Keçirilən genişmiqyaslı hərbi təlimlər əslində müharibəyə hazırlıq prosesidir
Düşmənin başına od, alov töküləcək
Bu dəfə hücum təyinatlı silahları daha çox görürük
Keçirilən genişmiqyaslı hərbi təlimlər əslində müharibəyə hazırlıq prosesidir
Keçirilən genişmiqyaslı hərbi təlimlər əslində müharibəyə hazırlıq prosesidir
Ordumuz genişmiqyaslı təlimlərə başlayıb. Təlimlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilir. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında həyata keçirilən genişmiqyaslı təlimlər martın 11-dən 15-dək davam edəcək.
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı da "Şərq”ə açıqlamasında deyib ki, təlimlərin tərəflər arasında toqquşmaya gətirib çıxarması istisna deyil.
Keçirilən hərbi təlimlərin adi təlim olmadığını deyən QAT sədrinin sözlərinə görə, Dağlıq Qarabağ problemini istənilən yolla həll etmək hüququnu özündə saxlayan Azərbaycan ordusunun da mövqeyi ortadadır: "Biz torpaqlarımızın işğal faktı ilə heç vaxt barışmayacağıq və ərazi bütövlüyümüzün bərpası üçün müvafiq addımlar atacağıq. Danışıqlar prosesi davam etsə də, Azərbaycanın səbr kasası çoxdan daşıb. Bu səbəbdən biz sülh danışıqları ilə paralel hərbi hazırlıq tədbirləri də görürük. Keçirilən hərbi təlimlər də məhz bu prosesin bir hissəsidir”.
Azərbaycanın irimiqyaslı təlimlərə başlamasının çox təqdirəlayiq bir hal olduğunu vurğulayan A.Nağı hesab edir ki, Azərbaycan Silahlı Qüvvələrinin bu gün həyata keçirdiyi praktiki hərbi təlimlər ordumuzun müharibəyə hazır olduğunu bir daha sübut edir: "Silahlı Qüvvələrimizin müasir hərbi texnikalarla təchiz olunması ordumuzun yüksək döyüş hazırlığına yiyələnməsini təmin edir. Azərbaycanın torpaqları azad etmək istiqamətində qətiyyətli olması və ordumuzun gücü isə ermənilərin hər gün bir az daha təşvişə düşməsinə gətirib çıxarır. Əslində Azərbaycan Ordusunun təlimlərindən təşvişə, qorxuya düşməlidirlər, çünki onlar qanunsuz olaraq başqa torpaqlarda yerləşiblər. Onlar gözəl anlayırlar ki, Azərbaycan gec-tez bu torpaqları qaytaracaq”.
Martın 11-də Azərbaycan ordusunun 2019-cu ilin ilk irimiqyaslı hərbi təlimlərinə başladığını vurğulayan hərbi-siyasi icmalçı Ramil Məmmədlinin fikrincə, təlimə çıxarılan texnikaların təyinatlarına baxdıqda əsas məqsədin Silahlı Qüvvələrin hücum imkanlarını təkmilləşdirmək və genişləndirmək, həmçinin də təcrübə bazasını daha da mükəmməlləşdirmək olduğu aydın görünür: "Elə Azərbaycan ordusunun silah arsenalına baxdıqda da biz hücum təyinatlı silahların daha çox olduğunu görürük. Budəfəki təlimlərdə ordumuz hücum əməliyyatının hazırlanmasını, düşmənə bir neçə istiqamətdə zərbə vurulmasını, onun müdafiə xəttinin yarılmasını, düşmən ərazisinin dərinliyindəki strateji obyektlərə raket-artilleriya zərbələrinin endirilməsini məşq edəcək. Sadaladığım məqamlar Azərbaycan Müdafiə Nazirliyinin rəsmi açıqlamasından olan tezislərdir. Belə olan təqdirdə ordumuzun bu təlimlərini müharibəyə hazırlıq kimi dəyərləndirməliyik.
Azərbaycan Silahlı Qüvvələrinin son illər keçirdiyi bütün təlimlər həmçinin Ermənistana ciddi ismarışdır. Dövlətimiz açıq şəkildə Azərbaycanın düşmənlərinə "Biz hücum edəcəyik” deyə, ismarış verir və bunu ordunun təlimləri ilə, öz silahlarını nümayiş etdirməklə bəyan edir”.
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar prosesinin dalana dirəndiyini vurğulayan hərbi ekspert hesab edir ki, belə bir vaxtda Azərbaycanın hücum xarakterli irimiqyaslı hərbi təlimlərə başlamasına ötəri baxmaq olmaz:
"Hər nə qədər hər iki ölkənin Xarici işlər nazirləri səviyyəsində xalqların sülhə hazırlanması prosesi müzakirə olunsa da, Ermənistanın baş naziri Nikol Paşinyan kompromisin olmayacağına dair bəyanatlar verir. Onun Dağlıq Qarabağa səfəri və Ermənistanın Təhlükəsizlik Şurasının iclasını işğal altında olan ərazilərimizdə keçirməsi Ermənistanın torpaqlarımızı sülh yolu ilə qaytarmaq niyyətində olmadığını göstərir. Bu vəziyyətdə Azərbaycan dövləti öz mövqeyini Ermənistana bəyan edir.
Müharibənin qaçılmaz olduğunu ermənilər də yaxşı anlayır, amma heç bir erməni Azərbaycan ərazilərini geri qaytarmaq məsuliyyətini öz üzərinə götürmək istəmir. Düşünürəm ki, vəziyyəti ancaq Ermənistanın danışıqlar masasına oturması və qarşılıqlı güzəştə getməsini bəyan etməsi yumşalda bilər. Əks təqdirdə, növbəti aprel əməliyyatı qaçılmaz ola bilər. Təlimlərin ruhu rəsmi Bakının müharibə hazırlığını bəyan edir. Qarşıda dayanan başlıca məqsəd də ərazi bütövlüyümüzün bərpasıdır”.
Azərbaycanın keçirdiyi təlimlərdən sonra Ermənistan ordusunun da adekvat addım atacağını istisna etməyən R.Məmmədli deyib ki, əgər ermənilər bizim təlimlərdən dərhal sonra irimiqyaslı təlimlərə başlasalar, bu da onların mövqeyini bir daha bəlli edəcək.
Şəymən