Yaralı əsgərlərimizin Türkiyədə müalicəsi hərbi mesajdır

Üzeyir Cəfərov: «Türkiyənin ölkəmizə göstərdiyi təəssübkeşlik Ermənistana və havadarlarına bir siqnaldır»
Azad İsazadə: «Müharibələr zamanı dost, qardaş ölkələr biri-birinə belə yardımlar edir»

Cəbhə xəttində gərginlik yaşanan günlərdə Azərbaycana yardım əlini uzadan ilk ölkə təbii ki, yenə də qardaş Türkiyə oldu. Türkiyə dövləti yaralı əsgərlərimizin müalicəsini üzərinə götürdü. Məlumdur ki, hazırda 3 əsgərimiz Ankarada müalicə olunur. Əsgər Ədalət Məmmədov Ankara xəstəxanasına, Elvin Əsgərov və Sərxan Tahirzadə isə Atatürk xəstəxanasına yerləşdirilib. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu da bu günlərdə yaralı əsgərlərimizi ziyarət edib və «siz öz evinizdəsiniz» ifadələrini işlədib. Verilən məlumatlara görə, əsgər Sərxan Tahirzadənin iki ayağı, digər əsgərimizinsə bir gözü amputasiya edilib. Əsgərlərimizin həyati təhlükəni artıq atlatdığı bildirilir. Burada qürurverici məsələ qardaş ölkə xəstəxanalarının yaralı əsgərlərimizi qeyd-şərtsiz qəbul etməsi və ölkə rəsmilərinin hərbiçilərimizə baş çəkməsidir. Əlbəttə, bu hal hərbiçilərimizi və eyni zamanda savaş dönəmində olan cəmiyyətimizi birliyə ruhlandırır. Üstəgəl, rəsmi Ankaranın ölkəmizə dəstəyi düşmən Ermənistana və havadarlarına çox ciddi mesajdır. Maraqlıdır, bəs görəsən, Azərbaycanda yüksək vəzifə sahibləri yaralı əsgərlərimizin yerləşdirildiyi xəstəxanalara baş çəkirlərmi?

Ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov "Şərq”ə açıqlamasında bildirib ki, Türkiyənin yüksək vəzifəli şəxslərinin oradakı yaralı əsgərimizlə görüşü, bizim vəzifəlilərimizə bir örnək olmalıdır. Yüksək çinli məmurlarımız bundan nəticə çıxarmalıdırlar: "Türkiyədə siyasi və hərbi rəhbərlik vətənin keşiyində duranlara hər zaman diqqət yetirib. Biz də azərbaycanlı olaraq, türklərin əsgərlərə, hərbiçilərə diqqətinə qibtə etmişik. Azərbaycanda da bu ənənə yaranmalıdır”.

Ekspertin sözlərinə görə, Azərbaycan əsgərinin Türkiyədə müalicə alması səhiyyəmizin zəif olması anlamına gəlməli deyil: "Burda daha çox siyasi amil var. Həmin amilə görə, hərbiçilərimiz qardaş ölkəyə aparıldı”.

Ü.Cəfərov hesab edir ki, bu, həm də Türkiyənin Azərbaycana dəstəyi kimi dəyərləndirilməlidir: "Türkiyənin ölkəmizə göstərdiyi təəssübkeşlik Ermənistana və havadarlarına bir siqnaldır ki, Türkiyə hər zaman Azərbaycanın yanında olacaq”.

Məsələni şərh edən hərbi ekspert, psixoloq Azad İsazadə qeyd edib ki, Türkiyə dövlətinin yaralı əsgərlərimizin müalicəsini üzərinə götürməsi Azərbaycana dost, qardaş əlini uzatmaq kimi qəbul edilməlidir:

- Mən burada təəccüblü bir şey görmürəm, hətta çox müsbət dəyərləndirirəm. Bu, ilk növbədə Türkiyənin bizə uzanan yardım əlidir. Yaralı əsgərlərimizin müalicəsini üzərinə götürməklə Türkiyə Azərbaycanın yanında olduğunu göstərdi. Yaralıların qonşu ölkələrdə müalicə olunması təcrübəsi həmişə olub. Müharibələr, hərbi münaqişələr zamanı dost, qardaş ölkələr biri-birinə belə yardımlar edir, zəruri hallarda, hətta çox zərurət olmadıqda belə, öz köməklərini təklif edirlər. Bu, «biz sizin yanınızdayıq, tək deyilsiniz» anlamına gəlir. Həm də ola bilsin ki, həmin 3 əsgərimizin vəziyyəti digər yaralılara nisbətən mürəkkəb olub. Hesab edirəm ki, 3 əsgərimizin Türkiyədə müalicə olunmasında tibbi zərurət də varmış. Bununla, mən heç də Azərbaycan hərbi cərrahiyyəsinə kölgə salmaq niyyətində deyiləm. Azərbaycanda, xüsusilə hərbi cərrahiyyə böyük inkişaf edib. Qarabağ müharibəsi bizə çox şey öyrətdi. Müharibə illərində faktiki olaraq mülki cərrahlar hərbi cərrahiyyəni də üzərlərinə götürdülər. Yəni, bizim cərrahlar, hərbi həkimlər müharibənin od-alovu içində püxtələşdilər. Ona görə də bu dəqiqə Azərbaycanda hərbi cərrahiyyə çox güclüdür. Amma əlbəttə, Türkiyədə səhiyyə çox güclüdür, keyfiyyət çox yüksəkdir. Hərbi-tibbi hospitallarda hər şey ən yüksək səviyyədə təşkil olunub. Mən istisna etmirəm ki, 3 əsgərimiz burda da çox gözəl müalicə olunacaqdı. Sadəcə, bu yardım Türkiyənin Azərbaycana qardaş əlini uzatması, təkcə dost və qardaş ölkə deyil, eyni zamanda strateji müttəfiq olduğunu göstərmək istəyindən irəli gəlir.

Qardaş ölkənin addımlarını dəyərləndirən politoloq Natiq Miri hesab edir ki, Türkiyə rəsmilərinin yaralı əsgərlərimizə baş çəkməsi siyasi mesajdır. Onun sözlərinə görə, rəsmi

Ankaranın bu cür davranışı Azərbaycan-Türkiyə münasibətlərinin inkişafından xəbər verir: "Bununla qardaş ölkə göstərdi ki, onlar Azərbaycan əsgərləri olmaqla yanaşı, həm də Türkiyə əsgərləridir. Türkiyə də bir dövlət olaraq əsgərlərinə sahib çıxmağı bacarır. Bu, yalnız Ermənistan və havadarı Rusiyaya deyil, bütün dünyaya bir xəbərdarlıqdır. Qardaş ölkə dünyaya çatdırmaq istəyir ki, dünyada çox güclü bir türk toplumu mövcuddur”.

Ekspertin qənaətincə, Türkiyənin ölkəmizə göstərdiyi təəssübkeşlik həm də bir hərbi mesajdır: "Rəsmi Ankara bildirir ki, Azərbaycan dövlətinə qarşı hərbi təxribatlar törədilərsə, Türkiyə birmənalı olaraq rəsmi Bakının yanında olacaq. Bunu çox önəmli siyasi gediş sayıram. Zənnimcə, aidiyyəti dairələr Türkiyənin mesajını alıb. Müəyyən ölkələrin narahatlığı hiss olunur”.

N.Miri onu da diqqətə çatdırıb ki, Azərbaycan və Türkiyə arasında hərbi sazişin bağlanmasının tam zamanıdır: "Bu, türk toplumları adına çox müsbət addım olardı”.

Məlahət Rzayeva

Ayyət Əhməd