Məktəblərdən təlim silahları və sursatlar yığışdırılır

Üzeyir Cəfərov: “Uşaq “F-1” əl qumbarasını görməyibsə, o barədə nə qədər danışsan da şagird anlamayacaq. Praktika olmasa, nəzəri biliklərin heç bir önəmi yoxdur”



Azərbaycanın orta təhsil müəssisələrində "Gənclərin çağırışaqədərki hazırlığı” fənni üçün nəzərdə tutulan silah-sursatların yığışdırılması prosesinə başlanıb. Bu barədə Quba Rayon Təhsil Şöbəsindən bildirilib. Məlumata görə, Qubanın Qımıl kənd orta məktəbinin rəhbərliyi 2 ədəd tank əleyhinə minanı, 5 ədəd "RQD-5”, 2 ədəd "F-1” əl qumbarasını, 6 ədəd alışdırıcını və 78 ədəd müxtəlif çaplı patronu rayon polis şöbəsinə təqdim edib.

Xatırladaq ki, Təhsil Nazirliyi (TN) ötən illərdə Lənkəran, Sumqayıt və Bakı şəhərində baş verən hadisələrlə bağlı orta təhsil ocaqlarındakı təlim silah-sursatlarının polisə təhvil verilməsi barədə göstəriş verib.

Məktəblərdən təlim silahlarının yığılmasının yanlış olduğunu deyən ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov bunu ölkə üçün ziyanlı addım adlandırıb: "Əlaqədar orqanın tənbəlliyinin təzahürüdür ki, bu da Azərbaycanın əleyhinə işləyir. Düzdü, bəzən məktəblərdə silahla ehtiyatsız davranmadan xoşagəlməz hadisələr baş verir. Amma kiminsə məsuliyyətsizliyinə görə, müharibə şəraitində olan ölkənin gəncliyini şikəst etmək olmaz. Qadağa problemin həlli deyil. Səriştəsizlik aradan qalxmalıdır. Bütün məktəblərdə silahlar olmalıdır. Bu son dərəcə vacibdir. Məktəbi bitirən hər bir gənc silahları tanımalıdır. Sıra hazırlığını bilməlidir. Silahla davranmanı öyrənməlidir. Hansısa müəllimin məsuliyyətsizliyi ucbatından baş verən bədbəxt hadisəyə görə, dövlətin əhəmiyyətli işdən imtina etməyi düzgün deyil”.

Ekspert hesab edir ki, şagirdlərin hərbi hazırlığı yalnız məktəblər üçün deyil, ölkənin güc strukturu sayılan Müdafiə Nazirliyi (MN) üçün də əhəmiyyətlidir: "Dərslərin nəzəri tədrisi heç bir effekt vermir. Gənclər praktiki cəhətdən hazırlanmalıdırlar. Silahla birbaşa təmasları olmalıdır. Bütün şagirdlərin məktəb səviyyəsində hərbi hazırlığı qaydasında olarsa, xidmət zamanı əlavə insan resursuna ehtiyac qalmaz. Həmçinin, həmin gənclərin özləri də çox əziyyət çəkməzlər. Anlamaq lazımdır ki, nəzəriyədən praktik tədris üsuluna keçmək lazımdır. Uşaq "F-1” əl qumbarasını görməyibsə, o barədə nə qədər danışsan da şagird anlamayacaq. Praktika olmasa, nəzəri biliklərin heç bir önəmi yoxdur”.

Ü.Cəfəronun qənaətincə, TN-lə MN əlaqəli işləməlidir: "Bu işdə dövlətin maraqları təmin olunmalıdır. Bəzi məmurlarımız yayda sərin, qışda da isti otaqlarından çıxmır. Heç bir yeni təşəbbüs irəli sürmürlər. Olan işləri də sıradan çıxardırlar. Azərbaycan rəsmiləri bu məsələ ətrafında ciddi düşünməlidirlər”.

Məktəblərdəki hərb müəllimlərinə gəlincə, həmsöhbətimiz söyləyib ki, hərbi dərslərin keçirilməsi üçün ehtiyatda olan zabitlərdən kadrlar seçilməlidir: "Təəssüflər olsun, hazırda orta təhsil ocaqlarındakı hərbi müəllimlər hansısa məmurun və ya oliqarxın qohumudur. Hərb sahəsindən anlayışı belə yoxdur. Sadəcə əmək haqqını alır. Belə adamlar şagirdlərə vətənpərvərlik ruhu aşılamaq əvəzinə, hərbiyə olan maraqlarını məhv edirlər. Ona görə də gənclərin çoxu hərbi sahəni seçmir. TN bu işlə ciddi məşğul olmalıdır. Bütün orta məktəblərdə hərbi dərslərin keçirilməsi mütləqdir. Həmin dərslərin keyfiyyəti getdikcə gücləndirilməlidir. Dövlət bu məsələyə kifayət qədər vəsait ayırır. Aidiyyəti şəxslər bir qədər vicdanlı davranmalıdırlar”.

Ayyət Əhməd