Orduda zabit qadınlarımız barmaqla sayılacaq qədərdir

Təəssüf ki, bu sahə diqqətdən kənarda qalıb



Tariximizin istənilən dövrünü araşdırsaq, görərik ki, kifayət qədər hərb işi ilə məşğul olan, xarici düşmənlərə diz çökdürən sərkərdə qadınlarımız olub. Təəssüf doğuran məqam odur ki, həmin qadınların təbliği aktual olmayıb. Məhz bu səbəbdəndir ki, hazırda qadınların orduda xidmət göstərməsi cəmiyyətdə birmənalı qarşılanmır. Ona görə də əksər qadın hərbi sahəni seçmir. Azərbaycan illərdir müharibə şəraitində olsa da, qadınların orduda təmsilçiliyi hələ də aşağı səviyyədədir. Müdafiə Nazirliyindən verilən məlumata görə, hazırda Silahlı Qüvvələrdə zabit, gizir, çavuş və əsgər vəzifələrində təqribən 1000 nəfərə yaxın qadın hərbi qulluqçu xidmət edir. Onlar daha çox tibb, arxa cəbhə və yeməkxanalara nəzarət işləri ilə məşğul olurlar. Heç bir hərbi təlimlərə qatılmırlar. Silahla davranmanı belə bilmirlər. Dünyanın bir çox ölkələrində qadınların orduya cəlb olunması prosesi gücləndiyi halda ölkəmizdə bu iş əksinə cərəyan edir. Yəni 1999-ci ildən ali hərbi məktəblərə qızların qəbuluna başlansa da, hazırda hərbi məktəblərə qızların qəbuluna qadağa qoyulub. Halbuki döyüş şəraitində olan bir ölkə üçün qadınların hərbiyə gətirilməsi çox vacibdir.

Məlumat üçün bildirək ki, Qarabağ savaşı zamanı xeyli sayda Azərbaycan qadını hərbi əməliyyatlarda yaxından iştirak edib. Hətta 1992-ci ildə qadınlardan ibarət batalyon da yaradılıb.

Qadınların orduya cəlb olunmasının əhəmiyyətli olduğunu deyən ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov «Şərq»ə açıqlamasında söyləyib ki, MN buna biganə yanaşır: "Artıq bir neçə ildir ki, bu məsələ özbaşına buraxılıb. Əvvəlki illərdə gənc qızlarımız imtahan verib, Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olunurdular. Məktəbi zabit kimi başa vururdular. Sabiq nazir müavini general Məmməd Beydullayevin dönəmində proses dayandırıldı. Bu, özbaşına verilmiş qərar idi. Həmin qərarın acısını indi də yaşayırıq. Baxın, dünyanın az qala bütün ölkələrində qadınların zabit kimi çalışmasına heç bir qadağa qoyulmayıb”.

Ekspertin sözlərinə görə, ordudakı zabit qadınlarımız barmaqla sayılacaq dərəcədədir: "Belə olmamalıdır. Orduda humanitar məsələləri əhatə edən sahələr var. Kişilərlə yanaşı, xanımlarımızın da çalışması yaxşı olardı. Təəssüf ki, bu sahə diqqətdən kənarda qalıb. Əlaqədar qurum bu işlərə diqqət yetirməlidir. Baxın, bir sıra dünya ölkələrində müdafiə nazirləri qadınlardı. Belə ölkələrdən örnək götürmək lazımdır”.
Hərbi sahəni seçən qadınların cəmiyyətdə birmənalı qarşılanmamasına gəlincə, Ü.Cəfərov deyib ki, bu təfəkkürlə uzağa gedə bilmərik: "Hansısa xanım özünə vətənin müdafiəsi peşəsini seçirsə, o, müsbət dəyərləndirilməlidir. Hərbiçi qadınlar həyatda bərkin-boşun nə olmasını daha yaxşı bilirlər. Keçmişdə ailəli olan çoxlu sayda zabit və gizir qadınlar vardı. Cəmiyyətdə nüfuz sahibi idilər. Belə işdə bir az fərqli düşünmək lazımdı. Bu istiqamətdə cəmiyyətdə maarifləndirici tədbirlərin aparılmasına ehtiyac duyulur”.

Ayyət Əhməd