Prezidentlər danışdı, ancaq problemlər ciddidir

Rus və ukraynalıların da münasibətləri ciddi şəkildə korlanıb


Rusiya və Ukraynanın Minskdəki görüşünü dəyərləndirən Vladimir Putin mətbuata açıqlamasında görüşü pozitiv və baş tutan danışıqlar kimi xarakterizə edib. Prezident deyib ki, rəhbərlər arasında bu formatdakı görüşlər xeyirlidir: "İndidən konkret heç nə deyə bilmərəm. Ancaq danışıqlarda bizi narahat edən bəzi məqamlara aydınlıq gətirildi. Görüşdə razılaşdıq ki, Rusiya-Ukrayna-Avropa İttifaqı işçi qrupları formatında danışıqları sentyabrın 12-dək davam etdirək”.

Ukrayna prezidenti Poroşenko isə danışıqlardan nisbətən razı qalıb: "Müsbət məqam odur ki, görüşdə iştirak edən bütün tərəflər Donbasda sülh planını dəstəkləyiblər. Həmçinin, Rusiya ərazisində girov saxlanılan Ukrayna vətəndaşlarının sərbəst buraxılmasına dair də razılıq əldə olunub”. Minskdəki danışıqlar zamanı sərhəd qurumlarının məsləhətləşmələrə başlamasına dair də razılıq əldə olunub. Bununla yanaşı, sentyabrın 6-da enerji məsələsi ilə bağlı Avropa İttifaqının nümayəndələrinin iştirakı ilə Rusiya-Ukrayna danışıqlarının başlanmasına qərar verilib.

Kremllə rəsmi Kiyev arasındakı yaxınlaşma ehtimalını şərh edən Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri "bu xəmirin hələ xeyli su aparacağını” deyib: "Münasibətlərin yaxın

dövrdə asanlıqla tənzimlənəcəyinə ümid etmək çətindir. Çünki yaralar çox dərinə işləyib. Problem sadəcə dövlətlər arasında deyil, rus və ukraynalıların da münasibətləri ciddi şəkildə korlanıb. Ukrayna siyasətində Rusiyanın böyük bir yanlışlığa yol verdiyi ortadadır. Münasibətlərin bu cür davam etməsi Moskvanı uçuruma sürükləyir. Acı həqiqəti anlayan Putin indiki şəraitdə həm Rusiyanın, həm də özünün maraqlarını güdərək, Ukrayna ilə danışıqlara yaşıl işıq yandırır. Yəni Kreml mümkün qədər çalışır ki, düşdüyü vəziyyətdən ağır zərbə almadan çıxa bilsin. Ancaq danışıqlar prosesi o qədər də asan olmayacaq. Çünki bu məsələdə təkcə Ukraynanın və Avropa Birliyinin yox, həmçinin, ABŞ-ın da geosiyasi maraqları var”.

Politoloqun fikrincə, aqressiv siyasət yeridən Putinin rassional addım atacağı inandırıcı görünmür. Amma məsələ burasındadır ki, Moskvanın müttəfiqləri olan Qazaxıstan və Belarusiya Rusiyanın Ukrayna ilə problemini həll etməsini tələb edirlər: "Çünki hər iki dövlət rəhbəri başa düşür ki, müttəfiq Rusiyanın çökməsi onların da zəifləməsinə səbəb olacaq. Bu səbəbdən Nazarbayev və Lukaşenkonun təkidi ilə Minsk görüşü planlaşdırılıb. Ancaq bir-iki görüşlə problemi düzəltmək olmaz. Danışıqlarla yanaşı, qanlı müharibə də davam etdiriləcək. Ən azından Rusiya əlini gücləndirmək üçün bir müddət daha separatçılara dəstək verəcək”.

N.Mirinin sözlərinə görə, ümumi siyasi anlaşmanın tərkib hissəsi kimi Rusiya və Ukrayna dövlətləri enerji məsələləri ilə bağlı ortaq məxrəcə gələ bilərlər: "Enerji məsələsi Avropa Birliyi ilə yanaşı, Rusiyanın da marağındadır. Çünki Moskva öz qazını satmaq istəyir. Avropa da birmənalı şəkildə rus qazından imtina etmək fikrində deyil”.

İsmayıl