Aqşin serrozu yendi, müharibədən danışdı

«Şəhidlərimizlə bağlı sosial şəbəkələrdə gedən statuslar məndə ikrah doğurdu»
«Adını ziyalı qoyan, özünü cəmiyyətə ictimai xadim kimi tanıdan xanımlarımız əsgərlərimiz cəbhədə niyə həlak olur deyə, az qala, saç-başlarını yolurdular»


Bir neçə ay bundan əvvəl səhhətində ciddi problemlər yaşayan gənc şair Aqşin Yenisey üçün çətin günlər artıq geridə qalıb. Qaraciyər serrozunu tamamilə yenən şair artıq ciyərinin itirdiyi fəaliyyətini bərpa etdiyini deyib. Hazırda yaxşı olduğunu deyən şair səhhətində müsbətə doğru xeyli irəliləyiş olduğunu və gün keçdikcə, özünü daha da yaxşı hiss etdiyini bildirib:

- Artıq çətin günlərim geridə qalıb. Arxayınlıqla, qaraciyər serrozunu yenmişəm deyə bilərəm. Sadəcə olaraq, xəstəliyin cüzi əlamətləri qalıb. Qaraciyərimlə bağlı heç bir narahatlığım yoxdur. Sadəcə, 2 ay yarımdan artıq arxası üstə uzanıqlı vəziyyətdə qaldığım üçün əzələ ağrılarım var. Həkimlərin dediyinə görə, yalnız hərəkət etməklə əvvəlki gücümü bərpa edə bilərəm. Bundan ötrü xüsusi müalicəyə ehtiyac yoxdu. Sadəcə, yüngül hərəkətlərlə 3 aylıq hərəktsizliyimin yerini doldurmalıyam. Xəstəliyimə qarşı da yüngül dərmanlar qəbul edirəm. Güclü müalicə almıram.

- Müayinə olunmaq üçün xəstəxanaya tez-tez gedirsiniz?

- Yox, 20 gün olar ki, xəstəxanadan çıxmışam və xəstəxanaya evə buraxılandan 10 gün sonra getdiyimdir. Həkimlərin dediyinə görə, heç bir problem yoxdu və irəliləyiş getdikcə artır. Ona görə də 15-20 gündən bir müayinəyə getməyimin kifayət olduğunu dedilər. Yəqin ki, hansısa bir problem olsa, müayinə intervalı daha qısa olardı. Ya da mənim evə çıxmağıma heç icazə verməzdilər. Bu ayın əvvəlində getmişəm, bir də yəqin ki, sonuna yaxın gedərəm.

- İşə çıxırsınız?

- Hələ ki, yox. Bütün günüm evdə keçir. Yarımçıq qalan işlərimi tamamlamağa çalışıram. Xəstəlikdən əvvəl tamamlanmayan yazılar, oxumadığım kitablar qalmışdı ki, hazırda bütün vaxtımı onlara sərf eləmişəm. İşə çıxmağım da ki, həkimlərin rəyindən asılıdır. Heç bir problem olmasa, aktiv həyata başlamağıma dair həkimlər rəy versə, sentyabrdan işə çıxmaq fikrim var. İndi axşamdan-axşama həyətə düşüb, gəzinti ilə məşğul oluram ki, əzələ ağrılarım keçsin. Qalan vaxtlarda da ya kitab oxuyuram, ya da yazıram.

- Sadəcə köşə yazırsınız, yoxsa ciddi bir əsər üzərində işləməyə başlamısınız artıq?

- İndiyə qədərki kitablarımda çap olunmamış xeyli şeirlərim var ki, onların redaktəsi ilə məşğulam. Bir də ki, xəstəxanaya düşməzdən əvvəl «İmperiyanın çöküşü» adlı əsər yazmağa başlamışdım. Sərhəd bölgəsindən olduğum üçün sovet tanklarının köçüb getməsi, imperiyanın süqutunun kənd camaatına, onların əxlaqına göstərdiyi təsirlərə dair müşahidələrimi yazmaq fikrindəyəm. Əsərə başlayanda roman olaraq düşünmüşdüm, amma indi nə olacağını bilmirəm. Sözün açığı, mənim üçün də maraqlıdır. Mövzu kifayət qədər geniş mövzu olduğu üçün hansı janrda yazacağım müəmmalıdır. Hələ heç «İmperiyanın çöküşü»nü sonlandırmağa «baqaj»ımın yetəcəyini də bilmirəm. Bəlkə, heç yaza bilməyəcəm, yarı yolda qalacaq?

- Uzun müddət xəstəxanada yatdınız, ictimai proseslərdən bir müddət uzaq qaldınız. Evə buraxıldıqdan sonra cəmiyyətdə baş verən hadisələrə adaptasiyanız çətin olmadı ki…

- Xəstəxanadakı müsbət keyfiyyətlərdən biri də o idi ki, orada həm internetdən istifadə edə bilir, həm də qəzetləri oxuya bilirdim. Daimi olmasa da, gündə 1 saat və ya saat yarım internetdən istifadəyə və qəzet-jurnal oxumağa icazə verirdilər. Ancaq onu deyim ki, oxu sürətim çox az idi. Uzun müddət arxası üstə uzanıqlı qaldığım üçün kitabları, qəzetləri ancaq aşağıdan yuxarı oxuya bilirdim. Bu zaman da gözlərim ağrıyırdı, hərfləri yaxşı görmürdüm. Amma hər halda az da olsa, hər şeydən xəbərdar idim. Ədəbi məkanda baş verən proseslərdən, gənclərin yaradıcılığından xəbərdar idim. Hətta Yazıçılar Birliyinin qurultayı haqqında gedən yazıları da oxuyurdum. Bir sözlə, xəstəxanada olduğum müddətdə mən yalnız şəxsi həyatımdan, ailəmdən təcrid olunmuşdum, cəmiyyətdən yox. Sağ olsun, dost-tanış da tez-tez baş çəkib, məni baş verənlərdən agah edirdi.

- Son günlər ölkədə ən çox müzakirə predmeti olan məsələlərdən biri də cəbhə xəttində baş verən atışmalar və itkilərimizdir. Bir ziyalı olaraq, təmas xəttindəki proseslərə sizin də münasibətinizi öyrənmək istərdik...

- Orduda zabit olduğum üçün Azərbaycan-Ermənistan sərhəddində baş verənlərə münasibətim birmənalıdır. Ordudakı psixologiyaya yaxşı bələdəm. Xüsusən də, müharibə dönəmində əsgərlərin hansı psixologiyada olması ilə bağlı məlumatlıyam. Əsgərlərimizi itirmək bizim üçün çox ağrılıdı. Amma bizdə belə bir yanlış təfəkkür formalaşıb ki, müharibəni başlayıb torpaqlarımızı geri qaytaraq, amma heç kimin balasının burnu da qanamasın. Bu mümkün deyil axı? Torpaqlarımızın qaytarılmasını, Vətənin, namusunun qorunmasını istəyən hər kəs balasının ölümünü də göz önünə almalıdır. Şəhidlərimizlə bağlı sosial şəbəkələrdə gedən statusların əksəriyyəti məndə ikrah doğurdu. Adını ziyalı qoyan, özünü cəmiyyətə ictimai xadim kimi tanıdan xanımlarımız əsgərlərimiz cəbhədə niyə həlak olur deyə, az qala, saç-başlarını yolurdular. Halbuki, ondan bircə gün əvvəl həmin xanımlar torpaqlarımızın geri qaytarılmasını arzulayır, bu yolda şəhid verməkdən belə çəkinmədiklərini qeyd edirdilər. Ay bacım, qardaşım, torpaq almaq istəyirsənsə, şəhid verməyi də bacarmalısan. Müharibənin qayda-qanunu belədir.

- Sizcə, Dağlıq Qarabağ münaqişəsi hansı variantda öz həllini tapacaq?

- Bir an içərisində təmas xəttində hərbi əməliyyatların alovlanması və prezidentlərin Soçi görüşündən sonrakı proseslər fonunda deyə bilərəm ki, Dağlıq Qarabağ münaqişəsi ancaq yumruqla həll olunacaq. Odur ki, Azərbaycan ordusu hər an 2-ci Qarabağ savaşına hazır olmalıdır. Çünki proseslərin gedişi göstərir ki, Azərbaycan istənilən vaxt Ermənistana dövlət səviyyəsində müharibə elan edə və Qarabağa qoşun yeridə bilər. Bunun üçün ordumuzun da, dövlətimizin də kifayət qədər potensialı var. Azərbaycanı ittiham etmək və bizə qarşı siyasi motivli çıxışlar etmək üçün Ermənistanın nə haqqı, nə də arqumentləri var. Faktiki olaraq, işğalçı ermənilər bizim torpaqlarımızı işğal edib, minlərlə həmyerlilərimizi yurd-yuvalarından didərgin salıb. Odur ki, Azərbaycan xalqının istənilən yolla öz müqəddəratını həll etmək haqqı var. Sabahı gün Ermənistana hücum edərsək, bizi qınamaq üçün beynəlxalq aləmin əlində heç bir əsası yoxdu.

Ermənistanın işğalçı və qəsbkar olduğunu vurğulayan şair buna rəğmən Dağlıq Qarabağ münaqişəsinin xalqlar arasında düşmənçilik predmentinə çevrilməsinin doğru olmadığını deyib: 

« Baxın, 1949-cu ildə İsrail dövləti yaradılandan üzü bu yana Fələstin xalqı ilə yəhudilər arasında ən azı ildə iki dəfə toqquşmalar olur, amma bir fələstinli də evini tərk eləmir. Onu da deyim ki, münaqişələri bu qədər uzatmaq doğru deyil. Ara yerdə uşaqlar, günahsız insanlar həlak olur. Hətta iş dalınca, yaxud da bir yaxınına baş çəkmək üçün bölgəyə səfər edən, münaqişəyə dəxli olmayan insanlar qurban gedir. İki nəfər fələstinli balaca qız Amerikada yəhudilərə qarşı etiraz aksiyası keçirdiyi üçün İsrail ordusu səhəri gün Qəzzada orta məktəbi partlatdı və nəticədə nə qədər məktəbli həlak oldu. Dediyim odur ki, müharibələri xalqların şəxsi düşmənçiliyinə gətirib çıxarmaq da düzgün deyil. Çünki bu, müharibə başa çatandan sonra növbəti müharibənin təməlini qoymaq kimi bir şeydir. Müharibəni soyuq başla aparmaq lazımdı. Necə ki, Napoleon Rusiya üzərinə hücum etdi və Borodina çölündə məğlub olaraq, geri çəkildi. Amma bu döyüş Fransız xalqı ilə rus xalqını bir-birinə düşmən etmədi. Qarabağ müharibəsində məni qorxudan yeganə şey müharibəni şəxsiləşdirmək və düşmənçilik səviyyəsinə endirməkdir. Müharibə cinayətkarı həbs etmək kimi bir şeydir. Necə ki, polis cinayətkarı tutduqdan sonra istintaqı bağlayır, ordu da öz fəaliyyətini bu münasibət üzərində qurmalıdır. Düşmən torpaqlarımızı işğal edib, onların burnuna vurub, geri qaytarmaq lazımdı, vəssalam. Özü də torpaqlarımızı harda itirmişiksə, orda da geri qaytarmalıyıq. Qəzet səhifələrində, sosial şəbəkələrdə yox. Düşmən bizim torpaqlarımızı harda əlimizdən alıb, biz də həmin yerdə onları qırıb, qovlamalıyıq. Bəzən gənc şairləri ittiham edirlər ki, Qarabağ haqqında niyə şeir yazmırlar? Bizim cəmiyyətimiz hələ 1941-1945-ci illər Böyük Vətən müharibəsinin eyforiyasından çıxa bilməyiblər. Hələ də inanırlar ki, doğrudan da, müharibəni şairlər udur».

Şəymən