklərə, bacarıqlara və dünyagörüşünə yiyələnməsi, şəxsiyyət kimi formalaşması, azərbaycançılıq məfkurəsi və vətənpərvərlik ruhunda tərbiyə olunması, fərqli milli-mənəvi və dini dəyərlərə hörmətlə yanaşması, sağlam həyat tərzi keçirməsi, ətraf mühitin mühafizəsinə hazır olması, Azərbaycan tarixi və mədəniyyətini bilməsi dövlətimizin qarşıya qoyduğu mühüm məsələlərdəndir. Azərbaycan prezidenti cənab İlham Əliyevin bu tapşırığı Bilik Fondu tərəfindən bir sıra layihələrin, o cümlədən geniş şagird kütləsini əhatə edə biləcək, məktəblilərin fəal və yaradıcı şəxs kimi inkişafını nəzərdə tutan "Qardaşlaşmış məktəblər" layihəsinin icrasını labüd edir. Layihənin əsas məqsədi respublikanın orta ümumtəhsil məktəblərində təhsil alan yeniyetmə və gənclərin biliyə marağının artırılması, Azərbaycan tarixinin və mədəniyyətinin, eləcə də vətənpərvərlik ruhunun təbliğidir. Layihənin vəzifələri isə aşağıdakılardan ibarətdir: müxtəlif bölgələrdən olan məktəblilər arasında "bilik körpüsü"nün yaradılması, onların bir-birinə yaxınlaşdırılması, şagirdlərin intellektual səviyyəsinin yüksəldilməsi və dünyagörüşlərinin genişləndirilməsi, istedadlı gənclərin aşkarlanması, həmçinin fəallarla yanaşı, passiv şagirdlərin də layihəyə cəlb olunması. Layihənin rəhbəri Bilik Fondunun baş məsləhətçisi, sosiologiya elmləri doktoru, professor Rəfael Həsənovun sözlərinə görə, layihədən gələcəkdə respublikanın bütün bölgələrində təhsil alan orta ümumtəhsil məktəb şagirdlərinin faydalanması nəzərdə tutulur. Respublikanın 10 rayonunda yerləşən 10 məktəbə ölkənin 10 digər bölgəsindəki 10 məktəbdən şagirdlər dəvət olunacaq, onlar bir-biri ilə tanış olacaq, birgə tədbirlər keçirəcəklər. Bütün məktəblərdə eyni saatda məktəb və rayon rəsmilərinin iştirakı ilə gələcək əməkdaşlığın əsasını qoyacaq "Qardaşlaşma haqqında Saziş" imzalanacaq. Sənədə əsasən, qardaşlaşmış məktəblərin birgə konfranslar, «dəyirmi massa»lar, sərgilər, konsertlər, muzey və tarixi yerlərə ekskursiyalar, hər iki rayon rəsmiləri, mədəniyyət və incəsənət xadimləri ilə görüşlər keçirməsi nəzərdə tutulur.

Professor Rəfael Həsənov: "Layihə çərçivəsində məktəblilərin mədəni-tarixi yerlərə ekskursiyası təşkil olunacaq, məsələn, Qubaya qonaq gələn məktəblilər Soyqırım Memorial Kompleksini ziyarət edəcəklər. "Qardaşlaşmış məktəblər" layihəsi, xüsusilə, etnik müxtəlifliyi ilə seçilən regionlarda şagirdlər arasında bütün xalqlara, fərqli mədəniyyətlərə hörmət və dözümlülük aşılayacaq, azərbaycançılıq məfkurəsinin dərin kök salmasına xidmət edəcək. Şagirdlərin cəbhə bölgələrinə yaxın rayonlarda yerli əhali və ya mümkün olduqda əsgərlərimizlə görüşü isə onlarda vətənpərvərlik hisslərinin formalaşmasına təkan verəcək. Onu da qeyd edim ki, layihə təkcə məktəbliləri əhatə etmir, eyni zamanda, tələbələrin də könüllü qismində iştirakı nəzərdə tutulur".
"Qardaşlaşmış məktəblər" layihəsi sentyabrın 15-də "Bilik günü" münasibəti ilə respublikanın bütün rayonlarında keçiriləcək "İlk dərs"lə davam edəcək. Bilik Fondunun layihəsinə əsasən, Azərbaycanın istedadlı alim və pedaqoqları yeni tədris ilinin ilk günü məktəblilər qarşısında dövlətçiliyimiz, azərbaycançılıq və vətənpərvərlik mövzusunda məruzə edəcəklər.
Tədris ilinin ikinci yarısında layihənin davamı olaraq qarşı tərəfin ev sahibliyi edəcəyi nəzərdə tutulur. Növbəti tədris ilində Bilik Fondu "Qardaşlaşmış məktəblər" layihəsini digər regionlarda da davam etdirəcək.