Böhranın həllinə çox var

Rusiya-Ukrayna münasibətləri bundan sonra yaxşılaşa bilməz




Rusiya ilə Ukrayna arasında vəziyyət yenidən gərginləşib. NATO baş katibi Yens Stoltenberqin bildirdiyinə görə, Moskva qoşunları Ukrayna sərhəddinə tərəf hərəkət edir. Baş katib onu da əlavə edib ki, Kreml hələ də separatçıları silahlandıraraq dəstəkləməyə davam edir. Ukraynanın şərqində döyüşən separatçılar arasında Rusiya Silahlı Qüvvələrinin xüsusi təyinatlıları da var.

Ukrayna prezidenti Pyotr Poroşenko isə Moskvanın məkrli planlarını cavabsız qoymayıb. O, qoşunları Mariupol və Xarkovun müdafiəsinə göndərməyi əmr edib. "Ali Baş Komandan kimi müdafiə nazirinə və baş qərargah rəisinə tapşırıqlar verdim. Ölkənin şərqinə göndərilən qoşun Mariupol tərəfə mümkün ola bilən hücumun qarşısını almaqla məşğul olacaqlar”.

Tərəflər arasındakı gərginliyin yeni mərhələsini şərh edən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Şərq”ə açıqlamasında qeyd edib ki, Ukrayna böhranının həllinə çox var: "Bir tərəfdən atəşkəs elan olunub. Ukrayna Rusiya ilə qaz sazişi bağlayıb. Kiyev Moskvaya olan borcunun bir hissəsini ödəyib. Digər tərəfdən şimal qonşumuz qoşunlarını Ukrayna sərhədlərinə yığır. Hesab edirəm ki, tərəflər arasındakı münasibətlərin yaxın zamanlarda normallaşacağı gözlənilmir. Çünki separatçılar seçki keçiriblər. İkinci addım kimi Kremldən Donetks və Luqanskın müstəqilliyinin tanınmasını istəyəcəklər. Separatçılar həmin istiqamətdə bir neçə addım atacaqlar ki, bu da vəziyyəti daha da mürəkkəbləşdirəcək. Digər addım kimi Qərb də Moskvaya sanksiyalarını sərtləşdirəcək”.

Politoloqun qənaətincə, Rusiya-Ukrayna münasibətləri bundan sonra yaxınlaşa bilməz: "Kreml istəyir ki, Ukrayna Krımın ilhaqı, Donetsk və Luqanskda separatçıların müstəqilliyini həzm eləsin. Ukrayna hökuməti və cəmiyyəti bunu tanımır. Mümkün olan iş deyil. Baxın, Azərbaycana da təklif edirlər ki, Ermənistanla dostlaşsın. Biz də tələb edirik ki, bu, işğal altındakı torpaqlarımız qayıtdıqdan sonra mümkün ola bilər. Ukrayna hakimiyyəti və cəmiyyəti də bizim kimi haqlı olaraq, Kremldən tələb edir ki, Krım məsələsinə yenidən baxılsın. Separatçılara dəstək verilməsin. Ukraynanın ərazi bütövlüyünü tanısın. Moskva bunları edərsə, Ukrayna-Rusiya əlaqələri istiləşə bilər. Ukraynanın şərtləri yerinə yetirilməyənə qədər tərəflər arasındakı münasibətlərin yaxşılaşacağını gözləmirəm”.

Ayyət Əhməd