Prezident Kür çayı üzərində yeni körpünün açılışını etdi

Körpünün uzunluğu 317 metr, eni isə 15 metrə yaxındır

 

Prezident İlham Əliyev Beyləqan rayonuna səfərə gəlib. AzərTAc-ın verdiyi xəbərə görə, dövlət başçısı Heydər Əliyev parkında ümummilli liderin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev prezident İlham Əliyevə abidə ətrafında aparılan abadlıq və tikinti işləri barədə məlumat verib. Bildirilib ki, əsaslı şəkildə yenidən qurulan Heydər Əliyev parkında rayon sakinləri, eləcə də qonaqların istirahəti üçün hər cür şərait yaradılıb.
Beyləqanda səfərdə olan prezident İlham Əliyev bir sıra obyektlərin açılışında iştirak edib. Prezident İlham Əliyev Beyləqanda Gənclər Mərkəzinin açılışında iştirak edərək mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.
Dövlət başçısına məlumat verilib ki, mərkəzin binasının inşasına 2013-cü ilin mayında başlanılıb. İnşaat işləri yüksək keyfiyyətlə həyata keçirilib. İkimərtəbəli binada gənclər üçün hərtərəfli şərait yaradılıb.
Binanın foyesində ümummilli lider Heydər Əliyevin Beyləqana səfərlərini əks etdirən fotolardan ibarət guşə yaradılıb. Burada, həmçinin prezident İlham Əliyevin rayona səfərlərini və gənclərlə görüşlərini əks etdirən fotolardan ibarət stend var.
Mərkəzdə gənclər kafesi, tir atıcılıq mərkəzi, karaoke, 3D kino zalları fəaliyyət göstərəcək. Binadakı 120 yerlik iclas və 14 yerlik akt zallarında gənclərin müxtəlif toplantı və görüşlərinin keçirilməsi üçün bütün şərait var. Bu zallarda rayonda qeyd edilən əlamətdar günlərlə bağlı tədbirlər keçirmək də mümkün olacaq. Burada yaradılan elektron kitabxana, oxu zalı, linqafon otağı, internet kafe, bədii gimnastika və rəqs zalları da gənclərin ixtiyarına veriləcək.
Prezident İlham Əliyev mərkəzdə rayon gəncləri və ictimaiyyətin nümayəndələri ilə görüşüb.
Müəllimə Aytən Mirzəyeva, məktəb direktoru Əziz Əkbərov gənclərimizə göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonda xatirə şəkli çəkdirilib.
Prezident İlham Əliyev Beyləqan şahmat məktəbinin açılışında iştirak edib.
Dövlət başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyevə şahmat məktəbinin inşasına 2013-cü ilin mayında başlanıldığı və 2014-cü ilin fevralında tikinti işlərinin başa çatması haqda məlumat verilib. İnşaat işləri daxili imkanlar hesabına həyata keçirilib.
Məktəbin ikimərtəbəli binasında ümummilli lider Heydər Əliyevin və prezident İlham Əliyevin idmançılar, o cümlədən şahmatçılarla görüşlərini əks etdirən fotolar var. Buradakı 50 yerlik şahmat yarışı zalı zəruri avadanlıqla təchiz edilib. Məktəbin konfrans zalı, sinif və müəllimlər otaqları da müasirliyi ilə diqqəti cəlb edir.
Məktəbdə yeniyetmə və gənclərin şahmat kompozisiyalarını daha dərindən öyrənmələri üçün müxtəlif əyani vəsaitlərdən və informasiya-kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadə olunur.
Sonda xatirə şəkli çəkdirilib.
Prezident İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə Beyləqanda inşa edilən uşaq bağçasının açılışında da iştirak edib. Dövlət başçısı uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsib.
Bildirilib ki, 80 yerlik binanın inşasına 2014-cü ilin yanvarında başlanılıb, iyul ayında başa çatdırılıb.
Binanın foyesində ulu öndər Heydər Əliyevin və prezident İlham Əliyevin uşaqlara göstərdikləri diqqət və qayğını əks etdirən fotolardan ibarət guşə yaradılıb.
Müasir səviyyədə və yüksək keyfiyyətlə inşa edilən binadakı sinif otaqları bütün zəruri avadanlıq, o cümlədən uşaqlarla işləmək üçün lazımı inventar və oyuncaqlarla təmin edilib. Burada uşaqların bilik və bacarıqlarının üzə çıxarılması üçün hərtərəfli şərait yaradılıb.
Bu cür obyektlərin yaradılması gələcəyimiz olan uşaqlara Heydər Əliyev Fondunun diqqət və qayğısını əyani şəkildə nümayiş etdirir. Bu, bir daha sübut edir ki, Azərbaycanda gənc nəslin yetişməsinə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın diqqəti sonsuzdur. Respublikanın müxtəlif bölgələrində Fondun dəstəyi ilə müasir təhsil ocaqlarının inşası, həyata keçirilən layihə və proqramlar bu sahənin sürətlə inkişaf etməsinə möhkəm zəmin yaradıb.
***
14:02
Prezident İlham Əliyev Hacıqabul-Bəhrəmtəpə yolunun Şirvan şəhərindən keçən hissəsində - Kür çayı üzərində inşa olunan avtomobil körpüsünün açılışında iştirak edib.  AzərTac-ın məlumatına görə, dövlət başçısı körpünün rəmzi açılışını bildirən lenti kəsdi.
Nəqliyyat naziri Ziya Məmmədov prezident İlham Əliyevə məlumat verib ki, körpünün uzunluğu 317 metr, eni isə 15 metrə yaxındır. Artıq xeyli vaxt idi ki, istismar müddəti başa çatmış dəmir konstruksiyalı körpü nəqliyyat vasitələrinin hərəkətində ciddi problemlər yaradırdı. Dəfələrlə cari təmir işlərinin aparılmasına baxmayaraq, körpünün yenisi ilə əvəz olunması zərurətə çevrilmişdi. Beləliklə, 2011-ci ildən başlayan tikinti işləri yekunlaşıb və yeni, müasir standartlara uyğun körpü artıq istismara hazırdır.

Diqqətə çatdırılıb ki, körpünün tikintisi zamanı nəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə mövcud dəmir konstruksiyalı köhnə körpüdə tikinti-quraşdırma işləri həyata keçirilib.