«Kəndə kitab» hərəkatı başlayır

Seyran Səxavət: "Arzu edirəm ki, bu ideya, bu təşəbbüs yarı yolda qalmasın"
"Zabitlər Evinə indiyədək hardasa 400-500 kitab göndərmişəm"



«Kəndə kitab» layihəsinə start verilib. Təşəbbüs isə Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü və xarici əlaqələr komissiyasının sədri, İctimai Televiziya və Radio Yayımları Şirkəti İctimai Yayım Şurasının üzvü, siyasi şərhçi, Əməkdar jurnalist Azər Həsrətdən gəlib.

Lent.az-ın xəbərinə görə, Kitabevim.az-da keçirilən bir tədbirdə çıxış edən Azər Həsrət qeyd edib ki, indi kitabların tirajı yüksək olmadığı üçün bir çox kənd kitabxanaları yeni ədəbiyyat ala bilmir.
"Düşünürəm ki, kənd kitabxanalarının ən yeni ədəbiyyatla təmin edilməsində biz də yardımçı olmalıyıq. Ona görə də hər kəsi öz kəndinin, elinin kitabxanasına müəlliflərin imzasıyla kitab bağışlamağa çağırıram”, – deyə o bildirib.

Kənan Hacının "Sonuncu dərviş” adlı yeni romanının təqdimatında etdiyi bu çıxışa Azər Həsrət onu da əlavə edib ki, təşəbbüsü irəli sürməklə bərabər ilk addımı da özü atır. O, bunun üçün Kənan Hacının yeni kitabını öz doğma kəndinin kitabxanası üçün imzalatdırdığını deyib.
"Mən təşəbbüsü irəli sürməklə bərabər dərhal da əmələ keçirəm. Artıq dostumuz Kənan bəydən yeni kitabını mənim doğma Dədəli kəndimin kitabxanası üçün imzalamağı xahiş etmişəm”, – deyən Azər Həsrət bu yolla yeni bir hərəkat başlayacağına əmindir.

Yazıçı-dramaturq Seyran Səxavət «Şərq»ə açıqlamasında «Kəndə kitab» təşəbbüsünü alqışladığını bildirdi:

- Bu təşəbbüsü ancaq alqışlamaq olar. Birmənalı dəstəkləyirəm. Düzdür, kitaba maraq azalıb, oxu mədəniyyətimizin səviyyəsi enib. 40 il əvvəl, sovetin qılıncının 4 tərəfə işlədiyi vaxtlarda «Zaman» xəbərlər proqramında göstərdilər ki, məşhur rəsm qalereyalarından sənət əsərlərini çıxarıb metronun içinə aparırlar. Orada nümayiş etdirəcəklər. Bunun səbəbi nədir? Bəzən adamlar əsərlərə tamaşa etməyə gedir, bəzənsə, əsərlər adamlara tərəf gedir. Bir növ, dağ-Məhəmməd (peyğəmbər əleyhissalam) məsəli – Dağ Məhəmmədə sarı getməzsə, Məhəmməd dağa sarı gedər. Bu da tarixi-psixoloji durumla bağlı olur həmişə. Elə bir dövrdür ki, əsərlərə tərəf gediş azalıb, səngiyib. Belədə gərək əsərlər adamlara tərəf getsin. Ona görə də bu təşəbbüsü dəstəkləyirəm və öz kitablarımı da verməyə hazıram. Mənə çoxlu kitablar hədiyyə edilib, edilir də. Mən də onları Zabitlər Evinin kitabxanasına hədiyyə edirəm. Orda bir ziyalı xanım çalışır, gəlir, kitabları aparır. Hərbi hissələrə də göndərirlər. Zabitlər Evinə indiyədək hardasa 400-500 kitab göndərmişəm.

S.Səxavət dəyərli təşəbbüslərin yarımçıq qalmamasını da arzu etdi:

- Biz çox təşəbbüskar xalqıq. Yaxşı təşəbbüslər, ideyalar irəli sürürük. İdeya da belədir ki, həmişə var. İnsanın ağlı var, ətraf mühiti var, gözəl ideyalar gəlir beyninə. Bir adamı aparıb quyunun dibinə salıb, ondan «sən nə düşünürsən, nə fikrin var?» soruşa da bilərik və o da yaxşı ideyalar verər. Əsas ideyaların reallaşması, icrasıdır. Bu məsələdə isə bəxtimiz o qədər də gətirməyib. Həmişə bəh-bəhlə başlayırıq, amma sonra, yenə də öz xasiyyətimizə uyğun olaraq «zaryadkamız» gözlənilmədən qurtarır, işimiz yarımçıq qalır. Arzu edirəm ki, bu ideya, bu təşəbbüs yarı yolda qalmasın. Mənzil başına çatsın.

S.Səxavət bu gözəl təşəbbüsün onu bir tərəfdən kədərləndirdiyini də söylədi:

- Amma təəssüf ki, mən öz doğma kəndimə kitab göndərə bilməyəcəm. Mənim kəndim – Yağlıvənd təkcə Füzuli rayonunun yox, ümumilikdə Qarabağın ən böyük kəndi idi. Bizim kəndin orta məktəbi, SSRİ-də yeganə orta məktəb idi ki, özünün yataqxanası vardı. Ətraf kəndlərdən bizim məktəbə təhsil almağa gəlirdilər. Məktəbimizin möhtəşəm kitabxanası vardı, kolxozun da kitabxanası vardı. 6-cı, ya 7-ci sinifdə oxuyurdum, Drayzerin «Dahi» əsərini çox gözəl, mükəmməl tərcümədə, akademik Aslan Aslanovun şeirlər kitabını da o kitabxanadan alıb oxumuşdum. Bu mənim oxuduğum ilk şeirlər kitabı oldu. Təki kitablar oxunsun. Bunun üçün mən də nə kömək lazımdısa, hazıram.

Məlahət Rzayeva