Rusiya geri çəkilməyəcək: Çünki Kremlin reytinqi və dünyəvi imici birbaşa Ukrayna müharibəsi ilə bağlıdır





Minskdə maraqla izlənilən Ukrayna-Rusiya və Avropa Birliyi (AB) formatındakı müzakirələr başa çatdı. Ukrayna böhranı başlanandan ilk dəfə olaraq belə bir formatda görüş keçirilirdi. Düzdür, indiyədək üçtərəfli təmaslar bir neçə dəfə olub. Ancaq Minsk görüşü həm də prosesə Qazaxıstan və Belarusiyanın cəlb olunması ilə yadda qaldı.

Əgər belarus ev sahibi və vasitəçi qismində idisə, Qazaxıstanın iştirakı doğrudan diqqətədəyər yenilik sayıla bilər. İstisna deyil ki, hər iki ölkənin prezidentlərinin, Lukaşenko və Nazarbayevin birbaşa müzakirələrə qatılması dolayısıyla Ukraynanın mövqeyini gücləndirmək, Rusiyanı isə daha konstruktiv mövqeyə sövq eləmək niyyəti güdürdü. Çünki Qazaxıstan və Belarusiya da Putinin imperiya projelərinə isti yanaşmır. Müzakirələrin iqtisadi mövzuda getdiyi bildirilsə də, aydın idi ki, siyasi və hərbi təhlükəsizlik məsələləri də az önəm daşımayacaq. Belə də oldu. Diqqət həm kritik Ukrayna-Rusiya münasibətlərinə, həm də Avropada təhlükəsizlik mövzusuna yönəldildi. Putin üçün bu görüş bir həftədən sonra keçiriləcək NATO-nun Uels sammitinə görə əhəmiyyətli idi. Kreml başçısı bilir ki, sammitdə Rusiya əleyhinə yeni qərarlar verilə bilər. Bu üzdən Minsk təmasına "bufer effektli” bir fürsət kimi baxırdı. Bəs Poroşenko ilə iki saatlıq görüşdə o, istəyinə nail oldumu? Ekspertlərin fikrincə, hələlik bunu söyləmək çətindir. Bəzi əcnəbi politoloqlar isə hesab edirlər ki, Putin oktyabrın 26-da Ukraynada keçiriləcək parlament seçkilərindən sonra Donbasdakı vəziyyətlə bağlı öz mövqeyini elan edə və rəsmi Kiyevlə danışıqlara gedə bilər.

Minskdəki danışıqları dəyərləndirən Ukrayna prezidenti Poroşenko görüşü "çətin və ağır” adlandırıb. Məlumatlara görə, Putin problemi iqtisadi müstəviyə çəkməyə səy göstərsə də, bu, baş tutmayıb. Avropa Birliyi isə Minsk danışıqlarını pozitiv hesab edir. Təşkilatın xarici siyasət məsələləri üzrə ali komissarı Ketrin Eşton müzakirələrin səmimi ovqatda aparıldığını bildirir: "Hiss olunur ki, hamı problemi görür və onun həlli üçün səy göstərir”. Buna baxmayaraq, fikir bəyan edənlərin əksəriyyəti düşünür ki, bir görüşlə Ukrayna böhranı yoluna qoyulan deyil və müzakirələr, görüşlər davam etdirilməlidir. Ancaq bir şərtlə ki, Minsk anlaşması Ukrayna böhranının həllində dönüş və ya çıxış nöqtəsi olsun. Nəinki Putinin növbəti dəfə vaxt udmasına və ya "taymaut” götürməsinə yarasın. Amma Minskdəki Kiyev-Moskva "yaxınlaşmasından” bir neçə saat sonra rus tanklarının yenidən Ukrayna ərazisinə soxulması və separatçılara verilən dəstəyin artırılması bir çox ziddiyyətli və təhlükəli məqamlardan xəbər verir.

Politoloq Leyla Əliyeva deyir ki, Rusiyanın geri çəkiləcəyini gözləmək əbəsdir. Çünki Kreml hesab edir ki, Moskvanın reytinqi və dünyəvi imici birbaşa Ukrayna müharibəsi ilə bağlıdır: "Əslində Rusiya bu yersiz və faydasız savaşla olan-qalan gücünü, nüfuzunu da darmadağın edir. İstənilən halda Putin hazırda çıxılmaz vəziyyətə düşüb. Bir tərəfdən daxili problemlər, digər tərəfdən xarici təzyiqlər və sanksiyalar Rusiya rəhbərini daha da aqressivləşdirir və onu ağılsız, məntiqsiz hərəkətlər etməyə sövq edir. Əgər Putin konkret və səmimi olaraq yürütdüyü siyasətin Rusiyaya ziyan verdiyini anlasa və geri çəkilsə, o zaman proseslərdə irəliləyişə ümid etmək olar”.

Politoloq Rasim Ağayev Minsk görüşünün Qərbi Avropa ölkələrinin xeyir-duası ilə təşkil olunduğunu bildirib: "Bilirsiz ki, Ukraynaya münasibətdə Qərbi Avropanın siyasəti ABŞ-dan fərqlənir. Bu fərqli münasibətin də səbəbi Rusiyanın Avropaya satdığı qazdır. Ona görə də bu ölkələr müxtəlif yollarla çalışır ki, Ukrayna-Rusiya problemini mümkün qədər tez həll etsinlər. Hətta Poroşenkonu bəzi məsələlərdə güzəştə getməyə belə məcbur edirlər”. Siyasi ekspert deyir ki, Poroşenko birbaşa ABŞ-a bağlı adamdır: "Putin açıq-aşkar bəyan etdi ki, o, Ukraynada gedən müharibəyə qarışmayacaq. Çünki bu, Ukraynanın daxili işidir. Ona görə də Poroşenkoya dedi ki, get öz vətəndaşlarınla dil tap. Poroşenko isə silah gücünə öz hakimiyyətini ölkənin Cənub-Şərq bölgələrində bərqərar etməyə çalışır. Güc tətbiq etdiyinə görə müsbət nəticə əldə edə bilmir. Deməli, əsas günah Poroşenkodadır”.

İsmayıl