"Sumqayıt hadisələri ermənilərin təxribat xarakterli əməldir" - Sübutlar var

"Çünki baş verənlər gələcəkdə Qarabağı işğal etmək üçün bir bəhanə idi. Bunu hüquqi sənədlərlə isbat edən çoxlu sayda sübutlar və istintaq materialları var"
1988 ci il fevralın 27-dən 28-nə keçən gecə Sumqayıtda baş vermiş iğtişaşlar nəticəsində 32 nəfər həyatını itirdi. Onlardan 26-sı erməni, 6-sı isə azərbaycanlı idi.
Sumqayıt hadisələri əslində həmin dövrdə ermənilərin təşkil etdiyi bir ssenari idi. Bunu sübut edən kifayət qədər faktlar var. Lakin düşmən tərəf hər zaman uydurma bəyənatlar verərək bir növ özlərini sığoratalamağa çalışırlar. Ermənilər Xocalıda baş verən soyqırımla Sumqayıt hadisələrini bir növ müqayisə edərək özlərini təmizə çıxartmaq üçün saxtakarlıq etsələr də, mövcud faktlar onların iç üzünü ortaya qoyur.
Hadisənin bilavasitə şahidlərinin ifadələrindən görünür ki, iğtişaşları təşkil edən şəxslər sumqayıtlı olmayıblar. Onlar öz aralarında bəzi hallarda erməni dilində danışıblar, Azərbaycan dilini isə təmiz biliblər və hadisələr zamanı insanlar arasında ermənilər əleyhinə təbliğat aparıblar, camaata spirtli içkilər, güclü təsiredici həblər, dəmir parçaları və s. paylayıblar.
Məlum olduğu kimi, bu hadisələr bir qrup azğınlaşmış dəstə tərəfindən törədilib. Həmin dəstəyə isə Qriqoryan Eduard Robertoviç adlı erməni başçılıq edib. Qriqoryanın həmin dəstənin ən fəalı olması şahid ifadələri əsasında sübut olunub.
Sumqayıt hadisəsinin azərbaycanlılara qarşı böyük bir təxribat olduğunu deyən politoloq Natiq Miri "Sherg.az” a bildirib ki, bu təxribatın arxasında Rusiya və erməni xüsusi xidmət orqanlarının ciddi fəaliyyəti var: 
"Konkret olaraq Rusiyanın bu işi aparan istintaq orqanlarında baş verənlər sübutlarla birmənalı olaraq sənədlərdə öz əskini tapıb. Rusiyanın hüquq mühafizə orqanları və istintaq prosesinə daxil olan bütün şəxslər, müstəntiqlər, hətta siyasət adamları belə Sumqayıt  hadisəsinin böyük təxribat hadisəsi olduğunu bilirlər. Eyni zamanda bu hadisənin süni olaraq Ermənistan və Rusiya xidmət orqanları tərəfindən törədildiyi həqiqəti də hər kəsə bəllidir. 
Bunu dəfərlərlə mediada dərc olunan bir çox etiraz məqalələrində müşahidə etmişik. Ona görə də məsələni təkzib etmək absurd olduğu qədər həqiqəti qəbul etməkdən çox uzaqdır. Bu gün Ermənistan rəhbərliyi səmimidirsə, bu faktı təkzib etməməlidir. Çünki həqiqətləri gizlətmək mümkün deyil. Ortada konkret hüquqi sənədlər, istintaq zamanı aparılan izahatlar var. Adicə həbs olunan Qriqoriyan adında təxribat hadisəsinin başında duran şəxsin istintaq izahatında konkret etirafları var. Ona görə də, bu gerçəkləri gizlətmək mümkün deyil.
Sumqayıt hadisəsi sıradan başlayan bir hadisə deyildi. Sumqayıtda olanlar süni törədilməklə əslində Dağlıq Qarabağ problemini yaratmaq üçün hazırlanan münqaişənin başlanğıcı olaraq dəyərləndirilir. Əslində məhz Sumqayıt hadisələrindən sonra bu proses başladı. Sovet ittifaqı çərçivəsində Mərkəzi Moskvada bir növ anti-Azərbaycan ovqatı kökləmək üçün süni olaraq düşünülmüş bir təxribat hadisəsi idi. Ona görə də Sumqayıtda baş verənlərin konkret adı təxribat xarakterli əməldir. 
Çünki baş verənlər gələcəkdə Qarabağı işğal etmək üçün bir bəhanə idi. Bunu hüquqi sənədlərlə isbat edən çoxlu sayda sübutlar və istintaq materialları var. Ona görə də kimsənin olanları təkzib etməyə nə gücü, nə də səviyyəsi çatar”.
Yeganə Bayramova