Tələbələr gəlir, Ebola virusu ola bilər

Nə qədər ki, lokallaşdırma prosesi aparılmayıb, ehtiyatımızı əldən verməməliyik



Yeni yaranan öldürücü Ebola virusu bütün dünyanı silkələyib. Onun sürətlə yayılaraq, qısa zamanda bir çox ölkələrə nüfuz etməsi Azərbaycan ictimaiyyətini də təşvişə salıb. Məlumdur ki, yeni dərs ilinin başlanmasına az vaxt qalıb. Hər il olduğu kimi, bu il də xaricdən ölkəmizə tələbə axını gözlənilir.

Azərbaycana isə daha çox virusun ilk və geniş yayıldığı Afrika ölkələrindən tələbələr qəbul olunur. Ona görə də bu, cəmiyyətimizdə çox ciddi narahatlıq doğurub. İctimaiyyət nümayəndələri də həyəcan təbili çalaraq əlaqədar qurumları önləyici tədbirlərə səsləyib. Xarici tələbələrin virusu ölkəmizə daşımaları barədə cəmiyyətin əndişəsinə ilk olaraq Təhsil Nazirliyi münasibət bildirib. Qurumdan verilən məlumatda vurğulanıb ki, Ebola virusunun yayıldığı ölkələrin konkret coğrafiyası məlum olmadığından, bu suala konkret cavab vermək mümkün deyil. Aidiyyəti orqan onu da bəyan edib ki, bu virusa yoluxma haqda ölkəmizdə hər hansı fakt qeydə alınmayıb.

Məlumat üçün bildirək ki, Azərbaycanda bu virusa qarşı profilaktik və əks-epidemik tədbirlərin gücləndirilməsi, eləcə də xəstəliyin ölkəyə keçməsinin qarşısının alınması məqsədilə bir sıra tədbirlər həyata keçirilir. Səhiyyə nazirinin müavini, ölkənin baş sanitar həkimi Abbas Vəlibəyov bununla əlaqədar əmr imzalayıb. Əmrdə respublikanın şəhər və rayonlarının tibb idarə və müəssisələrinin rəhbərlərinə, gigiyena və epidemiologiya mərkəzlərinin rəhbərlərinə xüsusi tapşırıqlar verilib.

Virusun əcnəbi tələbələr vasitəsilə ölkəmizə daşınma təhülkəsi və qarşısının alınması yolları barədə "Şərq”ə danışan tibb elmləri doktoru Adil Qeybulla deyib ki, bu, bəşəriyyətin problemidir. Onun sözlərinə görə, adıçəkilən virus çox təhlükəlidir. Amma xəstəliyin epidemiya törətmə ehtimalı o qədər yüksək deyil: "Virusun hava, damcı yolu ilə keçməsi sübut olunmayıb. Bununla yanaşı, insanları qan vasitəsilə yoluxdurması mümkündür. Ona görə də Ümumdünya Səhiyyə Təşkilatı xəstəliyi yerində lokallaşdırmalıdır. Nə qədər ki, lokallaşdırma prosesi aparılmayıb, ehtiyatımızı əldən verməməliyik. Dünyanın müxtəlif ölkələrindən Azərbaycana gələnlər nəzarətdə saxlanılmalıdır. Həmin şəxslərin xəstə olub-olmaması dəqiqləşməlidir.

Afrikadan gələn tələbələrə də bu cür "karantin” tədbirlər həyata keçirilməlidir. Belə zəruri addımlardan sonra ölkəmizdə qalıb-qalmayacaqları barədə qərar verilə bilər”.

Ayyət Əhməd