“Azərbaycan Gürcüstan üçün həyati əhəmiyyətə malik ölkədir” - Politoloq





"Zurabişvili prezident seçildikdən sonra region ölkələri arasında ilk rəsmi səfərini Azərbaycana edir”.

Bunu "Sherg.az”a açıqlamasında politoloq Ceyhun Əhmədli deyib.

Ekspert bildirib ki, bunun özü çox mühüm göstəricidir:

"Təsəvvür edin, yerləşdiyimiz regionda Rusiya, İran, Türkiyə kimi mühüm geosiyasi aktorlar ola-ola, Zurabişvili ilk olaraq məhz Azərbaycana gəlməyi vacib sayır.

Bu, ondan xəbər verir ki, Azərbaycan Gürcüstan üçün həyati əhəmiyyətə malik ölkədir.

Hər iki ölkənin iştirakı ilə ərsəyə gələn meqa layihələr də bunu deməyə əsas verir. Gürcüstan Azərbaycanla əməkdaşlıq etdiyinə görə həm özünün təbii qaza olan tələbatını böyük ölçüdə təmin edir, həm də tranzit statusuna görə əlavə iqtisadi dividentlər qazanır.

Nəzərə alaq ki, Gürcüstan özünün təbii qaza olan tələbatının 95 faizdən də çox hissəsini Azərbaycanın hesabına ödəyir”.

Siyasi şərhçinin sözlərinə görə, Azərbaycan və Gürcüstan təkcə ikitərəfli yox, həm də üçtərəfli və dördtərəfli əməkdaşlıq platformalarında çox uğurla iştirak edirlər:

"Azərbaycan-Gürcüstan-Türkiyə və Azərbaycan-İran-Gürcüstan-Türkiyə çoxtərəfli əməkdaşlıq formatları bunun ən yaxşı nümunəsidir.

Azərbaycan bu 3 ölkə ilə eyni platformada əməkdaşlığa nail olmaqla həm də düşmən ölkə olan Ermənistanın geosiyasi təcridini təmin etmiş olur.

İki ölkə arasında tarixən dostluq və qardaşlıq əlaqələri mövcud olub. Gürcüstanın ərazi bütövlüyü uğrunda onlarla azərbaycanlı şəhidlik zirvəsinə yüksəlmişdir.

Gürcüstan dövləti çətinə düşdüyü anlarda Azərbaycan hər zaman öz kömək əlini uzatmışdır.

2008-ci ilin avqust ayında baş verən Rusiya-Gürcüstan münaqişəsində bu dəstəyin əyani şahidi olduq”.

Analitikin fikrincə, bütün bu xoş məqamlara baxmayaraq, bu gün Gürcüstan-Azərbaycan münasibətlərinə xələl gətirə biləcək hallar da yaşanır: "Gürcüstanda erməni terrorçuya abidənin qoyulması, Gürcüstan vasitəsilə Ermənitsanı Rusiya ilə birləşdirən dəmir yolunun çəkilməsi istiqamətində aparılan işlər bizi çox narahat edir. Rəsmi Bakı müxtəlif kanallar vasitəsilə öz narazılığını bir neçə dəfə ifadə edib. Ümid edirəm, Zurabişvilinin səfəri həm də qeyd olunan problemlərin həllinə öz müsbət töhfələrini verəcək”.

İsmayıl