BDU-da ciddi islahatlara ehtiyacı var

Ən əsas tələbə yataqxanası problemi həll olmalıdır. Ondan sonra BDU-nun elektron xidmətlər sistemi yaradılmalıdır
Kamran Əsədov: "Hesab edirəm ki, yeni təyinatdan sonra BDU-nun alimləri qrant layihələrdə daha çox iştirak edəcəklər"


Bakı Dövlət Universitetinə yeni rektor təyin edilib. Prezident İlham Əliyevin sərəncamı ilə Elçin Babayevi BDU-ya yeni rektor təyin edib. E.Babayev 1965-ci ildə Naxçıvanda doğulub. Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktorudur.

O, bu təyinata qədər Elmin İnkişafı Fondunun icraçı direktoru vəzifəsində işləyib.
Elçin Babayev eyni zamanda, AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) elmi işlər üzrə direktor müavini, ŞAR "Günəş və Günəş-Yer əlaqələrinin fizikası” şöbəsinin rəhbəri və AMEA "Azərbaycan Astronomiya Jurnalı”nın baş redaktor müavinidir.

BDU-ya rektor təyin olunan E.Babayevi çox yaxşı tanıdığını vurğulayan təhsil eksperti Etibar Əliyev 1981-86-cı illərdə E.Babayevlə Bakı Dövlət Universitetinin Fizika fakültəsində oxuduqlarını qeyd edib: "Sonra təyinatla Kosmik Tədqiqatlar Elm - İstehsalat Birliyində işləmişik. Onun psixoloji portretini belə cızardım: öz üzərində çalışan, möhkəm xarakterli və intizamlıdır. Hər halda ona çox böyük vəzifə həvalə olunub. Universitetin tarixində yaxşı rektor kimi qalmaq şansı var. Bu şansı itirməməlidir. Bununla yanaşı bu il Bakı Dövlət Universitetinin yaranmasının 100 illiyi təntənəli şəkildə qeyd olunacaq. 100 yaşlı Universitetin rektoru üzərində bu tarixin də məsuliyyətini hiss etməlidir. Onun 100 gününü isə mütləq təhlil edəcəm. Tələbə yoldaşımızı təbrik edir, ona uğurlar arzulayıram”.

Son illər Azərbaycan təhsilinin inkişaf yolunda olduğunu vurğulayan təhsil eksperti Kamran Əsədov isə "Şərq”ə açıqlamasında ali məktəblərin bu inkişafdan kənarda qaldığını və müasir çağırışlara cavab vermədiklərini böyük təəssüf hissi ilə qeyd edib. Onun sözlərinə görə, bunun əsas səbəbi onların fəaliyyətindəki müddətsizlik ilə bağlıdır: 

"Bilirsiz ki, ölkə prezidenti qanunvericiliyə dəyişiklik etdi və bundan sonra dövlət universitetlərinə rektorlar 5 il müddətinə rəhbərlik edəcəklər.

Hesab edirəm ki, rektorların 5 il müddətinə təyin olunması universitetlərin fəaliyyətinə ciddi şəkildə müsbət təsir göstərəcək. Çünki 5 il sonra fəaliyyətində irəliləyiş olmayan rektorların yenidən təyin olunması çətin olacaq. Ona görə də universitetlər əmək bazarının tələbinə cavab verən kadr hazırlığı həyata keçirməkdə, dünya reytinqində irəli getməkdə maraqlı olacaqlar.

Fəaliyyəti hər hansı bir zamanla məhdudlaşmayan rektorlar dünya səviyyəli universitet olmağı hədəfləmir və bu baxımdan elmi-tədqiqat potensialını gücləndirməyi əsas vəzifə kimi qarşılarına qoymurlar. Amma bundan sonra fəaliyyəti dövründə müsbət tendensiya olmayanlar növbəti dəfə seçilməyəcəklər. Burda neçə dəfə seçilməsi nəzərdə tutulmur. Bu ancaq bundan sonra təyin olunacaq rektorlara aiddir”.

K.Əsədovun sözlərinə görə, Elmin İnkişafı Fondunun icraçı direktoru vəzifəsində işlədiyi müddətdə Elçin Babayev daima təhsilin inkişafı istiqamətində mühüm layihələrin icrasında iştirak edib:

 "Bu gün də ali təhsil müəssisələrində elmin inkişafı, populyarlaşdırılması vacib amillərdəndir. Hesab edirəm ki, yeni təyinatdan sonra BDU-nun alimləri qrant layihələrdə daha çox iştirak edəcəklər.
Bakı Dövlət Universiteti Azərbaycanın flaqman, ən böyük Universitetidir. Ətrafında çox böyük insan kütləsini toplayıb. Təəssüf ki, son illərdə universitetin həm beynəlxalq reytinqi, həm də yerli reytinqi geriyə gedirdi. Düşünürəm ki, BDU-da ciddi islahatlara ehtiyac var. Ən əsas universitetin tələbə yataqxanası problemi həll olmalıdır. Ondan sonra BDU-nun elektron xidmətlər sistemi yaradılmalıdır. Onun ardınca xaricdən tələbə qəbuluna ciddi diqqət yetirmək lazımdır. Düşünürəm ki, BDU-da elmi-tədqiqat işlərinin istiqaməti dəyişməlidir. Daha çox kapital, gəlir əldə edilməsi istiqamətində fəaliyyətə yer verilməlidir.

Təklif edirəm ki, yeni rektorun qəbul günləri çoxalsın. 20 mindən çox tələbəsi olan bir universitetdə həftənin 2 günü (təxmini 3 saat) rektorun qəbul günü olması çox gülünc vəziyyətdir. Bundan başqa, elə şərait yaradılsın ki, rektorun cangüdənə, xüsusi bir maşın mühafizəyə ehtiyacı olmasın. Əvvəlki rektorların dövründə rektorun qəbuluna düşmək prezidentin qəbuluna düşməkdən çətin idi. Rektor əlçatan olmalıdır. BDU-da tələbələr rektorun qəbuluna düşə bilmək üçün 3-4 qapı keçməlidir, amma çox vaxt elə birinci qapıdan "kəsilirlər””.

K.Əsədovun fikrincə, tələbələrlə tez-tez görüş keçirilməsini, istedadlı gənclərə maddi və mənəvi kömək olunmasını, onların öz biliklərini daha da artırması üçün xarici ölkələrə göndərilməsini görmək əla olardı: 

"Tələbələr rahatlıqla rektorlarına yaxınlaşa bilsinlər. Rektor-tələbə dostluğunu, onun tələbələrin yanında olduğunu görmək xoş olardı. Yeni rektora təklif edirəm ki, müntəzəm olaraq tələbələr arasında anonim yazılı sorğular keçirilsin. Onların müxtəlif məsələlərlə bağlı problemləri, çətinlikləri, fikirləri və təklifləri öyrənilsin. Bundan başqa, BDU-da dərs saatlarına yenidən baxılsın. Elə dərs saatları olmalıdır ki, şəhərdə tıxacın azalmasına da təsir etsin. Yəni bəzi universitetlər kimi, dərs saatının 08:30-da deyil, 09:00-da olmasını təklif edərdim. Bu həm də uzaqdan gələn tələbələrin dərsə gecikməməsinə şərait yaradar. Eyni zamanda işləmək imkanı olan tələbələrə şərait yaradılmalıdır. Xarici ölkələrdən peşəkar müəllimlər dəvət olunmalı, gənc müəllimlərə imkanlar açılmalıdır.
Nəzərə alsaq ki, bu il BDU-nun 100 yaşı olur, deməli, adına, yaşına uyğun islahatlar həyata keçirilməlidir. Ümid edirəm ki, yeni rektor 5 illik fəaliyyəti dövründə BDU-nun əvvəlki nüfuzunu bərpa edəcək”.

Şəymən