Nə yubanmaq olar, nə də tələsmək...

Türkiyədə terror fəaliyyətinin genişlənməsi ehtimalı kifayət qədər böyükdür



Türkiyədə gərgin vəziyyət davam edir. Suriya ilə sərhəddə yerləşən Kilis şəhərinin 4 kilometrliyində İŞİD və Azad Suriya Ordusu arasında şiddətli döyüşlər gedir. Döyüşləri Türkiyə ərazisindən aydın şəkildə görmək mümkündür. Türkiyə Silahlı Qüvvələrinin ağır hərbi texnikasının cəmləndiyi bölgədə əsgərlərin sayı da artırılıb.

Yüksəkliklərdə yerləşən raketlərin istiqaməti Suriyaya tərəf çevrilib. Xüsusən son bir həftədir koalisiya qüvvələrinin havadan endirdiyi zərbələrə, peşmərgələrin və İraq kürdlərinin inadlı müqavimətinə baxmayaraq İŞİD-çilərin hücumları daha da şiddətlənib. Durumu dəyərləndirən politoloqların fikrincə, Kobani məsələsi açıq-aşkar Türkiyəni vurmaq üçün oyuna atılan kartdır. Onların sözlərinə görə, ikiüzlü siyasətini yenidən işə salan ABŞ həm İŞİD-ə, həm də onunla savaşan dəstələrə silah yardımı edərək bölgədəki gərginliyi artırır.

Türkiyə sərhəddində yaranan gərginliyi və rəsmi Ankaranın mövqeyini şərh edən siyasi elmlər doktoru, professor Elman Nəsirli deyib ki, Türkiyə özü də ciddi təhlükələrlə üz-üzə qalacağının fərqindədir. Çünki ölkədə terror fəaliyyətinin genişlənməsi ehtimalı kifayət qədər böyükdür: 

"Fikrimcə, bu məsələlərdə Türkiyə tərəfi kifayət qədər ehtiyatlı davranmalı və qısa zamanda məsələlərin həlli yolunu tapmalıdır. Burada nə yubanmaq, nə də tələsik addımlar atmaq olar”.

Politoloq bildirib ki, hadisələrin gedişatı İŞİD-ə qarşı mübarizədə Türkiyənin mövqeyini dəyişməsinə zəmin yaratdı: "Türkiyə terrorçulara qarşı mübarizədə, əvvəlcə, bu prosesə qoşulmaq istəmədiyi ilə bağlı mövqeyini ortaya qoydu. Ancaq hadisələrin gedişatı, sərhəd yaxınlığında gərginliyin artması, ölkə ərazisinə təhdidlərin yaranması Türkiyənin mövqeyinə təsir etdi. İndi rəsmi Ankara prosesdə fəal iştirakçı qismində çıxış edir. Baş nazir Əhməd Davudoğlunun bu məsələlərlə bağlı mövqeyi belə idi ki, havadan zərbələr istənilən nəticəyə gətirib çıxarmır. Ona görə də quru əməliyyatlarına ehtiyac var. Yalnız bu halda düşmənə qalib gəlmək mümkündür. Hətta bu məsələ ilə əlaqədar parlament qanunvericilikdə dəyişiklik də etdi. Amma indi Davudoğlu deyir ki, heç kim bizi müharibəyə çəkə bilməz. Əslində baş nazirin də, prezident Ərdoğanın da mövqeyi belədir ki, İŞİD-ə qarşı müharibə lokal məzmun kəsb etməməlidir. Elə etmək lazımdır ki, bu təşkilata daha çox dəstək vermiş Bəşər Əsəd rejiminin iflası gerçəkləşsin”. Siyasi ekspertin sözlərinə görə, hələ ki, müttəfiqlər Türkiyənin mövqeyini tam dəstəkləmirlər:

"Artıq Türkiyənin ərazi bütövlüyünə qarşı ciddi təhdidlər yaranıb. Prinsip etibarı ilə Türkiyənin quru qoşunları timsalında müharibəyə qatılacağını iddia etmək mümkündür. Amma yaxın günlərdə nələrin baş verəcəyini zaman göstərəcək”.

Siyasi şərhçi Əli Oruclu da vurğulayıb ki, Türkiyəni idarəolunan xaosa sürükləmək istəyirlər: "Qərb və ABŞ-ın İŞİD və kürdlərlə bağlı ssenarisinin hədəfi Türkiyədir. Qərb Türkiyəni əksər müsəlman dünyasında olduğu kimi daxili münaqişələrə, silahlı toqquşmalara cəlb etməyə çalışır. Bu baxımdan rəsmi Ankaranın birbaşa müharibəyə girməməsi ağıllı düşünülmüş tədbirdir. Əlbəttə, Qərb məqsədini həyata keçirmək üçün bütün alətlərdən istifadə edir. PKK da bu siyasi oyunda əsas vasitə kimi istifadə olunur. Almaniya və İngiltərə həmin terror təşkilatına açıq şəkildə dəstək verir, onları silahlandırır və hərbi təlimlər keçir. Danimarka da artıq bu prosesin aktiv iştirakçısına çevrilib. Ona görə də İŞİD-in İraqda apardığı əməliyyatlar deyil, Türkiyə ilə sərhəd olan Kobani diqqət mərkəzinə alınıb. Həm də nəzərə almaq lazımdır ki, Kobani terrorçuların ələ keçirdikləri ərazilərin birləşdirilməsi üçün vacib nöqtədir. Hesab edirəm ki, Türkiyə sərhədlərində müharibənin və terrorçuluğun geniş yayılmasına Qərb hər vəchlə dəstək verəcək. Türkiyənin də xaosa sürüklənməsi ümumilikdə müsəlman dünyasının tamamilə çökdürülməsi demək olacaq”.

İsmayıl