Zirzəmilərdə tikilən məktəbli formaları almayın

Antisanitariya şəraitində hazırlanan paltarlar dəri- zöhrəvi xəstəliklərinə yol açır



Yeni dərs ili yaxınlaşdıqca, vahid məktəbli geyimləri ilə bağlı problemlər üzə çıxır. Bunlardan başlıcası saxta, mənşəyi bilinməyən, keyfiyyətsiz və zirzəmilərdə hazırlanan geyimlərin ölkə bazarlarına daşınmasıdır. Belə halların aradan qalxması istiqamətində əlaqədar qurumlara dəfələrlə müraciət edilsə də, nəticə heç də dəyişmir. Qanunsuz fabriklərin miqdarı daha da çoxalır.

Ən dəhşətlisi odur ki, hər dərs ilinin başlanğıcında valideynlərə gigiyenik sertifikatı olmayan geyimlərdən çəkinmələri barədə çağırışlar olsa da, buna məhəl qoyanlar çox azdır. Övladlarının sağlamlığına laqeyd yanaşaraq, keyfiyyətsiz "uniform”lara üz tutur. Bu da gizlin fəaliyyət göstərən tikiş evlərinin meydanını genişləndirir. Ona görə ötən günlərdə vahid məktəbli geyimlərinin qanuni satışı ilə məşğul olan "Bakı Tikiş Evi” (BTE) həyəcan təbili çalaraq valideynlərə müraciət edib. Fabrikin satış şöbəsinin rəisi Etibar Əzimov valideynləri bu cür geyimlərdən çəkinməyə səsləyib. "Hazırda bütün yarmarkalarda saxta məktəbli geyimləri satılır. Bu da uşaqlarda müxtəlif allergiya və digər fəsadlara səbəb olur. Belə addım düzgün deyil. Cinayətdir. Hər kəs istəyir ki, uşaqlara gigiyenik, uyğunluq sertifikatı olan paltarlar geyindirsin. Ona görə də uşaqların sağlamlığını nəzərə alaraq, valideynləri saxta geyimlər almaqdan çəkindirməyə çağırırıq. Saxta geyimlərlə bağlı mütəmadi olaraq İqtisadi İnkişaf Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciətlər edilir”.

Məktəbli geyimlərinin qiymətinə diqqət çəkən şöbə rəisi onu da əlavə edib ki, ötən illərlə müqayisədə də qiymətlərdə heç bir dəyişiklik yoxdur: "26 ölçüdən 54 ölçüyə kimi məktəbli formaları var. I-VI sinif şagirdləri üçün 26-44 ölçüdə və VII-XI sinif şagirdləri üçün 34-54 ölçüdədir. Məktəbli formalarının qiymətlərinə gəlincə, bu, ölçülərə görə dəyişir. Belə ki, I-VI sinif şagirdləri üçün 26-44 ölçüdə dəstin qiyməti 40 manat, VII-XI siniflər üçün isə 34-54 ölçüdə 52 manatdır”.

Valideynlərin lisenziyası olan tikiş evlərinə üz tutmalı olduqlarını deyən Əməkdar müəllim, təhsil üzrə ekspert Almaz Həsrət "Şərq”ə açıqlamasında qeyd edib ki, ucuz deyil, keyfiyyətli geyim arxasınca qaçmaq lazımdı: "Keyfiyyətli və sağlam şəraitdə hazırlanan geyimlər yalnız BTE-dir. Bu fabrik bir neçə ildir fəaliyyət göstərir. İstehsal etdiyi malların keyfiyyəti göz qarşısındadır. Bəzi valideynlər ucuz qiymətə, zirzəmidə, antisanitar şəraitdə tikilən paltarlar alırlar. Əslində çox yanılırlar. Həmin geyimlər uzun ömürlü olmur. Onu ikinci dəfə dəyişməli olurlar ki, bu da əlavə xərc tələb edir. BTE-dən alınan geyimlər il boyu dəyişilmir. Keyfiyyətini itirmir. Məsələn, özüm hər il BTE-dən alıram. Oranın malları nə qədər geyinilsə də, heç bir keyfiyyət pozuntusu olmur”.

Ekspertin qənaətincə, valideynlərin maarifləndirilməsi üçün KİV-lər daim təbliğat aparmalıdır: "Valideyn övladının sağlamlığını və ailəsinin büdcəsini düşünməlidir. Xərci bir dəfə çəkərək keyfiyyətli geyim almalıdır”.

A.Həsrət onu da diqqətə çatdırıb ki, keyfiyyətsiz materiallardan hazırlanan geyimlər uşaqların sağlamlığı üçün təhlükə mənbəyidir: "Dəfələrlə şahidi olmuşam ki, antisanitar şəraitdə tikilmiş paltarlar uşaqlarda səpkilər əmələ gətirir. Bu səpkilər də sonradan dəri zöhrabı xəstəliyinə yol açır. Şübhəsiz ki, prosesin qarşısının alınması üçün hökumət səviyyəsində tədbirlər görülməlidir. Lisenziyası olmayan geyimlərin istehsalı ilə məşğul olan işbazlara qarşı mübarizə aparılmalıdır”.

Ayyət Əhməd