Qarabağ qaziləri mitinqdə iştirak etməyəcəklər

Etimad Əsədov deyib ki, onların adından heç kəs danışa bilməz




Milli Şuranın 10 noyabr mitinqinə şəhid ailələri və Qarabağ qazilərinin də dəstək verməsi haqda mətbuatda yazılanlara "Qarabağ Qaziləri” İctimai Birliyindən reaksiya gəldi.

Birliyin sədri Etimad Əsədov "Şərq”ə açıqlamasında qeyd etdi ki, ümumun adından danışmaq haqqına hər kəs sahib deyil:

- "Qarabağ Qaziləri” İctimai Birliyi öz sıralarında minlərlə Qarabağ döyüşçüsünü, müharibə əlilini birləşdirir. Və mən birliyin sədri olaraq bildirirəm ki, təşkilatımızda birləşən müharibə əlilləri - qazilər heç bir mitinqdə iştirak etməyəcəklər. Biz bu proseslərdə yoxuq. Mitinqlərə də qatılmırıq. Siyasi çağırışlar edilməsini də düzgün saymırıq. Sosial problemlər mitinqlərdə həll olunmur. Biz qazi qardaşlırımızın problemlərini aidiyyətli qurumların rəhbərləri ilə görüşlər keçirmək, müzakirələr aparmaq yolu ilə həll etməyə çalışırıq və mümkün qədər buna nail də oluruq. Yerlərdə də şöbələrimiz fəaliyyət göstərir və onlar da yerli icra hakimiyyəti nümayəndələri ilə görüşlər keçirir və problemləri qaldırırlar. Mitinqə çağırışlar edənlərin, Qarabağ qazilərinin guya ki, kütləvi şəkildə mitinqə qatılacağını deyənlərinsə yəqin, konkret siyasi mənsubiyyəti var. Onlar öz siyasi mənsubiyyətlərindən, partiyalarının təəssübündən çıxış edərək belə bəyanatlar verirlər. Biz Qarabağ qaziləri isə heç bir siyasi partiyanın üzvü deyilik və siyasi mənsubiyyətimiz də yoxdur. Birliyin üzvlərinə də hansısa siyasi partiyanın təşkil etdiyi mitinqlərə qatılmasına icazə vermirik. Hesab edirik ki, regionda gərgin siyasi ab-hava yaşandığı bir vaxtda hər bir Azərbaycan vətəndaşı ölkədə ictimai sabitliyin qorunmasında maraqlı olmalıdır. İctimai sabitliyin pozulması hazırkı dənəmdə Azərbaycan xalqının mənafeyinə xidmət etmir.

Məlahət Rzayeva