Milli parkda velosipedçilər ciddi problem yaradırlar

Məsələ sosial şəbəkələrdə də müzakirəyə səbəb olub



Publisist İlhamiyyə Rza şəxsi "facebook” səhifəsində Park Bulvar yaxınlığında, Milli Parkda şahidi olduğu bir hadisə barədə yazıb. "Bir gənc velosipedlə təxminən 7 yaşlı bir oğlan uşağını az qala tapdalamışdı. Uşaq bərk qorxdu. Ata isə bir göz qırpımında bu gənci qapazlayıb döydü. Oğlan özünə haqq qazandırmaq istədikcə yumruğun sayı da artırdı. Kişi oğlandan əl çəkmək istəmirdi.

Çox təzadlı hisslər keçirdim. Bir an içində uşaq ciddi xəsarət ala bilərdi. Bu baxımdan oğlan o yumruqları haqq edirdi. Ümumiyyətlə, insanların gəzişdiyi yerdə velosiped sürmək ciddi problem yaradır parkda. Buna yol vermək olmaz. Digər tərəfdən uşaq, deyəsən atasının davasından daha çox qorxmuşdu. Polis də guya yaxınlaşdı, amma kişinin hirsi soyumurdu. Ətrafdan mənzərəni seyr edən Almaniyada yaşayan rəfiqəm və qızı hadisəni fərqli şərh edirdilər. Rəfiqəm, hər şeyi qanun çərçivəsində həll etməyin tərəfdarı ikən, onun 14 yaşlı alman dilində danışan qızı, yəni artıq alman mühitində formalaşmış bir yeniyetmə, kişiyə haqq qazandırırdı ki, "polis gələnəcən dayanıb gözləməli idi?” Mənsə, fikirləşirdim ki, bu gəncə yaxşı dərs oldu, daha etməz, amma nə yazıq ki insanlar yumruqdan daha çox dərs götürürlər”.

İlhamiyyə Rzanın ictimaiyyətlə paylaşdığı hadisə və ona dair fikirlərinə bir xeyli münasibət bildirənlər də var. Yazılan şərhlərdən belə məlum olur ki, demə, çoxları bulvardakı velosipedçilərin əlindən yanıqlıdır. Məsələn, bir xanım yazır ki, "velosipedçilər adamın yanından vıyıltı ilə keçir, ehtiyatsız davransan, vurub yıxacaqlar”. Daha bir neçə nəfər də bulvarda velosipedçilərlə birgə istirahət etməyin mümkünsüzlüyündən yazıblar. "Bulvar velosiped yarışı meydanına çevrilib” deyə etiraz edənlər də var. Görünən budur ki, bulvara sakit bir halda dəniz havası udmağa gələnlər qulaqlarından dibindən velosipedçilərin vıyıltı ilə keçməsindən çox narahatdırlar və bu hal istirahət edənlərdə əsl diskomfort yaradır.

Məsələ ilə bağlı dünən Bakı Bulvar İdarəsi ilə əlaqə saxladıq.

İdarənin rəisi Nazim Məcidov "Şərq”ə açıqlamasında velosiped sürənlərin qaydaları pozduğunu dedi:

- Biz hər yerdə deyirik, bildiririk ki, velosiped sürmək üçün xüsusi yerlər ayrılıb. Bulvar ərazisində İdman Sarayından Bayraq Meydanınadək olan ərazi gecə-gündüz - günün 24 saatı velosipedçilərin ixtiyarındadır. Orada xüsusi zolaq var və velosipedçilər bu zolaqla hərəkət etməlidirlər. Bulvarın əvvəlki - köhnə ərazisində isə velosipedçilər yalnız Dəniz Vağzalı tərəfindən 1-ci xətlə hərəkət edə bilərlər. Bulvarın içərisində, insanların sərbəst hərəkət etdiyi yerlərdə, kütləvi gəzinti üçün nəzərdə tutulan yerlərdə velosiped sürmək qadağandır. Amma velosipedçilər qaydaları pozurlar, insanların istirahətinə mane olurlar. Necə ki, avtomobil sürücüləri yol-hərəkəti qaydalarını pozur, yol nişanlarını nəzərə almır, sürət həddini aşır, eləcə də velosiped sürənlər arasında qayda-qanuna riayət etməyənlər olur. Bununla bağlı biz dəfələrlə iradlarımızı bildirmişik. Baxmayaraq ki, dəfələrlə deyilib, yenə də qaydaları pozurlar. Yol-hərəkəti qaydalarını pozduğuna görə sürücülər cərimə olunur, ona görə, bir az ehtiyatlı davranırlar. Yol polisindən çəkinirlər. Amma velosiped sürənlərə qarşı heç bir cərimə nəzərdə tutulmadığından istədikləri kimi hərəkət edirlər. Bəlkə onlar üçün də cərimə tətbiqi nəzərdə tutulsa, ehtiyat edər, qaydaları az pozarlar.

N.Məcidov qeyd etdi ki, Bakı Bulvar İdarəsinin 80 nəfərlik mühafizə xidməti var. Lakin bu, yüzlərlə velosipedçiyə nəzarət etmək üçün yetərli ola bilməz:

- Mühafizə xidməti qaydaları pozan velosipedçiləri görəndə qarşısını alır, saxlayır, irad bildirir, hərəkət zolağını onlara göstərir. Amma 80 nəfərlik mühafizə xidməti yüzlərlə velosipedçi ilə həmişə ayaqlaşmaq iqtidarında deyil. Bilirsiz, insanların özündə mədəniyyət, etika olmalıdır. Velosipedçi əhalinin kütləvi istirahət etdiyi, gəzintiyə çıxdığı yerdə sürməməlidir. İstirahət edənin yaşlısı var, uşağı var, zəif görəni var. Əlbəttə, velosiped bu insanlar üçün təhlükəli ola bilər.

Yeri gəlmişkən, N.Məcidovdan çoxlarını narahat edən digər bir məsələni - bulvarda çay dəstgahının bahalığının səbəbini də soruşduq. İdarə rəisi "çay baha deyil. Sadə çayın qiyməti 2 manatdır. Çayın yanında başqa çərəzlər, məsələn, mürəbbə veriləndə qiymət artır”, dedi. "Amma sadə çay verilmir axı, çayçılar "dəm-dəstgahsız” çay vermirlər” iradımıza cavab olaraq N.Məcidov "kim belə bir halla qarşılaşırsa, bizim "Qaynar xətt”imizə zəng etsin. Ya da Bulvar İdarəsinə müraciət etsin. Biz həmin qiymət artıranlarla ölçü götürək” söylədi.

Bakı Bulvar İdarəsinin "Qaynar Xətt”i : 480-18-36-dır. Bulvar İdarəsi Tennis Kortunda yerləşir.

Məlahət Rzayeva