Ərdoğana etimadsızlıq var

ABŞ andiçmə mərasiminə çox aşağı ranqlı diplomat göndərir




Türkiyənin yeni seçilmiş prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində Amerika Birləşmiş Ştatlarını təmsil edəcək şəxsin adı açıqlanıb. Prezidentin inauqurasiyasında ABŞ-ı bu ölkənin Ankaradakı səfirliyinin məsləhətçisi Cess Baili təmsil edəcək.

Məlumat üçün bildirək ki, Ərdoğan andiçmədə iştirak etməsi üçün şəxsən Barak Obamaya dəvət göndərib. Ancaq Obama həmkarının inauqurasiyasına qatılmamaqla yanaşı, tədbirdə iştirak etmək üçün çox aşağı ranqlı birini vəzifələndirib. Andiçmə mərasimlərində adətən yüksək vəzifəli dövlət adamlarının iştirak etdiyini xatırladan siyasi ekspertlərin təhlilinə əsasən, Ağ Evin təhqiramiz təmsilçiliyi AKP hökumətinə, xüsusən, Ərdoğanın prezidentliyinə olan mənfi münasibətin göstəricisidir.

Politoloq Elxan Mehdiyevin fikrincə, andiçmə mərasiminə aşağı səviyyəli birinin göndərilməsi Ərdoğana olan etimadsızlığın açıq ifadəsidir: "Ərdoğanın keçən ildən başlayaraq, artan dərəcədə anti-demokratik hərəkətləri, təkcə ABŞ-da yox, eyni zamanda bütün Qərb aləmində böyük narazılıq yaratdı. Yeni prezident ABŞ-ın və Avropa ölkələrinin ona olan ümidlərini və güvənini tamamilə sarsıtdı. Taksimdəki "gəzi olayları” və 17 dekabr rüşvət əməliyyatlarından sonra Ərdoğanın tutduğu yol, onun demokratik, reformçu bir lider yox, mətbuatı sıxışdıran, opponentlərini həbs etdirən bir diktator kimi tanıtdı. Ərdoğanın Türkiyənin prezidenti seçilməsi və yenidən hakimiyyəti ələ alması ABŞ və Avropada heç kimi sevindirməyib. Avropa ölkələrindən də Ərdoğanın inauqurasiyasında səviyyəli adam iştirak etməyəcək. Qərb təhqiredici tərzdə niyyətini ifadə edərək, Ərdoğanı dəstəkləməyəcəyini əvvəlcədən göstərir”.

İsmayıl