Kirayə evlərin qiyməti bahalaşdı

Ən çox əziyyət çəkən isə tələbələrdir




Yeni tədris mövsümünün yaxınlaşması kirayə bazarında qiymətlərin qalxmasına təsir göstərib. Hazırda paytaxtda kirayə mənzillərin qiyməti kəllə-çarxa çıxıb.

Dərslərin başlamasına az bir müddət qalmış tələbələrin kirayə mənzil tapması və tələb edilən məbləği ödəmələri müşkül məsələyə çevrilib. Tələbə axının çoxaldığı bir vaxtda bu qiymət artımı şəhərin ayrı-ayrı rayonları arasında da fərqlidir.

İqtisadçı Vüqar Bayramlı isə dərs mövsümünün başlamasından əlavə, kirayə bazarında qiymət artımının əsas səbəblərindən birini rayonlardan Bakıya axının davam etməsində görür. Onun sözlərinə görə, xüsusən də yeni ailə həyatı quran gənclər dolanışıq, iş üçün Bakıda yaşamağa üstünlük verirlər. Belə olanda da bazarda tələb çox olduğu üçün qiymətlər artır: "Hətta belə proqnoz vermək olar ki, bu axın öncəki illərlə müqayisədə artacaq. Bununla yanaşı, xaricdən də Bakıya axın artır ki, bu da bazardakı qiymətlərə təsir göstərir”.

Ekspertin sözlərinə görə, bazarda qiymətlərin artmasına təsir edən başqa səbəb isə əhalinin gəlirlərinin artması ilə bağlıdır. Nəticədə əhalinin gəlirlərinə müvafiq olaraq mənzil və kirayə bazarında qiymətlər dəyişir. V.Bayramlı deyib ki, təklifin dəyişməməsi, tələbin artması da bazar qiymətində dəyişiklik yaradır. Bazarda alıcılıq qabiliyyətinin zəif olmadığını deyən ekspert yeni tədris mövsümü ilə əlaqədar olaraq qiymətlərin yenə də artacağını proqnozlaşdırır: "Kirayə bazarında qiymətlərin tənzimlənməsi, süni artımın qarşısını almaq üçün bir çox ölkələrdə fəaliyyət göstərən Sosial Mənzil Fondunun yaradılmasını təklif edirik. Hansı ki, belə bir fond qonşu Rusiyada da fəaliyyət göstərir. Bu fondun yaradılması ilə dövlət kirayə bazarında təkliflərlə çıxış edəcək. Rusiyada dövlətin bu işə qarışması ilə kirayə bazarında evlərin sayı artdı, qiymətlər isə aşağı düşdü. Düşünürəm ki, ölkəmizdə də belə fondun yaradılması zəruridir. Bu həm də süni qiymət artımına təsir edəcək. Lakin indiki halda kirayə bazarında qiymətlərin daha da artacağı proqnozlaşdırılır. Bu il təxminən 15 faizədək qiymət artımı gözlənilir”.

İqtisadçı belə qənaətdədir ki, aya 300-400 kirayə haqqı verməkdənsə, güzəştli şərtlərlə ev almaq daha sərfəlidir. Amma bu məsələnin də çətin tərəfləri var: "Kirayə real bir şey deyil. Aylarla, illərlə pul tökdüyün evə sahib ola bilməzsən. Əlbəttə, ipoteka krediti ilə mənzil almaq olar. Amma bu da bir o qədər asan iş deyil. Nəzərə alaq ki, kirayədə qalanların böyük əksəriyyətinin rəsmi iş yeri yoxdur, kredit şərtlərində isə iş yerindən arayış tələb olunur ki, bu da həmin şəxslərə problem yaradır. Bundan başqa ilkin olaraq 20 faiz ödəniş də tələb olunur. Bu çətinliklər qarşısında qalan ailə üçün tək çıxış yolu kirayə ev tutmaqdı”.

Kirayə haqlarında müşahidə edilən artımın qarşısını alma yollarına gəlincə isə iqtisadçı bildirib ki, dünya praktikasında problemin aradan qaldırılması üçün istifadə olunan mümkün yollardan biri daha çox inzibati müdaxilə kimi qiymətləndirilir və nə qədər qəribə görünsə də, liberal iqtisadiyyata malik Amerika Birləşmiş Ştatlarında tətbiq edilib: "Qiymətlərə maksimum və ya hətta minimum hədlərin müəyyənləşdirilməsinə hələ qədim dövrlərdən təsadüf edilir. Orta əsrlərdə çörəyin qiyməti üçün maksimum hədd müəyyənləşdirilmişdi. Amma "qiymət tavanı” üçün ən çox müraciət edilən nümunə ABŞ-da İkinci Dünya müharibəsindən və 1971-73-cü illərdə Nikson administrasiyası tərəfindən tətbiq edilən kirayə haqları üçün maksimum qiymətin müəyyənləşdirilməsidir.

Azərbaycanda da qiymət tavanın müəyyənləşdirilməsi mümkündür. Belə ki, inzibati zonalardan asılı olaraq paytaxtda otaqların sayına görə qiymət tavanlarının müəyyənləşdirilməsi həyata keçirilə bilər”.

Şəymən