Ali məktəblərdə dini dərslər tədris olunmalıdır

Hacı Fuad Nurullayev: «İslamı düzgün dərk etməyən gənclər yanlış yollara gedir. Qeyri-ənənəvi dinləri seçirlər»
«Bunun üçün Allahın, Quranın, peyğəmbərin dedikləri təlim edilməlidir»


Ali təhsil ocaqlarında dini dərslərin tədrisi uzunmüddətli müzakirə mövzusuna çevrilib. Bu cür tədrisin ölkədə dini zəmində baş verən qarşıdurmaların aradan qaldırılması istiqamətində effektiv nəticələr verəcəyi barədə kifayət qədər fikirlər səslənib. Amma hələ ki, məsələnin reallaşmasının şahidi olmuruq. Ona görə də bu mövzu zaman-zaman gündəmə gətirilir. İlahiyyatçı, ərəbşünas-alim İdris Abbasov da universitetlərdə dini dərslərin tədrisindən danışıb. "Azərbaycan gerçəkliyində islamın öz ruhuna və mahiyyətinə uyğun, açıq-aydın ana dilində tədrisi bu sahədə olan problemlərin aradan qaldırılmasına ideal zəmin yarada bilər. Dini-elmi maariflənmə yolu ilə məzhəb ayrı-seçkiliyinin, dini zəmində təxribatların qarşısını almaq olar. Nə qədər ki, dini bilgilərimiz az olacaq, dindən sui-istifadə hallarına da tez-tez rast gələcəyik”. Onun sözlərinə görə, dinin, xüsusən, dinlər tarixinin tədris olunması dini maarifçiliyin mühüm ünsürü kimi vacib məsələdir: "Əlbəttə, dini-elmi bilgilərin olmaması, dinin gözdən salınması faktiki olaraq fanatiklərin qol-qanad açmasına səbəb olur. Hesab edirəm ki, ali təhsil müəssisələrində dini dərslərin tədrisi mütləqdir. Çünki dini dərslərin yoxluğu və düzgün tədris olunmaması gənclərin kortəbii olaraq müxtəlif cərəyanlara qoşulmasına gətirib çıxarır”.

Məsələni dəyərləndirən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini, Bakı İslam Universitetinin (BİU) dekanı Hacı Fuad Nurullayev də bildirib ki, Azərbaycanda yaranmış dini radikalizm probleminin aradan qaldırılması, insanların dini cəhətdən düzgün maariflənməsi üçün orta və ali məktəblərdə mütləq dini dərslər tədris edilməlidir. Onun qənaətincə, hazırda ölkəmizdə yaşayan insanlar dini biliyə, savada malik olmaları üçün heç də kütləvi şəkildə məscidlərə axın etmirlər. Çünki məscidlərdə dini dərslər verilmir, insanların dini maariflənməsi üçün kifayət qədər tədris imkanları yoxdur: "Məscidlərdə tədris olmur. İnsanlarda əxlaq, mənəviyyat, Vətənə sevgi formalaşdırmaq üçün yalnız cümə xütbələri, moizələr olur. Bəs yaranan problemin qarşısını almaq üçün çıxış yolu nədir? Fikrimcə, orta və ali məktəblərdə mütləq şəkildə dini dərslər tədris edilməlidir. Əgər islamın, digər dinlərin əsasları ilə bağlı tədris və təlim bərpa edilməsə, biz bu problemin qarşısını ala bilməyəcəyik. Bu sahəyə mütəxəssislərin cəlb edilməsi üçün xaricə müraciət etməyə də ehtiyac yoxdur. Məsələn, pilot layihələr ola bilər. Bunun üçün Bakı İslam Universitetinin və Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin məzunlarından istifadə edərək orta və ali məktəblərdə dini dərslər keçmək, dinlərin əsasları ilə bağlı kompleks təlimlər keçmək mümkündür. Bu məsələdə çox gecikmişik və gecikməkdə davam edirik”. F.Nurullayevin fikrincə, əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən Azərbaycanda problemlərin çoxu gənclərin islam dinini düzgün anlamaması və yalançı təbliğat səbəbindən yaranır: "İslamı düzgün dərk etməyən gənclər yanlış yollara gedir. Qeyri-ənənəvi dinləri seçirlər. Əgər onlar orta və ali məktəblərdə düzgün dini təhsil alsaydılar, təbii ki, belə hal yaranmazdı. Onlar xaricdən gələn missionerlərin fətvalarına, yalan təbliğatlarına aldanmazdı, cavanlarımızı da itirməzdik”.

H.Nurullayev hesab edir ki, cəmiyyətdə dini maariflənmənin səviyyəsini qaldırmaq işini hər hansı qurumun və mərkəzin boynuna qoymaq düzgün deyil. Cəmiyyət bütünlüklə dini biliyə və savada malik olması üçün çalışmalıdır: "Hər bir imkanı olan şəxs vətəndaşlarımızın orta və ali məktəblərdə dini təlim və tədrisi üçün əlindən gələni etməli, istəkli olmalı, ortaya təkliflər qoymalıdır. Valideynlər var ki, gəlib deyir ki, övladım məndən icazəsiz, xəbərsiz çıxıb Suriyaya gedib və indi də oradan ölüm xəbəri gəlir. Bunun kökündə övladın valideynini eşitməməsi, ona tabe olmaması, dini dərindən bilməməsi durur. Əgər övlad valideyn haqlarından xəbərdar olsaydı, ata-anasından halallıq almadan belə bir addım atmazdı. Amma onun beynini doldurublar

ki, sənin valideynin xəvaric, vəhhabi deyilsə, deməli, o, kafirdir və ona qulaq asmaya da bilərsən. Günlərin birində də övlad valideynlərindən imtina edir, hətta onun qanını, canını da halal hesab edir. Sonra da gedib hərbi münaqişələrə cəlb olur ki, guya, Allah yolunda şəhid olacaq. Müsəlman o zaman döyüşlərdə şəhid olur ki, din, dövlət rəhbəri Vətənin, torpağın, dinin yolunda cihad əmri verir. İndiki halda Azərbaycan torpaqları işğal altındadır. Biz sabah əmr verilən kimi öz torpaqlarımız uğrunda mübarizəyə hazır olmalıyıq. Övladlarımızı bunun üçün yetişdirməli, bunun üçün hazırlamalı, gənclərimizi sağlam təfəkkür, düşüncə, mənəviyyat və əxlaqla yetişdirməliyik. Bunun üçün Allahın, Quranın, peyğəmbərin dedikləri təlim edilməlidir. Təlim isə orta və ali məktəblərdə olur. Bununla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dövlət qarşısında məsələ qaldırmalıdır. Dinin əsasları və özəllikləri məktəblərdə təlim və tədris olunmalıdır. Biz artıq çox şeyi itiririk, əgər bu olmasa, yenə də itirməkdə davam edəcəyik”.

İlahiyyatçının fikrincə, hazırda dini maarifləndirmə məsələsində KİV-lərin, xüsusilə televiziyaların işləri qənaətbəxş səviyyədə deyil: "Jurnalistika fakültəsində təhsil alan tələbəyə dinin əsasları tədris edilərsə, o, gələcəkdə hər hansı KİV-də işlədiyi zaman dinə necə xidmət etmək lazım olduğunu biləcək. Bu məqsədlə müvafiq ədəbiyyatın hazırlanması üçün BİU və ya BDU-nun İlahiyyat fakültəsinə təkliflər verilə bilər. Bu sahədə proqramların, dərsliklərin hazırlanması mümkündür. QMİ-nin Elmi-dini şurası var və onun rəhbəri akademik Vasim Məmmədəliyevdir. Bu vaxta kimi islamın əsasları ilə bağlı bir neçə yığcam təlimlər olub. Lakin həmin proqramlar qəbul edilməyib. Ona görə də dövlətin müvafiq qurumları bu məsələdə maraqlı olmalıdırlar. İnsanlarımızın dini baxımdan sağlam düşüncəyə malik olması üçün bu məsələdə heç kim biganə qalmamalı, yaxasını kənara çəkməməlidir”.

Ayyət Əhməd