Tomas Vaalın açıqlaması anlaşılan deyil: Əslində ən böyük separatçılıq elə Qarabağda yaşanır

"Təcavüzə məruz qalan tərəfdən güzəşt tələb etmək absurddur"




"Nə Azərbaycan cəmiyyəti, nə də Ermənistan cəmiyyəti ciddi, qarşılıqlı güzəştlərə hazır deyil”. Bunu Vaşinqtondakı Kornegi Fondunun Qafqaz məsələləri üzrə eksperti, "Qara Bağ” kitabının müəllifi Tomas de Vaal deyib. Ekspert bildirib ki, Azərbaycan müharibəni "uduzan tərəf” kimi münaqişənin aktiv fazaya keçməsində daha çox maraqlıdır, nəinki Ermənistan. Rusiyanın münaqişədəki roluna da toxunan Vaal Kremlin Qafqaz strategiyasında ciddi dəyişikliyin müşahidə olunmadığını söyləyib:

"Rusiya bütün resursunu hazırda Ukrayna probleminə cəmləşdirib. Digər böyük dövlətlərin başları da başqa problemlərə qarışıb. Ona görə də münaqişənin həllində irəliləyiş yoxdur”.

Siyasi təhlilçilərin fikrincə, Tomas Vaalın söylədiklərində iki anlaşılmaz məqam var. Birincisi, ekspert deyir ki, Azərbaycan müharibədə daha çox maraqlıdır. Məgər torpaqları işğala məruz qalmış bir ölkənin itirilmiş ərazilərini müharibə yolu ilə geri qaytarmaq istəməsi təbii deyilmi? Özü də bu, hüquq BMT Nizamnaməsində öz əksini tapıb. Bu baxımdan müharibəyə iddialı olmağı Azərbaycana irad tutmaq ən azından hüquqi savadsızlıqdır. İkincisi isə Ermənistandan fərqli olaraq Azərbaycan güzəştə gedəcək tərəf deyil. Bakı ərazisinin hansısa parçasından, yaxud Dağlıq Qarabağdan, Laçından imtinamı eləməlidirmi? Azərbaycan tərəfi separatçılara dünyada ən yüksək muxtariyyət vəd edib. Bundan başqa, rəsmi Bakıdan hansı kompromis gözlənilir?

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli "Şərq”ə verdiyi açıqlamada deyib ki, Qafqaz regionundakı münaqişələrə beynəlxalq təşkilatların, əcnəbi ekspertlərin yanaşması çox qəribədir: "Əslində bütün postsovet məkanındakı münaqişələr eyni ssenari üzrə cərəyan edir, yəni motivlər eynidir. Bu münaqişələrin hamısının əsasında aqressiv separatizm siyasəti dayanır. Amma maraqlıdır ki, Dnepryanı bölgələrə, Krıma, Abxaziya, Osetiya və s. məsələlərə yanaşdıqda problemi ərazi bütövlüyü çərçivəsində analiz edən Qərb dairələri Dağlıq Qarabağ münaqişəsində məsələyə əlahiddə yanaşırlar. Bu problemin digərlərindən fərqli olduğunu iddia edirlər. Halbuki ən böyük separatçılıq elə Qarabağda yaşanır”. Q.Hüseynlinin sözlərinə görə, təcavüzə məruz qalan tərəfdən güzəşt tələb etmək absurddur: "Ümumi prosedurda müəyyən güzəştlərə gedə bilərik, amma fundamental, prinsipial mövzularda kompromis gözləmək məntiqsizdir. Azərbaycanın kompromis limiti artıq dolub”. Müharibə şüarları səsləndirən Azərbaycanın "aqressivlikdə” ittiham olunmasına münasibət bildirən politoloqun fikrincə, bizi müharibəyə sövq edən ermənilərdir: "Mən şəxsən danışıqlar prosesində iştirak etmiş adamam. Ermənilər deyirdilər ki, "biz qan tökərək torpaqları almışıq, indi siz də qanınızı axıdın, ərazilərinizi geri qaytarın”. Bunu açıq formada bəyan edirdilər. Düzdür, ermənilər torpaqlarımızı rusların köməkliyi ilə işğal ediblər, ancaq indi bizim çox geniş imkanlarımız var və rayonlarımızı düşməndən azad edə bilərik. Burda qeyri-təbii, beynəlxalq hüquq normalarına zidd heç nə yoxdur. Ermənilər artıq bir dəfə doğma torpaqlarımızda dövlət yaradıblar. İkinci dövləti qurmalarına icazə verməyəcəyik. Təəssüflər olsun ki, Kornega kimi bir çox xarici fondların ekspertləri boşboğazlıqla məşğul olurlar. Onlar yerli şəraiti, mövcud reallığı bilmədən danışırlar”.

İsmayıl