Ziya Məmmədovun qardaşı qızı ağır qəzada ölüb





Dünən Gəndob-Yalalam yolunun 19-cu km-də Xaçmaz rayonunun Qaradağlı kəndi ərazisindən keçən hissəsində baş vermiş qəzada həlak olan 37 yaşlı Günay Ələsgərovanın nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Loğman Məmmədovun qızı olduğu məlum olub. Lent.az-ın məlumatına görə, 1950-ci il təvəllüdlü Quba rayon sakini Almasov Ramiz Qaflan oğlu idarə etdiyi 90 CM 986 dövlət nömrə qeydiyyatlı "KİA” markalı minik maşını ilə Xaçmaz rayonu Hülövlü kənd sakini, 1962-ci il təvəllüdlü Mustafayev Bəhram Əlövsət oğlunun idarə etdiyi at arabasını vurub. Bundan sonra "KİA”nın arxasınca eyni istiqamətdə hərəkətdə olan 1956-cı il təvəllüdlü, Xaçmaz rayonunun Köhnə Xaçmaz kənd sakini Cəbiyev Məhərrəm Şəmbala oğlunun idarə etdiyi 90 JZ 076 dövlət nömrə nişanlı "KamAZ” markalı yük maşını "KİA” ilə toqquşub. Qəza nəticəsində "KİA”da olan sərnişin, 1977-ci il təvəllüdlü Bakı şəhər sakini Ələsgərova Günay Loğman qızı dünyasını dəyişib.
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar davam etdirilir.
11:17
*****
"Garant Holding”in Müşahidə Şurasının üzvü Emil Ələsgərovun ailəsində ağır itki baş verib.
Lent.az-ın oxu.az-a istinadən məlumatına görə, dünən axşam saatlarında Bakı-Quba magistral yolunda Emil Ələsgərovun həyat yoldaşının olduğu minik avtomobilinin ağır yüklü maşınla toqquşması nəticəsində xanım dünyasını dəyişib.
Avtomobili idarə edən sürücü yüngül xəsarət alıb.
"Garant Holding”in bütün heyəti Emil Ələsgərova üz vermiş ağır itki ilə əlaqədar dərin hüznlə başsağlığı verir və kədərini bölüşdüyünü bildirir.
Qeyd edək ki, dünyasını dəyişən xanım Azərbaycan Respublikasının nəqliyyat naziri Ziya Məmmədovun qardaşı qızıdır.
Allah rəhmət eləsin!