Sosioloq od püskürdü: Vəziyyət heç də ürəkaçan deyil

Bakının Xəzər rayonunda ata iki oğlunu bıçaqlayaraq onlardan birini öldürüb. 
"Sherg.az" xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb. 1974-cü il təvəllüdlü Rza Eyyubov əvvəlcə oğlu 2014-cü il təvəllüdlü Əli Eyyubova çoxsaylı bıçaq xəsarəti vurub. Ata daha sonra 4 yaşlı oğlu Teymur Eyyubova çoxsaylı bıçaq zərbəsi vurub. 10 yaşlı Əli hadisə yerində ölüb. Ata bunu gördükdən sonra özünü bıçaqlayaraq öldürüb. 4 yaşlı Teymur Eyyubov Sabunçu Tibb Mərkəzinə çatdırılıb. Həkimlər onu cərrahi əməliyyat ediblər. Vəziyyəti orta ağır kimi qiymətləndirilir. Faktla bağlı Xəzər Rayon Prokurorluğunun əməkdaşları araşdırma aparırlar.

Məsələ ilə bağlı fikirlərini bölüşən sosioloq Əhməd Qəşəmoğlu "Sherg.az"a söyləyib ki, bu tip hadisələrin tez-tez yaşanmasının səbəbi lazım olan bir sıra  tədbirlərin görülməməsidir:
''Bir vaxtlar bununla bağlı geniş fəaliyyətə başlamışdım. Təəssüf ki,  sonradan anlaşılmazlıq ucbatından işlərim yarımçıq qaldı. Belə təsəvvür edin ki, bir adam gənc olanda onun müalicəyə ehtiyacı qalmır. Ancaq yaşlandıqca bədəndə prosseslər mürəkkəbləşdikdə, müalicəyə zərurət yaranır. Cəmiyyətimizdə də tendensiya bu cürdür. Belə bir vaxtda cəmiyyətin elmi düşünülmüş dəstəyə ehtiyacı var. Ona görə də  sosial iş xidməti yüksək səviyyədə qurulmalıdır. Təəssüf ki, bu istiqamətdə işlər qənaətbəxş deyil. Bu sahədə effektiv təkliflərim var. Lakin məsul qurumlara müraciət etdikdə bunu birmənalı qarşılamırlar. Qeyd edim ki, hər hansısa adiyatı qurumun məni tanıyıb-tanımamasına ehtiyacım yoxdur. Çünki beynəlxalq səviyyədə məni kifayyət qədər tanıyırlar. Lakin məsul şəxslər anlamırlar ki, Azərbaycanda sosial sahədə yeniliklərə gərək var''.

Ə.Qəşəmoğlu vurğulayıb  ki, hər məhlədə 3 nəfərdən ibarət sosial iş xidmətləri fəaliyyət göstərməlidir:
''Onlar daim dairəni nəzarətdə saxlamalı və prossesləri təhlil etməlidir. Təkcə nazərətçi qismində deyil, əhalinin köməkçisi olmalıdırlar. Bir sözlə, mütləq sosial iş xidməti şəbəkəsini yaratmalıyıq. Bura isə kimi gəldi işə götürmək olmaz.  Qeyd edim ki, ali təhsil müəsisələrinin əksəriyyətində guya, sosial işçilər hazırlanır. Savadsız tibbi işçiləri yetişdirməklə səhiyyə xidmətinin səviyyəsini qaldırmaq mümkün olmadığı kimi, təcrübəsiz sosial işçi hazırlamaqla effektiv nəticə almaq mümkün deyil. Bu sahədə çox ciddi dövlət proqramlarına ehtiyac var. Ona görə də vəziyyət heç də ürəkaçan deyil".