“Bankirlər Milli Məclisə çağırılsın”

Vahid Əhmədov: “Onların iştirakı ilə iclas keçirək və problemlərin həlli yollarını axtaraq”
Siyavuş Novruzov: “Camaat borca düşür, mənzilləri əlindən alınır. Əhali bu pulu ödəmək üçün ya oğruluqla, ya da narkotik alveri ilə məşğul olmalıdır”


"Hökumət 2015-ci ilin dövlət büdcəsində ipoteka kreditlərinə ayrılan vəsaitin həcmini artırmalı, şərtləri yumşaltmalı və imkansız ailələr üçün sosial mənzillərin tikintisini həyata keçirməlidir”.

Bu sözləri millət vəkili Qənirə Paşayeva gələn ilin dövlət büdcəsi layihəsinə münasibət bildirərkən deyib. Xanım deputat bildirib ki, bu gün minlərlə ailə mənzil problemindən əziyyət çəkir: "Çoxlu sayda ailələrin probleminə xüsusi diqqəti ayıraraq imkansız, maddi imkanları aşağı olan ailələrin mənzillə təminatı istiqamətində ipoteka ilə yanaşı, daha güzəştli şərtləri özündə ehtiva edən layihələrə ehtiyac var. Qardaş Türkiyədə TOKİ sistemi var. Dünyada bu istiqamətdə müsbət təcrübələri öyrənərək təcili addımlar atılmasına ehtiyac duyulur. Həmçinin bu gün orta məktəb müəllimlərinin böyük bir hissəsi ipotekadan yararlana bilmirlər. Bu məsələ həllini tapmalıdır. Orta məktəb müəllimləri ipoteka üçün müraciət edəndə onların əmək haqlarının ipotekanın ödənişi üçün lazım olan standartlardan aşağı olması əsas gətirilir və onların bir çoxu dövlətin bu sistemindən yararlana bilmirlər. Müəllimlərin ipotekadan lazımi səviyyədə mənzil probleminin həlli istiqamətində yararlana bilməsi üçün mexanizmlərə ehtiyac var. Mən hökuməti gələn ilin büdcəsində bu məsələni həll etməyə çağırıram. Bu, müəllimlərimiz üçün böyük dəstək olardı”.

Hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov bəzi həmkarlarımın Azərbaycanı Ermənistanla müqayisə etməsini düzgün saymır. Millət vəkili həmkarlarını Azərbaycanı Rusiya, Avropa ölkələri ilə müqayisə etməyi məsləhət görür. S.Novruzov kreditlərdən də danışaraq, bunun əhali üçün problem yaratdığını diqqətə çatdırıb: "Camaat borca düşür, mənzilləri əlindən alınır. Əhali bu pulu ödəmək üçün ya oğruluqla, ya da narkotik alveri ilə məşğul olmalıdır. İpoteka krediti ilə bağlı da problemlər mövcuddur”. Müəllimlərin sosial durumu barədə danışan deputat deyib ki, Azərbaycanda müəllimlərin sayı Amerikadakından üç dəfə artıqdır: "Buna görə islahat aparılmalıdır və müəllimlərin əmək haqları da bundan sonra artırılmalıdır. Deyirlər ki, guya təhsil sahəsində islahat aparılır. Gah deyirlər Boloniya sistemi, gah da kurrikulum tətbiq olunur. Bunlar heç bir nəticə verməyib”. YAP-çı deputat məktəblilərin hərbi hazırlıq səviyyəsinin aşağı olmasını da spiker Oqtay Əsədovun diqqətinə çatdırıb: "Oqtay müəllim, gedin məktəblərin qabağındakı şagirdlərə baxın. Onların çoxu hərbi hazırlıqdan məhrumdur və Azərbaycan ordusu üçün münasib deyil. Bizə oxumaq da lazımdır, Nobel mükafatı almaq da. Amma bunlar qədər bizə əsgər də lazımdır. Sabah İŞİD gələndə biz onun qabağına bəstəkar yox, əsgər çıxaracağıq. Ona görə də yaxşı olar ki, bu məsələ diqqətdə saxlanılsın”. Millət vəkili həmçinin siyasi partiyalara da vəsaitin artırılmasını münasib bilib.

Spiker Oqtay Əsədov isə deyib ki, siyasi partiyalara vəsaitin artırılması üçün partiyaların sayı çoxalmalıdır.

"Azərbaycanda 60 milyon dollarlıq reklam verilməsinə baxmayaraq, gəlir 26 milyon dollardır. Bu onu göstərir ki, reklam sahəsində "kölgə iqtisadiyyatı” hökm sürür”. Bunu isə iqtisadçı deputat Vahid Əhmədov deyib. Onun sözlərinə görə, 2015-ci ilin dövlət büdcəsinin icrasında problemlər yaşanmayacaq. O, bunu büdcənin sosial və investisiya yönümlü olması ilə əlaqələndirib.

Deputat neftin qiymətinin müəyyənləşməsi ilə bağlı yaranan polemikalara da münasibət bildirib: "Çoxları bizə bununla bağlı dərs keçir. Neftin qiyməti 80 dollara düşsə də, Azərbaycanda problemlər yaşanmayacaq. Bu gün ən ciddi məsələ xərc sisteminə nəzarətin olmamasıdır.

Hesablama Palatası böyük layihələrin yoxlanılmasına başlamalıdır. Yaxşı olardı ki, Hesablama Palatası kiçik yox, böyük investisiya qoyulan layihələrlə bağlı yoxlamalar aparsın”.

O, bankların kredit siyasətini də tənqid edib: "Mən spiker Oqtay Əsədova da təklif vermişəm ki, bankirləri Milli Məclisə toplayıb onların iştirakı ilə iclas keçirək və problemlərin həlli yollarını axtaraq”. V.Əhmədov əhalinin mənzil problemi məsələsini də bir daha gündəmə gətirib: "Azərbaycan hökuməti lazım olan yerlərdə sosial evlər tiksin, sosial ipotekalar verilsin”.

Deputat 2015-ci ilin dövlət büdcəsi layihəsində həkimlərin əmək haqları ilə bağlı yaranan tərəddüddən də söz açıb: "Dövlət büdcəsində əmək haqları qrafasında həkimlərin əmək haqlarının 0,6 faiz artırılması nəzərdə tutulub. Bu məsələyə aydınlıq gətirilməlidir”.

Anar