Ermənilər “Naxçıvan görüşü”ndən təşviş keçirirlər

Aydın Mirzəzadə: “Üçtərəfli görüş regionda stabilliyin qorunmasına öz töhfəsini verə bilər”
Qabil Hüseynli: “Bu görüşdə daha çox Rusiyanın Cənubi Qafqazdakı hökmranlığını neytrallaşdırmağa yönəlmiş məsələlər müzakirə edilib”


Dünən Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri Naxçıvanda bir araya gələrək, Dağlıq Qarabağ münaqişəsini və digər regional məsələləri müzakirə ediblər. İki günlük səfər çərçivəsində müdafiə nazirləri Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun hərbi hissələrinə də baş çəkiblər. Gözlənildiyi kimi bu görüş Ermənistan siyasi dairələrində ciddi narahatlıq yaradıb.

Güc nazirlərinin toplantısını qorxu və həyəcanla şərh edən erməni mediası görüşə xüsusi diqqət ayıraraq, hərbi birlikdən əndişələndiklərini açıq şəkildə biruzə veriblər. Görüşlə bağlı danışan erməni politoloq Ruben Melkonyan toplantıda iki əsas hədəfin olduğunu iddia edib: "Birincisi, Türkiyənin yeni seçilmiş prezidenti növbəti dəfə nümayiş etdirmək istəyir ki, onun ölkəsinin Cənubi Qafqaz siyasəti şaxələndirilmiş qalır. Ermənistanla düşmən siyasəti davam edir və bunun yerinə Gürcüstan və Azərbaycanla sıx əlaqələr qurulur. İkinci hədəf isə xüsusi təşviqatdır, yəni hər üç ölkə əməkdaşlıq edir, Ermənistan isə burada iştirak etmir”. R.Melkonyanın fikrincə, görüşün Naxçıvanda keçirilməsi də ciddi siqnaldır: "Göstərmək istəyirlər ki, Naxçıvan anti-erməni proseslərin cərəyan etdiyi vacib platforma ola bilər. Bu da faktdır ki, məhz Naxçıvanda dəfələrlə müxtəlif görüşlər keçirilib. Azərbaycan da buranın vacibliyini vurğulamaq istəyir”. Görüşü dəyərləndirən azərbaycanlı siyasi ekspertlər isə hesab edir ki, nazirlərin bir araya gəlməsi Türkiyə, Azərbaycan və Gürcüstan arasındakı inteqrasiya prosesinin yeni mərhələsidir. Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsi sədrinin müavini Aydın Mirzəzadə bildirir ki, regionun bu 3 dövləti bir çox məsələlərdə ümumi mövqedən çıxış edirlər. Politoloqun fikrincə, üçtərəfli görüş enerji, nəqliyyat və hərbi sahədə əməkdaşlıq, vahid hərbi siyasət yeridilməsinə, ordu quruculuğunda fikir mübadiləsinə, ən vacibi isə regionda stabilliyin qorunmasına öz töhfəsini verə bilər: "Düşünürəm ki, Cənubi Qafqaz Avropanın enerji və nəqliyyat layihələrinin keçdiyi region olduğu üçün 3 dövlət təhlükəsizliyin, stabilliyin qarantı olduğunu ortaya qoyur. Regionda münaqişələrin həlli məsələsi görüşü əsas müzakirə mövzusu olub”. A.Mirzəzadə deyir ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həll edilməsi ilk növbədə Azərbaycanın məsələsidir: "Bu dövlətlərin köməyindən nə dərəcədə yararlanacağı isə Azərbaycanın müstəsna hüququna aid bir məsələdir”. Siyasi analitik Qabil Hüseynli vurğulayır ki, bu görüş Rusiya və Ermənistanın özündən razı həyasız siyasətlərini müəyyən qədər tormozlayacaq. Bu səbəblə Naxçıvandakı görüşün siyasi perspektiv baxımından kifayət qədər uğurlu olacağını söyləmək olar: "Gürcüstan Avropa Birliyinə assosiativ üzvülüklə bağlı müqavilə imzalayıb və NATO ilə üzvlüyə iddialıdır. Eyni zamanda ABŞ-ın hərbi müttəfiqidir. Türkiyə isə NATO-nun tam hüquqlu üzvüdür. İki qərbyönlü dövlətlə yaxınlaşma mühüm bir siyasi mesajdır”. Q.Hüseynlinin sözlərinə görə, bu toplantı daha çox Rusiya təhlükəsinə qarşı informasiya mübadiləsi və məsləhətləşmələr üçün nəzərdə tutulub: "Açığı belə bir şəraitdə siyasi oriyentasiyalarında fərq olan ölkələrin birbaşa hərbi alyans yaradacağı fikri həqiqəti əks etdirmir. Çünki Gürcüstan Ermənistanla isti münasibətlərini qoruyub saxlayır. Türkiyə Azərbaycanla hərbi-strateji müqavilə imzalamağı hələ ki, uyğun hesab etmir. Zənnimcə, bu görüşdə daha çox Rusiyanın Cənubi Qafqazdakı hökmranlığını neytrallaşdırmağa yönəlmiş məsələlər müzakirə edilib. Əlbəttə, bu da zəruridir. Çünki Ermənistanda Rusiyanın böyük hərbi bazaları var. Onlardan da hər 3 dövlətə, əsas da NATO üzvü olan Türkiyəyə qarşı istifadə edilməsi nəzərdə tutulur. Gürcüstanın isə üçdə birini Rusiya ilhaq edib. Son 3 günlük Ermənistan-Azərbaycan lokal müharibəsində də

Rusiyanın barmağı olduğu ehtimallar arasında ilk yerdə dayanır. Bunları nəzərə alsaq, görüşdə öncəliyin hansı problemə verildiyini ehtimal etmək çətin olmaz”.

İsmayıl