Mal-qara arasında xəstəliklər yayılıb

11 baş heyvanın artıq tələf olduğu bildirilir



Bir müddət əvvəl İraq, Türkiyə və İran ərazilərində iribuynuzlu heyvanlar arasında yayılan nodulyar dermatit virus xəstəliyinin kliniki əlamətləri respublikanın Biləsuvar, Ucar, Cəlilabad və Ağdaş rayonlarında heyvanlar arasında müşahidə olunub. Hazırda xəstəlik müşahidə edilən heyvanlar arasında simptomatik müalicə tədbirləri aparılır.

Xəstəliyə isə Dövlət Baytarlıq Xidməti tam nəzarət edir, yeni yoluxan heyvanlarda müalicə-profilaktik, sağlam heyvanlarda profilaktiki tədbirlər, dezinfeksiya edici çimizdirilmə işləri həyata keçirilir.

Nodulyar dermatit xəstəliklərə tutulan heyvanlara qarşı aparılan genişmiqyaslı tədbirlərin davam etdirildiyini söyləyən Dövlət Baytarlıq Xidmətinin mətbuat sözçüsü Yolçu Xanvəli "Şərq”ə 10 rayon üzrə 1625-dən artıq mal-qaranın bu xəstəliyə yoluxduğunu açıqlayıb: "Bunlardan 1200-ə yaxını müalicə olunaraq sağalıb. 400 baş heyvanın isə müalicəsi davam etdirilib. Bu o deməkdir ki, xəstəlik müalicəyə tabe olur. Ümumiyyətlə, son zamanlar havaların isti keçməsi ağcaqanad və gənələrin fəallaşmasına şərait yaratdı. Nəticədə bu xəstəlik xeyli öz arealını genişləndirdi. Y.Xanvəli bu xəstəliklə yanaşı, digər xəstəliklərin də ölkəmizdə yayıldığını əlavə edib: "Qan parazitar, isitmə, günvurma xəstəlikləri geniş formada respublikada son günlər daha çox qeydə alınmaqdadır. Xəstəlik aşkarlanan vaxtdan indiyə qədər 11 baş heyvan tələf olub. Bu qədər heyvan tələfatı isə birbaşa nodulyar dermatit xəstəliyi ilə yanaşı, digər xəstəliklərlə də bağlıdır”.

Vüqar Şahinoğlu