Davudoğlu yaxşı oyuncu deyil: Türkiyəni dəyişə bilməyəcək

Ərdoğanın xarici siyasətdəki uğursuzluqlarının birbaşa müəllifi yeni seçilən baş nazirdir



Ötən günlərdə Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) növbəti qurultayı baş tutub. İzdihamla keçən toplantıda sabiq xarici işlər naziri Əhməd Davudoğlunun baş bakan və AKP-nin sədri seçilməsi məsələləri təsdiqlənib.

Yığıncağa qatılan yeni prezident Rəcəb Tayyib Ərdoğan partiyası ilə vidalaşıb. O, hakim partiya tərəfdarlarına qərənfil paylayıb. Vətəndaşlardan halallıq istəyən Ərdoğan, özü də haqqını onlara halal edib. Məlumdur ki, prezident seçildikdən sonra R.T.Ərdoğan Türkiyənin yeni baş nazirliyinə və AKP sədrliyinə ən layiqli namizəd kimi keçmiş XİN başçısı Əhməd Davudoğlunun adını açıqlayıb. Ən maraqlısı odur ki, Ə.Davudoğlunun yeni təyinatını qardaş ölkə siyasiləri birmənalı qarşılamayıb. Sabiq XİN rəhbərinin böyük uğurlara imza atacağını söyləyənlərlə yanaşı, fəaliyyətinin Türkiyə ictimaiyyətinə heç bir impuls verməyəcəyini düşünənlər də az deyil. Bəs görəsən, Azərbaycan siyasiləri nə düşünür. Davudoğlunun bu posta gətirilməsi qardaş ölkə cəmiyyətinə nə vəd edir?

Böyük Quruluş Partiyasının (BQP) başqanı, millət vəkili Fazil Mustafa "Şərq”ə bildirib ki, Davudoğlunun baş nazir olmasının Türkiyə üçün heç bir faydası yoxdur. Deputatın sözlərinə görə, hazırda Ərdoğanın xarici siyasətdə uğursuzluqlarının səbəbkarı bilavasitə Davudoğlu sayıla bilər: "Əvvəllər Davudoğlunun memarlığında Avropa Birliyinə (AB) daxil olma kursunu israrla aparan Ərdoğanın bu kursu daha sakit və ardıcıl aparması zəruri idi. AB-də Türkiyəni istəməyən qüvvələr mövcud idi. Bununla belə, qardaş ölkənin bu quruma daha çox ehtiyacı vardı. Ən əsası da buraya daxil olmasa belə, Avropa standartlarını əsasən mənimsəməsi baxımından vacib idi. Əvəzində Türkiyə məhz xarici siyasətdə ideoloji prinsiplərdən çıxış etməyə üstünlük verdi və bunu Yaxın Şərqdə tətbiq etməyə çalışdı. Avropanın da Türkiyə ilə münasibətdə çəkindiyi məqam məhz bu idi. İndiki halda Azərbaycan iqtidarının xarici siyasət kursu rəsmi Türkiyənin xarici siyasət anlayışından xeyli əsaslandırılmış və daha məntiqlidir. Rəsmi Ankaranın xarici siyasətində macəraçılıq amili o qədər yüksəkdir ki, qardaş ölkə hətta ən zəif vaxtlarında belə sahib olduğu imkanları itirməyə başlayır. İsrail 9 vətəndaşını öldürür, cavab verə bilmir. İŞİD 49 diplomatını aylarla girov saxlayır, səsi çıxmır. Əvəzində İraqın yenidən tərtibatında ABŞ guya düşmən olduğu İrana yaşıl işıq yandırır. Onlarla bu kimi misalları artırmaq mümkündür”.

AKP iqtidarının yanlışlıqlarından söz açan F.Mustafa qardaş ölkənin indiki hakimiyyətini macəra axtarmaqda qınadı: "Bəlkə özlərinin bildikləri daha doğru məqamlar var. Hər zaman düşünmüşəm ki, qosqoca Türkiyəmizdə arxa planda A variantından başqa B, C, D variantları da mütləq var. Ancaq sonra gördüm ki, ifrat ideoloji qafalarda əlifba yalnız bir hərflə başlayıb, həmin hərflə də bitir”.

Millət vəkili onu da əlavə edib ki, Davudoğlunun hökumətə rəhbərliyi dövründə ciddi dəyişikliklər baş verməyəcək: "Heç bir yenilik gözləmirəm”.

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, deputat Sabir Rüstəmxanlı hesab edir ki, Ə.Davudoğlunun hökumətə başçılığı dövründə AKP-nin ümumi idarəçilik kursu dəyişilməyəcək: "Köhnə baş nazir, hazırda seçilən prezident də AKP-dəndir və onlara sadiq olan adamlardan biri, Türkiyənin indiyə kimi xarici siyasətini müəyyənləşdirən bir adam baş nazir olur. Təbii ki, onun baş nazirliyi müddətində dövlətin xarici siyasətində, ölkə daxilində görülən işlərdə elə bir ciddi dəyişiklik baş verməyəcək”.

Ayyət Əhməd