Azərbaycan alimləri yeni dərman ixtira elədi

Yeni dərmanın burun-boğaz xəstəlikləri üçün istifadə olunması nəzərdə tutulur




Azərbaycanda alimlər tərəfindən yeni dərman vasitəsi ixtira olunub. Lent.az-ın məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasında çıxış edən Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov bildirib ki, "Ağ Naftalan yağı” oktyabrın 23-də Səhiyyə Nazirliyi tərəfindən dərman vasitəsi kimi qeydə alınıb. Onun sözlərinə görə, akademiya tarixində ilk dərmandır ki, bunun istifadəsinə icazə verilib: "Dərmanın hazırlanması üçün vanna kimi istifadə edilən Naftalan neftinin tullantısından yağ alınıb. "Ağ Naftalan yağı”ın dərman kimi istifadəsinə icazə verilib. Yeni dərmanın burun-boğaz xəstəlikləri üçün istifadə olunması nəzərdə tutulur”.

V.Abbasov əlavə edib ki, Naftalan neftindən digər dərman preparatlarının hazırlanması üçün də tədqiqatlar aparılmalıdır. Onun fikrincə, Naftalan neftindən yalnız vanna kimi istifadə edilməsi erası qurtarmalıdır. Çünki bu, həm də ətraf mühitə ziyan vurur.