Bütün ictimaiyyət dəstək verməlidir

Məhdudiyyətlər yalnız yas mərasimlərində yox, toylarda da tətbiq edilməlidir



Hüzr mərasimlərində insanlar daha artıq xərcə düşməyəcəklər və israfçılığın qarşısı alınacaq. Çünki bununla bağlı dövlət tərəfindən müəyyən menyu hazırlanır.

Bu standartlar təyin edildikdən sonra yas mərasimlərində yalnız qənd, limon və xurmanın süfrəyə verilməsinə icazə veriləcək.

Məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova "Şərq”ə təmsil etdiyi qurumun yas mərasimlərində israfın əleyhinə olduğunu və bu mərasimlərin sadə şəkildə keçirilməsi barədə tövsiyələrini hər zaman cəmiyyətə verdiyini bildirib: "Bu mövqe QMİ-nin Qazılar Şurası və Elmi-Dini Şurasının üç il öncə, 13.07.2011-ci il tarixində dəbdəbəli toy-yas mərasimlərinin keçirilməsi ilə bağlı ictimaiyyətə ünvanladığı müraciətində öz əksini tapıb”.

R.Dadaşova həmçinin mətbuatda anonim mənbəyə istinadən verilən məlumatların QMİ-nin mövqeyi kimi qələmə verilməsinə qəti etiraz edib: "Bir daha qeyd edirik ki, bəyanatdakı mövqemiz birmənalıdır. QMİ dini baxımdan bəyənilməyən israfın hər zaman əleyhinədir və bu istiqamətdə atılan addımları dəstəkləyir. Odur ki, Bəyanatın mətni ilə maraqlananlar İdarəmizin rəsmi veb saytında tanış ola bilərlər”.

Millət vəkili Fazil Mustafa isə belə məhdudiyyətlərin yalnız yas mərasimlərində yox, toylarda da tətbiq edilməsinin tərəfdarıdır: "Bu menyu çox ciddi məsələdir. Azərbaycan toyları da insanların səhhəti baxımından təhlükəyə çevrilib. Ona görə də xeyir və ya şər mərasimlərinin keçirilməsi ilə bağlı aparılan hər hansı inzibati tədbirlər keçirilməsini yüksək qiymətləndirirəm”.

O, həmçinin hesab edir ki, Azərbaycan cəmiyyəti şöhrətpərəstdir, proseslərin mahiyyətinə varmadan özlərini göstərməklə məşğuldurlar: "Belə məclislər ölən şəxsin ruhunu şad etmək üçün, yoxsa kimlərinsə qarnını doydurmaq və özünü göstərmək, hoqqabazlığa görə keçirilir? Belə praktikanın həyata keçirilməsinə bütün ictimaiyyət dəstək verməlidir və hər kəs öz həyatında bunu tətbiq etməyə çalışmalıdır. Cəmiyyəti buna alışdırmaq lazımdır”.

Vüqar Şahinoğlu