"62 ölkəyə vizasız səfər mümkündür, hətta bəzi ölkələrə..."

"...Sadələşdirilmiş viza rejimi də tətbiq olunur "


"Azərbaycan Respublikası vətəndaşları açıqlanan 62 ölkəyə vizasız səfər edə bilərlər”.

Bunu "Sherg.az"-a Ümumdünya İqtisadi Forumunun 2017-ci il üzrə açıqladığı Qlobal Pasport Reytinqindən danışarkən Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov deyib. 

O bildirib ki, bundan əlavə bəzi ölkələr üçün sadələşdirilmiş viza rejimi də tətbiq olunur:

"Bütövlükdə vaxtaşırı belə reytinqlər nəşr olunur və ölkə vətəndaşlarının səyahət rəqəmləri açıqlanır.

Vətəndaşlar bu və ya digər ölkələrə səfər edərkən sözsüz ki, maraqlanırlar, viza tələb olunur, yoxsa yox. Həmin ölkə tərəfindən viza tələb olunmadığı halda səfər proqramını daha rahat şəkildə tərtib edə bilirlər. Viza tələb olunduğu təqdirdə isə əlavə vaxt gərəkdir ki, bu məsələ həll edilsin.

Vətəndaşlar hansı ölkəyə səyahət etmək istəyirsə, 3 yolla həmin ölkənin qaydaları haqqında məlumat əldə edə bilir. İlk olaraq Xarici İşlər Nazirliyinin saytına daxil olub, informasiya əldə etmək olar.

İkinci yol – hər hansı turizm şirkətinə müraciət edib, mövcud prosedura qaydaları haqqında məlumatlana bilərlər. Üçüncü və ən rahat yolla isə ətrafdakı insanlar, dost-tanış vasitəsilə lazımi məsələləri və qaydaları öyrənmək mümkündür.

Nəticə etibarilə kor-koranə heç bir vətəndaş xarici ölkəyə səyahət etmək fikrinə düşmür. Mövcud qaydalarla tanış olduqdan sonra səyahət haqqında qərarını dəqiqləşdirir”.

Xarici ölkələrə səyahət etmək istəyən vətəndaşların nə dərəcədə informasiya əldə edə bilməsinə gəldikdə isə A. Allahverənov deyib ki, bəzi hallarda müxtəlif ölkələrlə bağlı informasiyalar ingilis dilində olur:

"Bu zaman vətəndaşlar çətinlik çəkir, çünki onların hamısı ingiliscə danışmır. Bir problem isə hansısa turizm şirkətinin xətti ilə xarici ölkəyə səyahət edən vətəndaşın səyahət paketindən istifadə etməsidir ki, bu da müəyyən qədər baha gələ bilər.

Digər tərəfdən ətrafdakı insanlardan informasiya aldıqda nə dərəcədə etibarlı və düzgün olmasına da diqqət etməliyik. Bütün bunları nəzərə aldıqda, tövsiyə edirik ki, bütün kanllardan informasiya toplansın ki, vətəndaş səfər edərkən hər hansı problemlə qarşılaşmasın. Xüsusilə, miqrant axını olmayan ölkələr haqqında məlumatları dəqiqləşdirmək vacibdir”.

Aysel Aslan