Narkomaniya Kürdəmirdə “at oynadır”

Millət vəkili rayondakı vəziyyəti qabartdı, davamı olacaqmı?


Millət vəkili Fərhad Qəribov deputatı olduğu Kürdəmir rayonundakı son durumla bağlı danışarkən, rayondakı vəziyyətlə bağlı ciddi ittihamlar səsləndirib. "Rayonda narkomaniya güclənib. Mübarizə zəif gedir. Başqa narazılıqlar da var. Geniş danışmayacam. Bir neçə aydır ki, rayonda deyiləm. Rayona gedəndən sonra bu məsələ ilə daha yaxından maraqlanacam. Rəislə görüşüb məsələləri yoluna qoymağa çalışacam”.

Göründüyü kimi, deputat geniş danışmasa da, Kürdəmirdə narkoticarətlə mübarizənin zəif aparılmasını vurğulayıb. Təbii ki, Kürdəmirin millət vəkilinin problemi qabartması və həllinə çalışması müsbət haldır. Amma narkomaniya problemi Kürdəmirlə bitsə, dərd yarıdır.

Ölkənin elə bir yeri yoxdur ki, orada narkomana rast gəlinməsin. Bu qədər narkotik maddələrin həbsi və ya kütləvi məhv olunduğu çox kiçik bir ölkədə, sərhədləri belə kəskin nəzarət altında olan Azərbaycanda narkotik aludəçiləri durmadan artır.

Narkotika aludəçiləri, çirkin işlərin satışı ilə məşğul olanlar demək olar ki, Azərbaycanın hər bir guşəsində, kənd və şəhərində, hətta kiçik qəsəbəsində belə mövcuddur. Düzdür, bu gün narkomaniya ilə mübarizədə Azərbaycan dövləti də ciddi şəkildə mübarizə aparır, onun yaratdığı problemləri aradan qaldırmağa səy göstərir. Lakin ortada real nəticənin olmaması cəmiyyəti düşünməyə vadar edir. Görünür, bu istiqamətdə ölkə QHT-lərinin də dəstəyinə böyük ehtiyac var. Narkomaniya ilə mübarizədə və bu sosial bəlanın bütün cəmiyyəti əhatə etməməsi üçün beynəlxalq təcrübədə əsas istiqamətlərdən sayılan maarifləndirmə, təbliğat və profilaktika işlərinin daha düşünülmüş, səmərəli aparılması aktual və vacib məsələlərdən biridir.

Ekspertlər isə bildirirlər ki, narkomaniyaya qarşı mübarizədə dövlət orqanları, QHT-lərlə yanaşı, cəmiyyətin bütün təbəqələri, kimliyindən asılı olmayaraq hər bir vətəndaş xüsusi fəallıq göstərməlidir.

"Hüquqi İnkişaf və Demokratiya” İctimai Birliyinin sədri, Azərbaycanda "Zərərin Azaldılması Şəbəkəsi”nin eksperti Zülfiyyə Mustafayevanın sözlərinə görə, narkotika istifadəçilərinin siyahısı ilə bağlı ictimaiyyətə açıqlanan statistika real vəziyyətdən çox fərqlənir: "Narkotik istifadəçilərinin sayının dəqiq aparılması, onlara reabilitasiya, qayğı, qulluq proqramlarının həyata keçirilməsi üçün çox təəssüf ki, rəsmi səviyyədə heç bir addım atılmır”.

Birlik sədri apardıqları araşdırmalara əsaslanaraq deyib ki, narkotiklərin gənclər arasında yayılmasının əsas səbəbi bu sahədə maarifləndirmənin və təbliğat işinin aşağı səviyyədə olmasıdır: "Təbliğat cəmiyyətdən gəlsə də, bu, ailələr səviyyəsində, həmçinin təhsil səviyyəsində yetərincə deyil. Düzdü, məktəblərdə maarifləndirmə həyata keçirilir. Amma bunun tam şəkildə ali məktəblərdə aparıldığını söyləmək mümkün deyil. Həmçinin ailələrdə valideynlərlə övladlar arasında bu cür mövzular demək olar ki, açılmır. Bundan başqa, bura gənclərin asudə vaxtının təşkili, onların məşğulluq səviyyəsi, işsizliklə bağlı məsələləri də daxil etmək olar. Ümumi mənzərə onu göstərir ki, gənclərin cəlb olunmasında əsasən sosial-psixoloji şərtlər rol oynayır, gənclərin keçid dövrünün xüsusiyyətləri aludəçiliyə daha çox yol açır”.

Zülfiyyə Mustafayeva bildirib ki, bu bəla sonradan gənc ailələrin də dağılmasına gətirib çıxarır. Bir çox hallarda narkotik qəbul edən ər arvadını da buna cəlb etməyə nail olur. Buna getməyən qadınlarsa sonda istər-istəməz ərindən boşanmalı olurlar. Bütün bunlar hələ ki, cəmiyyətin çox ciddi problemi olaraq qalır. Narkomaniya bəlasının bütün Azərbaycanı bürüdüyünü vurğulayan Birlik sədrinin sözlərinə görə, problemin region, mərkəzə bölünməsi doğru yanaşma deyil. Onun qənaətincə, problemə qarşı mübarizə bütöv ölkə çərçivəsində aparılmalıdır.

Şəymən