Milli mücadilə əsgəri - Seyid Həsən Tağızadə

Bu fədakar insanın Azərbaycan ideyası uğrunda xidmətləri unudulmayacaq




Tarixin amansızlığı ilə üzləşib imperiyaların masasında ikiyə bölünən Azərbaycanın bütünləşməsi və istiqlaliyyətinə qovuşması uğrunda bütün varlığı ilə - həm cismani, həm də beyin, təfəkkür mücadiləsi aparan vətənsevərlərimizi daim sayğı ilə anırıq. Bu insanlar Vətənimizin quzeyində də, güneyində də birgə mübarizə yolu keçib, Bütöv Azərbaycan və azərbaycançılıq ideologiyasının yayılmasına və qorunmasına çalışıblar. Belə şəxsiyyətlərdən biri də təbrizli Seyid Həsən Tağızadə olub.

Məhəmməd Əmin Rəsulzadə özünün "İran türkləri” məqaləsində bu şəxs haqqında yazıb və bununla da onun kimliyini ortaya qoyub. Rəsulzadə məqaləsində İranda əhalinin siyahıyalınması məsələsinə də toxunur və qeyd edir ki, 30 milyon əhali fars milləti kimi təqdim edilir. Halbuki 30 milyonun 15 milyonu Azərbaycan türkləridir. "Darüşşurayi-milli”də isə "məşhur Tağızadə” türkləri öz milli kimliklərini göstərməyə çağırır; "gərək Azərbaycan türkləri öz adlarını dəqiq göstərsinlər ki, onların farslardan olmadığı bilinsin”.

Seyid Həsən Tağızadə belə bir ziyalı, öz millətinin gələcəyini düşünən şəxs olub.
Tağızadə haqqında "Azərbaycan türkü və Təbriz sakini idi” tanıtımı daha çox işlədilir.
Tarix elmləri doktoru Solmaz Rüstəmova - Tohidi isə Seyid Həsən Tağızadənin əslən Naxçıvandan - Naxçıvanın Ordubad nahiyəsinin Vənənd kəndindən, məşhur Mir Haşim nəslindən olduğunu araşdırıb.
Elmi və tarixi mənbələrdə Seyid Həsən Tağızadə haqqında maraqlı məlumatlara rast gəlinir.

Gəncliyindən mübarizəyə atılan mücahid

S.Tohidi Seyid Həsənin atası Seyid Tağının Rusiya təəbəsi olmaq istəməyərək 19-cu əsrin sonlarına doğru Təbrizə köçdüyünü və bununla ailənin gələcək taleyinin Təbrizlə bağlandığını yazır.

Seyid Həsən Tağızadə uzun və hadisələrlə zəngin bir ömür yaşamış, yeniyetməlik və ilk gənclik çağlarından özünü gələcək mübarizələr üçün hazırlamışdı. Seyid ocağında doğulan, ruhani ailəsində böyüyən Həsən Tağızadə XX əsrin astanasında dini biliklərlə çox uzağa gedə bilməyəcəyini tez anladığından həm missioner məktəbində ingilis və fransız dillərini öyrənmiş, həm də "Loğmaniyyə” adlı yeni tipli orta təhsil müəssisəsində dünyəvi biliklərə yiyələnməyə çalışmışdı. Özü kimi gənc həmfikirləri ilə birlikdə Təbrizdə "Tərbiyət” məktəbini və kitab mağazasını qurmuş (1896), həmvətənlərini dünya haqqında çağdaş təlimlərlə tanış etmək məqsədi ilə fransız alimi Kamill Flammarionun "Populyar astronomiya” kitabını "Əcayibe-asiman” adı ilə fars dilinə çevirmişdi. 1903-1904-cü illərdə Təbrizdə "Gəncineyi-fünun” ("Bilik xəzinəsi”) məcmuəsini çap etmişdi. 1904-cü ildə bir neçə ay Bakıda qalan Həsən Tağızadə Azərbaycanın şimalında tapdığı bir sıra dostları ilə əlaqələrini sonralar da kəsməmişdi.

1904-cü ildə Seyid Həsən yaxın dostu, gələcəkdə Cənubi Azərbaycanın böyük maarifçi xadimi Mirzə Məhəmməd Əli Tərbiyət ilə birlikdə Cənubi Qafqaza səfər edərək, əvvəl Culfadan Naxçıvana, sonra İrəvana gəlir, burada azərbaycanlı ziyalılar, o cümlədən Qurbanəli Şərifovla görüşür, ilk dəfə qatara minərək Tiflisə gedir. "Avropanın ilk qapısı” kimi qəbul etdiyi Tiflis mühiti, ziyalılar, xüsusən azərbaycanlılarla görüşlər Tağızadənin yaddaşında dərin iz buraxır. "Şərqi Rus” qəzeti redaksiyasında onun təsisçisi və redaktoru Məhəmməd Ağa Şahtaxtinski, qəzetin gənc əməkdaşları Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə və Rəşid İsmayılov ilə tanışlığı, Şərqdə modernləşmə düşüncəsinin ən qızğın tərəfdarları və daşıyıcıları olan bu insanlarla söhbətlərini S.H.Tağızadə sonralar özünün Tiflisdəki ən faydalı görüşləri kimi qiymətləndirmiş, onların hər biri haqqında dəyərli fikirlər söyləmişdir.

Müasirləşmək düşüncəsinə sahib azərbaycanlı gənc ölkəni dəyişdirməyi, müasirləşdirməyi, feodal dərəbəyliyindən və xarici asılılıqdan xilas etməyi qarşısına məqsəd qoymuşdu və bu amal uğrunda savaş da onu 1906-1909-cu illər Məşrutə inqilabının öncülləri sırasına gətirmişdi.

1906-cı ildə Təbrizdən Birinci İran Məclisinə seçilən Həsən Tağızadə parlament fəaliyyətini 1967-ci ildə, İran Senatının sədri kimi başa vurmuşdu. İranın ilk qanunverici orqanında o, ən ardıcıl Konstitusiya tərəfdarlarından biri kimi tanınırdı. Ölkədə parlamentarizm ənənələrinin yaradılmasına qarşı çıxan Məhəmmədəli şah 1908-ci ildə bir qrup Məclis üzvü ilə görüşərkən Həsən Tağızadə nümayişkaranə şəkildə şahın əlini sıxmaqdan imtina etmişdi. Şərq istibdad rejimi üçün görünməmiş hadisə sayılan həmin olay hətta üsyankar deputatın başının bədənindən üzülməsi ilə nəticələnə bilərdi.

Amma monarxa qarşı hörmətsizlik edən Seyid Həsən Tağızadə canını nisbətən yaxşı qurtarmışdı. Məhəmməd Əli şah onu sadəcə ölkədən qovmuşdu. Əqidə yoldaşlarından bir neçəsi isə "Şahi-bağ”da, Qacar hökmdarının gözləri qarşısında edam edilmişdilər.

Bir neçə ay Londonda qalandan sonra Vətənə qayıdan Həsən Tağızadə Təbrizdə məskunlaşmış və Məhəmmədəli şah hakimiyyətdən devrilənə qədər doğma şəhərində yaşamışdı. Mücahidlərin qələbəsindən sonra o, ölkənin idarəçiliyini öz əlinə alan 20 nəfərlik Müvəqqəti İcra Şurasının tərkibinə seçilmişdi. 1909-cu ildə ölkəsinin tarixində ilk çağdaş siyasi partiya sayılan İran Demokrat Partiyasını (Ferqeyi-Demokrate-İran) təsis etmişdi. Qurumun yaradılmasında həmin dövrdə siyasi mühacir kimi İranda yaşayan M.Ə.Rəsulzadənin də mühüm xidmətləri olmuşdu. S.H.Tağızadə M.Ə.Rəsulzadə ilə hələ Təbrizdə ikən dostlaşmışdı və bu dostluq sonralar da davam etmişdi. 1910-cu ildə məcburi şəkildə Tehrandan uzaqlaşdırılan Həsən Tağızadənin İstanbul illəri M.Ə.Rəsulzadə ilə yanaşı keçmişdi.
Ağır, sıxıntılı illərdə onlar biri-birinə dayaq olmuşdular.

"Tufanlı ömrü”

Seyid Həsən Tağızadə həyatının sonlarında qələmə aldığı xatirələrini "Tufanlı ömür” adlandırmışdı. Həqiqətən də onun həyatı sarsıntı və ziddiyyətlərlə zəngin olmuşdu. Məşrutə inqilabının fəallarından biri kimi siyasətə atılaraq İranda mütləqiyyət quruluşuna qarşı mübarizə aparmışdı. Seyid Həsən Tağızadə Azərbaycan əhalisinin türkləşmiş farslar olması barədə sərsəm ideyalara qarşı çıxırdı.

Tanınmış ingilis şərqşünası "1905-1909-cu illər İran (Məşrutə) inqilabı” kitabının müəllifi Eduard Braun adıçəkilən əsərində Həsən Tağızadənin səciyyəsini verərək yazırdı: "O, cəsarəti, müstəqilliyi və siyasi prosesləri ələ almaq baxımından qeyri-adi bacarığı ilə layiq olduğu yüksəkliyə ucalmışdı. Onun cəlbedici işıqla parıldayan gözlərində və nurlu sifətində nə isə insanı özünə çəkən, rəğbət doğuran bir ifadə vardı. Əgər gümanım məni aldatmırsa, o, öz dühası ilə böyük coşqu doğuran, böyük qurbanlar verməyə ruhlandıran və millətlərin tarixində uzunmüddətli təsir buraxmağa qadir olan şəxsiyyətlərdən sayıla bilərdi”.

Azərbaycanın böyük ictimai-siyasi xadimi, Azərbaycan Cümhuriyyətinin qurucularından olan M.Ə.Rəsulzadə özünün yüksək mənəvi təmizliyi, böyük ağlı və amalına sadiqliyi ilə Həsən Tağızadədə həmişə haqlı bir heyrət doğururdu. 1955-ci ildə Məhəmməd Əmin Rəsulzadə Ankarada həyata gözlərini yumanda Həsən Tağızadə Tehranda çıxan "Soxən” ("Söz”) dərgisində vida yazısı çap etdirmişdi. Həmin məqalədə M.Ə.Rəsulzadəni Azərbaycanın güneyində Avropa tipli qəzetçiliyin banisi adlandıran müəllif daha sonra yazırdı: "Rəsulzadə, bütün ömrüm boyunca Şərq dünyasında misli-bərabərinə rastlaşmadığım, mübaliğəsiz söyləyə biləcəyim fövqəladə nadir insanlardan biri idi. Məhəmməd Əmin bəy tərbiyəli, qüvvətli və sağlam məntiq sahibi, təmiz qəlbli, düzgün sözlü, mətanətli, sözün tam mənası ilə doğru-dürüst, fikir və amalına dərin inam bəsləyən fədakar, mücahid və örnək sayılacaq bir insan idi. Belələrinə zəmanəmizdə, üstəlik də bizim tərəflərdə təsadüf etmək mümkün deyil”.

Şübhəsiz, ürəkdən gələn bu səmimi sözlər yalnız Məhəmməd Əmin barədə deyil, siyasi baxışlarından asılı olmayaraq, onların müəllifi haqqında da xoş təəssürat yaradır. İrticaya qarşı çıxan, despot şahın əlini havada qoyan Seyid Hüseyn Tağızadə vətəndaş cəsarətinin qiymətini böyük Mirzə Ələkbər Sabirdən almışdı.

19-cu əsrin sonları 20-ci əsrin əvvəllərində İran adlı məmləkətdə gedən icimai-siyasi prosesləri yaxından izləyən, inqilabları sıralayan Azərbaycan türklərinin istiqlal savaşından yazan M.Ə.Rəsulzadə "İran türkləri” məqaləsində Tağızadə və onunla bərabər mübarizə aparan əqidə, fikir adamlarının adlarını çəkir:

"İlk "Məclisi-Məbusan”da türk məbusları az idilər. Bu da qanuni intixabat iqtizası idi. O zaman məbusların yarısı Tehrandan, digər yarısı isə vilayətlərdən seçiliyordu. Məəmafih kəmiyyətlərinə rəğmən Azəri məbuslar keyfiyyətlərilə kəsbi-təməyyüz etdilər. İlk məbusanda Avropa mənasilə siyasi firqələr yox idi. Fəqət məclisdə iki aşkar cərəyanın daima yek-digərilə çarpışdığı dərhal gözə çarpırdı.

Bu iki cərəyan, yeniliklə əskilik cərəyanları idi. Türk məbusları əksəriyyətlə yeniliyi təmsil ediyor və əqəliyyətdə olduqları halda məziyyəti - zatiyyələrilə təvəvvüq ediyorlardı. Yenilik cərəyanının başında iki gənc Azərbaycan məbusu, məşhur Tağızadə ilə mərhum Hacı Mirzə İbrahim Ağa duruyorlardı. Hacı Mirzə, məclisin xətmindən sonra edam edildi. Tağızadə yaxalanmadı və ikinci Məclisi-Məbusan Əhrar firqəsinin riyasətində bulundu. Şiddətli vətənpərvərlik ilə Əhrar cərəyanını İran Demokrat Firqəsi təmsil ediyor. Mötədil və mühafizəkar bir cərəyanı da İctimaiyyun-Etidaliyyun ünvani-əcibilə təşəkkül edən digər firqə iraə eyliyordu. Firqələrin hər ikisində də mühüm rol ifa edərək, firqələrin ruhunu təşkil eyləyənlər türklər idi. Demokrat firqəsinin Azərbaycanda böyük nüfuz və təşkilatı olduğu kimi məclisdəki əzasının əksəriyyəti də türk məbuslardan tərəkküb ediyordu. Firqənin rəisi yuxarıda zikri keçən Təbriz məbusu məşhur Tağızadə Seyid Həsən Əfəndi idi. Məclisin binəzir bir xətibi ədd olunan Tağızadə Əfəndi beynələhrar böyük bir nüfuza malik idi. İkinci Məclisi-Məbusanda isbati vücud edən 90-na qərib əzadan 25-i türk olduğu kimi Demokrat Firqəsinə intisab edən 21 məbusun da 14-ü türk idi.

İkinci məclisin iniqadi müddətində İran üçün ilk dəfə olaraq böyük formatda yövmi bir qəzetə nəşr olundu. "İrani-nov” namində avropavari intişar edən bu qəzetə İranın ən çox oxunan və ən nüfuzlu bir qəzetəsi idi. "İrani-nov” Demokrat Firqəsinin mürəvvici-əfkarı idi və ərkani-təhririyyəsini Azəri türklər təşkil ediyorlardı”.

M.Ə.Rəsulzadə məqaləsində Təbriz inqilabından, Təbrizin müqavimət göstərməsinin və azərbaycanlıların apardığı siyasi mübarizənin farslara da təsirindən ürəkdolusu yazırdı:

"Təbrizin on bir aylıq müqaviməti dəliranəsi və azərbaycanlıların fədakarlığı Xorasan, İsfəhan ilə Rəşt kimi fars qitələrini də inqilaba sövq etdi. Rəşt və İsfəhandan toplanan milli ordular Tehran üzərinə yürüdülər. Rəşt inqilabını idarə edən komitə ilə Rəşt ordusu içində bir çox türklər var idi”.

M.Ə.Rəsulzadənin də yazdığı kimi "firqələrin ruhunu təşkil edən türklər” və "fars qitələrini inqilaba sövq edən azərbaycanlıların fədakarlığı” idi. Bu fədakar insanlar arasında Seyid Həsən Tağızadənin adı hər zaman xüsusilə çəkiləcək, onunla yanaşı azadlıq mücadiləsi aparanların, Azərbaycan ideyası uğrunda xidmətləri unudulmayacaq.

Məlahət Rzayeva

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb