Ermənilər Azıx mağarasına da əl atırlar

Musa Qasımlı Milli Məclisdə bu məsələni gündəliyə gətirəcək




İşğalçı Ermənistan dövləti növbəti dəfə qeyri-qanuni olaraq Azərbaycanın maddi mədəniyyət nümunələrindən öz məqsədləri üçün istifadə etməyə başlayıb. Ermənilər işğal altındakı məşhur Azıx mağarasında tədqiqat işlərinə başlayıb. Bu mağara dünyada ibtidai ilk insan izlərinin yaşadığı üç ərazidən biridir.

Qeyd edək ki, Azıx mağarası Füzuli şəhərindən 16 km aralıda yerləşən, Qururçay sahilində yerləşir. 2002-ci ildən başlayaraq təcavüzkar Ermənistan rəhbərliyinin təşkilatçılığı ilə Azıx mağarasına xarici ölkələrdən arxeoloji ekspedisiyalar səfər edirlər. Sonradan oradan tapılmış tarixi eksponatlar gizli olaraq Ermənistan və Qərb ölkələrinin muzeylərinə göndərilir.

Millət vəkili, tarix elmləri doktoru, professor Musa Qasımlı bu məsələ ətrafında danışarkən "Şərq”ə kimin ilk dəfə tədqiqat işləri aparması haqqında məlumat verib: "Bu mağarada birinci arxeoloji qazıntı işləri görkəmli alim Məmmədəli Hüseynov tərəfindən aparılıb. O hələ ötən əsrin 60-cı illərində apardığı tədqiqatları ilə arxeologiya elminə bir sıra yeniliklər gətirib. Onun tədqiqatları dünya alimləri tərəfindən qəbul edilib”.

M.Qasımlı Ermənistanın Azıxda apardığı hər hansı arxeoloji qazıntı işlərinin qeyri-qanuni olduğunu açıqlayıb: "İşğalçı dövlətin yürütdüyü siyasətin tərkib hissəsidir. Mən 1970-ci illərdə Azıx mağarasında olarkən arxeoloji qazıntı işlərində iştirak etmişəm. Bu zaman universitetdə oxuyarkən Salakətin kəndində məktəbdə qalardıq. Arxeoloji qazıntı işləri isə M.Hüseynovun rəhbərliyi altında aparılırdı. Biz də tələbə olaraq burada arxeoloji təcrübə keçirdik. Bir neçə dəfə Azıx mağarasının içərisində olmuşam və çox gülməlidir ki, ermənilər mağarada olan daş qadın çənəsini erməni abidəsi kimi qələmə verirlər. Amma qədim daş dövründə hələ millət anlayışı olmadığı məlum idi. Hesab edirəm ki, Ermənistan beynəlxalq hüquq normalarını saymır. Bəzi dövlətlər də təcavüzkarı şirnikləşdirmə siyasəti yürüdürlər. Ermənistanın təcavüzü Avropa təhlükəsizliyinə təsir edir”.

Millət vəkili Ermənistanın təcavüzü və onun nəticələri ilə bərabər işğal edilmiş ərazilərdə qanunsuz fəaliyyətləri haqqında dəfələrlə Milli Məclisdə məsələ qaldırıldığını söyləyib:

"Bununla bağlı müvafiq təşkilatlara da müraciətlər qəbul olunub. Növbəti MM-in sessiya iclaslarında da bu məsələlərin yenidən gündəliyə salınacağını düşünürəm”.

Vüqar Şahinoğlu